AZ

Oyuncaqlara bağlılıq: Sadə bir vərdiş, yoxsa daxili dünyanın səssiz harayı?

Müasir cəmiyyətdə yeniyetmələrin davranışları və psixoloji ehtiyacları tez-tez müxtəlif müzakirələrə səbəb olur. Sosial şəbəkələrdə yayılan və geniş maraq doğuran bir görüntü – imtahan zamanı 9-cu sinif şagirdinin cibindən çıxan oyuncaqlar – bu məsələyə yenidən diqqət çəkib. Bu hadisə izləyicilər tərəfindən həm təəccüblə, həm də maraqla qarşılanıb. Bəzən uşaqlıq dövründə formalaşan emosional bağlılıq insanın yetkinlik illərində də davam edə bilər və bu, onun psixoloji vəziyyətinə əhəmiyyətli təsir göstərə bilər.
Məsələnin psixoloji tərəflərini Moderator.az-a şərh edən psixoloq Samirə Bağırova bildirib ki, gəlinciklər, oyuncaqlar çox vaxt uşaqlıqla, təhlükəsizlik hissi ilə, sevgi və qayğı ilə assosiasiya olunur:
“Əgər bir insan travmatik və ya emosional baxımdan çətin bir uşaqlıq keçirmişsə, oyuncaqlar onun üçün o dövrün unudulmuş, lakin arzulanan hisslərini xatırladan simvola çevrilə bilər. Bu hal, real həyatda qarşılaşdıqları mürəkkəb münasibətlərə və xaotik sosial mühitə bir növ cavab reaksiyası kimi meydana çıxır.  Bəzi insanlar üçün  oyuncaqlar sanki “canlı” bir varlıq kimi  də əvəz oluna bilir. Xüsusilə də tək yaşayan və ya daxilən tənhalıq hissi keçirən insanlar üçün gəlincik və digər yumşaq oyuncaqlar bir dost, həmsöhbət, hətta psixoloji dayaq funksiyasını daşıya bilər. Bəzən hər hansısa bir oyuncaq kimsə üçün  uğur gətirən, qoruyucu amulet rolunu da əvəz edə bilər. İnsan psixikasında “daxili uşaq” adlanan bir hissə mövcuddur və bu hissə ömür boyu bizimlə qalır. Oyuncaqlar  daxili uşağın təcəssümü kimi də, çıxış edə bilər. Onu əzizləmək  sanki öz içindəki incinmiş və ya ehtiyac duyduğu hissəyə sevgi vermək kimidir”.
 
Mehin Mehmanqızı
Seçilən
0
moderator.az

1Mənbələr