Kişilər dünyada qadınlara nisbətən 20 əsas sağlamlıq probleminin əksəriyyətindən daha çox ölürlər.
BAKU.WS The Lancet Public Health jurnalında dərc olunan yeni araşdırmaya istinadən xəbər verir ki, 2021-ci ildə kişilərin 20 əsas xəstəlik və xəsarət səbəbindən həm xəstələnmə, həm də ölüm halları qadınlara nisbətən daha çox olub. Bunlara COVID-19, yol-nəqliyyat qəzaları, ürək, qaraciyər və ağciyər xəstəlikləri daxildir.
Araşdırma göstərib ki, qadınlar adətən daha uzun ömür sürürlər, lakin həyatları boyu daha çox xəstəliklə üzləşirlər. Onlar arasında qeyri-ölümcül, lakin xroniki xəstəliklərə – əzələ-oynaq problemləri, psixi pozuntular və baş ağrıları daha çox rast gəlinir.
Tədqiqatçılar bu nəticəyə 2021-ci ilin Qlobal Xəstəlik Yükü Araşdırmasının məlumatlarını təhlil edərək gəliblər.
Məlum olub ki, kişilər COVID-19-a 45% daha çox yoluxur və qadınlarla müqayisədə 45% daha çox ölürlər. Bu fərq xüsusilə Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələrində daha kəskin müşahidə olunub.
Kişilər, həmçinin ürək xəstəliklərinə qadınlardan 45% daha çox tutulur və bu xəstəlikdən 45% daha çox ölürlər. Mərkəzi və Şərqi Avropa, eləcə də Mərkəzi Asiyada ürək xəstəliklərinin yükü daha ağırdır – kişilər arasında bu xəstəliklərin riski 49% daha yüksəkdir.
Tədqiqat onu da göstərib ki, kişilərdə daha çox rast gəlinən xəstəliklər adətən gənc yaşda ciddi təhlükə yaratmasa da, istisna olaraq 10–24 yaş arası kişilər arasında yol-nəqliyyat qəzaları geniş yayılıb.
Qadınlarda isə 2021-ci ildə bel ağrısı ən geniş yayılmış xəstəlik olub – bu problem onlarda kişilərə nisbətən 30% daha çox qeydə alınıb.
Əlavə olaraq, qadınlar kişilərdən fərqli olaraq sağlamlıq problemləri ilə daha erkən yaşlarda qarşılaşırlar və bu problemlər zamanla daha da ağırlaşır.