BAKI, TurkicWorld
Avropa Parlamenti Türkiyə vətəndaşlarına viza asanlaşdırılması çağırışı edib.
TurkicWorld xəbər verir ki, Avropa Parlamenti (AP) Türkiyə vətəndaşlarının Şengen vizası ilə bağlı yaşadığı çətinlikləri nəzərə alaraq, Avropa İttifaqı ölkələrini viza proseslərini sadələşdirməyə çağırıb.
Bu çağırış, Aİ Komissiyasının illik hesabatı əsasında hazırlanan Türkiyə ilə bağlı sənəddə yer alıb.
Hesabatda vurğulanır ki, Şengen vizası üçün müraciətlərin artması və sistemdən sui-istifadə ilə bağlı narahatlıqlar Türkiyə vətəndaşlarının qarşılaşdığı problemləri daha da ağırlaşdırıb. AP bu vəziyyəti təəssüf hissi ilə qeyd edərək, Aİ-yə üzv ölkələri viza prosedurlarının insan resursları və texniki infrastruktur baxımından təkmilləşdirilməsinə çağırıb.
Parlament, xüsusilə işgüzar səfərlər və akademik mübadilə məqsədilə vizaların asanlaşdırılması istiqamətində tədbirlərin dəstəklənməsinin vacibliyini vurğulayıb. Bununla belə, vizasız səyahət məsələsində Türkiyənin hələ də bütün əsas meyarları tam yerinə yetirmədiyi qeyd olunub. Şərtlər yerinə yetirildiyi təqdirdə isə prosesin irəlilədilməsinə dəstək veriləcəyi ifadə olunub.
Qeyd edək ki, Türkiyə vətəndaşları üçün viza rejiminin liberallaşdırılması məsələsi uzun illərdir Aİ ilə münasibətlərdə əsas müzakirə mövzularından biridir. Bu məsələ, xüsusilə pandemiyadan sonra daha da mürəkkəbləşmiş viza prosedurları səbəbilə gündəmə yenidən gəlib.