AZ

USM müayinələri ilə bağlı hamilə qadınlara XƏBƏRDARLIQ

Ultrasəs müayinəsi (USM) sürətli və ağrısız müayinə üsuludur. Bu  diaqnostik üsul, xüsusilə hamiləlik dövründə daxili orqanların yoxlanılması, xəstəliklərin aşkarlanması üçün istifadə olunur.

Qeyd edək ki, USM şüaları ionlaşdırıcı deyil. Ancaq bəzən tez-tez ultrasəs müayinələrindən keçməyin sağlamlığa, hamiləlikdə körpəyə zərərli olub-olmamasıyla bağlı suallar yarana bilir.

Bizim.Media məsələylə bağlı ginekoloq Arzu Məhərrəmovanın fikirlərini öyrənib. Həkimin sözlərinə görə USM-nin istər hamilələrə, istərsə də digər xəstələrə bir ziyanı yoxdur.
 

Ancaq həkim vurğulayıb ki, bu müayinə lazımsız şəkildə, tez-tez aparılmamalıdır:


“Həkimlər xəstələri lüzumsuz vəziyyətdə USM-yə tez-tez göndərirsə, bu, pasient üçün həm zamanın getməsi, həm də maddi israfdır. Hamiləlik zamanı 3, bəzən 4 dəfə USM-dən keçilir. Bunu ilk olaraq  hamiləliyin 6-cı həftəsində ürək döyüntüsünü eşitmək, 11-14 həftə arasında ənsə qalınlığına baxmaq, genetik  xəstəliyin olub-olmamasını müəyyən etmək üçün yoxlayırıq. 16-22 həftədə isə bəzi anatomik qüsurların olub- olmaması, 28-40 və yaxud 31-34 həftə arasında aparılan yoxlamalar isə doğuma yaxın bəzi hallardan xəbərdar olmaq üçündür.

Hamiləliyində risklər olan və yaxud kimyəvi maddələrlə, rentgendə işləyən analar isə 3 dəfədən çox USM-dən keçirlər”. 

Arzu Məhərrəmova sonda müayinəyə göndərilən şəxslərə tövsiyə edib ki, həkimlərə "niyə məni bu müayinəyə göndərirsiniz?" sualını versinlər.

“Ümumiyyətlə, çox vaxt pasientlər USM-yə son nəticə, dəqiq diaqnoz kimi baxırlar. İstər hamiləlikdə, istərsə də digər hallarda USM-nin 70% dəqiqliyi var. Buna görə də xəstə bəzən bu müayinədən sonra digər MRT, KT və s müayinələrə göndərilir”.

Nəzrin Mirzəyeva, Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr