ABŞ prezidenti Donald Trampın administrasiyası bu ilin əvvəlində ABŞ-dan deportasiya edilmiş üçüncü ölkələrdən olan immiqrantları öz ərazisində qəbul etmək təklifi ilə Ukrayna hakimiyyətinə müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Bildirilir ki, təklif yanvarın sonunda yüksək rütbəli amerikalı diplomat vasitəsilə Ukrayna tərəfinə çatdırılıb. Bu, ölkənin müharibə şəraitində olmasına və Amerikanın hərbi, maliyyə dəstəyindən asılı olmasına baxmayaraq, ABŞ-dan deportasiya edilmiş və Ukrayna vətəndaşı olmayan şəxslərin Ukraynada yerləşdirilməsini nəzərdə tuturur.
Sənədlərdə Kiyevin bu təklifə konkret necə cavab verdiyi göstərilmir. Sadəcə məlumdur ki, ukraynalı diplomat hökumətin rəsmi mövqeyi formalaşandan sonra ABŞ səfirliyinə cavab vermək niyyəti barədə məlumat verib.
Bundan əlavə, Tramp administrasiyası Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına başladıqdan sonra ABŞ-a gedən 240 minə yaxın ukraynalının müvəqqəti hüquqi statusunu ləğv etməyi düşünür. Bu addım onların deportasiyasına səbəb ola bilər.
Tramp bəyan edib ki, ölkəsinin sərt immiqrasiya siyasətini həyata keçirmək üçün “cəsarətli ədalət sisteminə” ehtiyacı var.