“Kubinka”da “Vialon” MMC sakinlərlə razılaşmadan söküntü işləri aparır.
“Qafqazinfo” xəbər verir ki, Real TV sözügedən ərazidən süjet hazırlayıb.
Əlibəy Hüseynzadə və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində yerləşən binanın sakinləri bildirib ki, şirkətin işçiləri söküntü zamanı təhlükəli vəziyyət yaradır: “Bu şirkətə görə uşaqlarımı həyətə çıxara bilmirəm. Çünki uşaqlar olduğu halda belə daşları 4-cü mərtəbədən aşağı atırlar. Hər yer təhlükəlidir, qəzalı vəziyyətdədir”.
Vətəndaşların sözlərinə görə, şirkətin söküntü üçün icazəsi yoxdur: “Onların sənədi, rəsmi icazəsi belə yoxdur. İki ildir buradayam, evimi satmaq fikrim yoxdur. Şirkət bizimlə heç bir razılaşma əldə etməyib”.
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, “Vialon” şirkəti tərəfindən həmin ərazidə məktəb tikintisi nəzərdə tutulub: “Bu işlər vətəndaşlarla qarşılıqlı razılaşma əsasında aparılmalıdır. Tərəfimizdən dəfələrlə sərəncamda göstərilmiş razılaşma şərtlərinə əməl olunması ilə bağlı “Vialon” şirkətinə rəsmi xəbərdarlıqlar edilib. Şirkətə vətəndaşlarla tam razılaşma aparıldıqdan sonra söküntü işlərininin başlanması tövsiyə olunub”.
Daha ətraflı videomaterialda: