UFAZ-da “Dəyərləndirmədən daha artığı: İşəgötürmənin real meyarları” adlı təlim keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, tədbirin spikeri – karyera məsləhətçisi Fəzilə Əsgərova işə qəbul prosesində namizədlərin necə dəyərləndirildiyi barəsində məlumatlar verib.
İnsan resursları üzrə mütəxəssis namizədlərin hansı meyarlar əsasında dəyərləndirildiyi, onlardan tələb olunan başlıca bacarıqlardan bəhs edib. Peşəkar uğurun əldə olunması məqsədilə bu bacarıqların inkişaf etdirilməsi, eyni zamanda, iş mühitinə uyğunlaşmaq üçün metodlara baxış keçirilib. Peşəkar əlaqələrin qurulması zamanı texniki biliklərdən əlavə, özünü təqdim etmək bacarığının da əhəmiyyətinə toxunulub.
Diqqət mərkəzində olan digər məsələ isə insan resursları sahəsinin incəliklərinin, peşə üzrə müasir biliklərin çatdırılmasından ibarət olub. Buraya namizədlər arasında seçim etmək strategiyaları, prosesin qanunvericiliyə uyğunluğu, işəgötürmə zamanı yol verilən xətalar, müsahibələrin effektiv təşkili kimi başlıca mövzular daxil idi.
Sual-cavab sessiyası ilə davam edən seminar karyerasına yeni başlayan tələbələrin əsas qayğılarını aradan qaldırıb vakansiyalara müraciətdə diqqət yetirilməli məqamları ortaya çıxarıb.
