Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) inventarında yer alan “Tigerfish” torpedalarının döyüş başlıqları “Roketsan” şirkətinin istehsalı olan yerli döyüş başlıqları ilə əvəz edilib.
“Poliqon” “SavunmaSanayiST”ə istinadən xəbər verir ki, buna səbəb sualtı qayıqlardan atılan “Tigerfish” torpedalarının döyüş başlıqlarının istismar müddətinin başa çatması olub.
Bildirilib ki, “Roketsan” və Türkiyə HDQ-nin həyata keçirdiyi işlərdən sonra torpedalarının döyüş başlıqları yerli analoqları ilə əvəzlənib.
Bu çalışmaların nəticəsində xidmət müddəti artırılan “Tigerfish” torpedoları yenidən Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarına alınaraq sualtı qayıqlarda istifadəyə verilib.
Qeyd edilib ki, Türkiyə 1994-cü ildə hər “Tigerfish” torpedası üçün təxminən 840 min ABŞ dolları (bir ədədinin qiyməti) ödəyib. Bu gün isə bir ədəd müasir “Tigerfish” torpedosunun qiymətinin 3-3.5 milyon dollar civarında olduğu bildirilir. Görülən işlərlə Türkiyə Hərbi Dəniz Qüvvələri milyonlarla ABŞ dollarına qənaət edib.