Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Məhərrəm Dadaşovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, Məhərrəm Dadaşov 08 iyun 2024-cü il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmrulla Əliyev küçəsində qeydə alınıb.
Belə ki, olaydan 1 saat əvvəl o, kafedə olarkən tanışı, zərərçəkmiş Ladiq Rüstəmovla (ad, soyadı şərtidir) aralarında sözlü mübahisə yaranıb. O, yaranmış mübahisəli söhbəti davam etdirmək adı ilə telefon vasitəsi ilə zərərçəkmişi sözügedən əraziyə - dəmiryolunun piyada keçidinin yaxınlığındakı yolun kənarına görüşə çağırıb. Söhbət zamanı Ladiq Məhərrəmin qolundan tutub. Təqsirləndirilən şəxs isə bunu cüzi səbəb kimi bəhanə edərək, heç bir söz demədən deşici-kəsici alətlə (bıçaqla) qəsdən bir dəfə onun qarın nahiyəsindən vurub.
Hadisədən sonra Məhərrəm Dadaşov saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Kamal Məmmədov