BAKI,TurkicWorld
Türkiyə Cümhuriyyəti və Türkmənistan hökümətləri arasında Aşqabadda “Ortak Türkmen-Türk Ümumi Təhsil Məktəbinə dair Anlaşma Memorandumu” imzalanıb.
TurkicWorld xəbər verir ki, anlaşma 6 may 2025-ci il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənərək rəsmi qəzetdə dərc olunub.
Anlaşmaya əsasən, Aşqabadda fəaliyyət göstərəcək məktəb Türkmənistanda yaşayan Türkiyə vətəndaşlarının, eləcə də boş yerlər olduğu təqdirdə xarici ölkə nümayəndəliklərinin əməkdaşları və iş adamlarının məktəb yaşlı uşaqları üçün təhsil imkanı yaradacaq.
Türkmənistan vətəndaşı olan uşaqların məktəbə qəbulu isə Türkmənistan Təhsil Nazirliyinin razılığı ilə müəyyənləşəcək və müsahibə yolu ilə həyata keçiriləcək. Məktəb Türkiyə təhsil sistemi əsasında ana sinfi (1 il), ibtidai məktəb (4 il), orta məktəb (4 il) və Anadolu Liseyi (4 il) səviyyələrində təhsil təklif edəcək.
Məktəbin maddi-texniki bazası, o cümlədən bina, avadanlıq və digər ehtiyaclar Türkiyə və Türkmənistan tərəfləri tərəfindən birgə təmin ediləcək. Gündəlik xərclərin 50 faizi Türkiyə, 50 faizi isə Türkmənistan tərəfindən ödəniləcək. Türkiyə tərəfindən ayrılan maliyyə vəsaitləri məktəbin hesabına köçürüləcək və Türkiyə qanunvericiliyinə uyğun idarə olunacaq. Məktəbin idarəetməsi Türkiyə Milli Təhsil Nazirliyi və Türkmənistan Təhsil Nazirliyinin razılığı ilə həyata keçiriləcək. Türkiyə tərəfindən təyin olunan direktor və müəllimlərin maaşları Türkiyə, Türkmənistan tərəfindən təyin olunanların maaşları isə Türkmənistan tərəfindən ödəniləcək.
Məktəbdə təhsil Türkiyə Milli Təhsil Nazirliyinin tədris proqramlarına əsaslanacaq, lakin Türkmənistan Təhsil Nazirliyinin razılığı ilə Türkmənistana aid dərslər kurrikuluma əlavə ediləcək. 12-ci sinfi uğurla başa vuran şagirdlərə Türkiyə qanunvericiliyinə uyğun olaraq Anadolu Liseyi diplomu veriləcək. Hər iki ölkə tərəfindən verilən sənədlər (diplom, transkript və s.) qarşılıqlı olaraq tanınacaq.
Sənəd Türkiyə Milli Təhsil Naziri Mahmut Özer və Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Sapardurdu Toylıyev tərəfindən imzalanıb. Anlaşma hər iki ölkənin təhsil sahəsində əməkdaşlığını gücləndirmək və gənc nəslə keyfiyyətli təhsil təmin etmək məqsədi daşıyır.