BAKI, TurkicWorld
78 illik Kəşmir münaqişəsi yenidən alovlanır - Hindistan və Pakistan müharibə astanasındadır.
TurkicWorld xəbər verir ki, Hindistanın Pakistanın 9 bölgəsini hədəf alan “Sindoor əməliyyatı” ilə Cənubi Asiyada vəziyyət yenidən kritik həddə çatıb.
Pakistanın sərt cavabı iki nüvə dövlətini yenidən hərbi qarşıdurma riski ilə üz-üzə qoyub. Bu gərginliyin mərkəzində isə 78 ildir davam edən və həllini tapmayan Kəşmir problemi dayanır.
Kəşmir münaqişəsinin kökü 1947-ci ildə Hindistan və Pakistanın müstəqillik əldə etdiyi dövrə gedib çıxır. Müsəlman əhalinin əksəriyyətdə olduğu Kəşmir bölgəsinin Hindistana birləşdirilməsi qərarı yerli etirazlara və birinci Hindistan-Pakistan müharibəsinə səbəb olub. BMT-nin vasitəçiliyi ilə 1949-cu ildə atəşkəs əldə olunsa da, təklif olunan referendum heç vaxt keçirilmədi və bölgə faktiki olaraq iki ölkə arasında bölünüb.
Sonrakı onilliklərdə Kəşmirdə dəfələrlə silahlı toqquşmalar, xalq üsyanları və sərhəd müharibələri baş verib. Xüsusilə 1999-cu ildəki Kargil müharibəsi və 2019-cu ildə Hindistanın Cammu və Kəşmirə verilən xüsusi statusu ləğv etməsi regiondakı vəziyyəti daha da gərginləşdirib. Hazırda bölgədə Hindistanın mövcud siyasətinə qarşı çıxan partiyalar seçkiləri qazansa da, Delhi hökuməti geri addım atmaq niyyətində deyil.
Qeyd edək ki, Kəşmir münaqişəsi nəticəsində on minlərlə mülki vətəndaş həyatını itirib. Pakistan hər il fevralın 5-ni “Kəşmir Həmrəylik Günü” kimi qeyd edərək beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltməyə çalışır. Son hadisələr isə bu tarixi böhranın regional və qlobal təhlükəsizlik üçün hələ də ciddi təhdid yaratdığını bir daha göstərir.