AZ

Həşərat qorxusu: Necə xilas olaq?

"Həşəratlara qarşı duyulan qorxu entomofobiya olaraq tanınır".

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu, insanların böcəklər, hörümçəklər, tarakanlar, habelə digər həşəratlardan qeyri-adi və davamlı şəkildə qorxmasıdır:

"Bu qorxu həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda və gündəlik fəaliyyətlərə mane ola bilər. Əslində, entomofobiyanın inkişafında bir neçə amil rol oynaya bilər. Birinci sırada əvvəlki travmatik təcrübələr gəlir. 

Əsasən həşəratların sancması və ya ciddi allergik reaksiyalar kimi hadisələr bu qorxunun yaranmasına səbəb ola bilər. Həmçinin, genetik və bioloji meyillilik də buna təsir edir. Daha dəqiq desək, ailə üzvlərində fobiya və ya narahatlıq pozuntuları olan şəxslərdə bu vəziyyətin inkişaf ehtimalı daha yüksək olur". 

372898

Ekspert qeyd edib ki, entomofobiyanın müalicəsi üçün bir neçə effektli yanaşma var:

"Birincisi, koqnitiv davranış terapiyasıdır. Bu terapiya şəxsin həşəratlar haqqında yanlış inanclarını müəyyən etməyə və onları daha real düşüncələrlə əvəz etməyə kömək edir. Sözügedən terapiya adətən 12-16 seans və ya daha çox davam edir və ev tapşırıqları ilə dəstəklənir".

Psixoloq söyləyib ki, ikinci variant isə ekspozisiya terapiyasıdır:

"Bu zaman şəxsi təhlükəsiz bir mühitdə tədricən həşəratlarla qarşılaşdıraraq qorxunu azaltmağa çalışırlar. Proses şəkillərdən canlı həşəratlara qədər müxtəlif mərhələlərdən ibarət olur".

Zəhra Zahidova sözlərini belə yekunlaşdırıb:

"Müalicənin müddəti şəxsin qorxusunun şiddətinə və terapiya ilə nə qədər fəal iştirak etdiyinə bağlı olaraq dəyişir. Ümumiyyətlə, ekspozisiya terapiyasının nəticələri uzunmüddətli olur və bir çox insanın qorxusu əhəmiyyətli dərəcədə azalır".

Pərviz

Seçilən
0
1
hit.az

2Mənbələr