AZ

Mitya Blaqanye: “Azərbaycan və Sloveniya birgə BOEM layihələrinin regiondan kənara çıxması imkanını nəzərdən keçirir” - MÜSAHİBƏ

Sloveniya Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında körpü rolunu gücləndirərək iqtisadi diplomatiya, rəqəmsal innovasiyalar və davamlı inkişafı təşviq edir. Lyublyana üçün prioritetlərdən biri Azərbaycanla energetika və logistikadan başlayaraq əczaçılıq və yüksək texnologiyalara qədər ticarət və investisiya tərəfdaşlığının dərinləşdirilməsidir.

Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitya Blaqanye “Report”a müsahibəsində xarici investisiyaların cəlb edilməsi strategiyası, Orta Dəhlizin inkişafında iştirak perspektivləri, Azərbaycan şirkətləri ilə birgə müəssisələrin yaradılmasına maraq və rəqəmsal və infrastruktur əməkdaşlıq imkanları barədə danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Sloveniya İqtisadiyyat Nazirliyi həm də Azərbaycan və Cənubi Qafqaz ölkələrindən investisiyaların cəlb edilməsi istiqamətində nə kimi prioritet tədbirlər görür?

- Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyi xarici investisiyaların cəlb edilməsi üçün hərtərəfli strategiya həyata keçirir və Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsinə diqqət yetirir.

İkitərəfli biznes forumların və işçi qrupların təşkili əsas addımlar arasında yer alır. Parlaq nümunələrdən biri “SPIRIT Slovenia” və AZPROMO-nun dəstəyi ilə Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumudur. Forumda hər iki ölkədən İKT, tekstil, tikinti, turizm və maşınqayırma sahələrini təmsil edən 40-a yaxın şirkət iştirak edib.

Forum Azərbaycanın “Bestcomp Group” və Sloveniyanın “Kontron” şirkətləri arasında sazişin imzalanması ilə başa çatıb. Həmçinin birbaşa işgüzar və institusional əlaqələrin inkişafına yönəlmiş B2B və B2G formatında görüşlər keçirilib.

Biz Sloveniyanın yüksək potensiala malik olduğu sahələrə - rəqəmsallaşma, "ağıllı" istehsalat texnologiyaları, bərpa olunan enerji, idman infrastrukturu və biotexnologiyalara xüsusi diqqət yetiririk. Sloveniyanın “C-Astral”, “Kontron” və “Medex” kimi şirkətləri artıq Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırırlar.
İdman sektoru da həm infrastruktura investisiya qoyuluşu, həm də gənc istedadların dəstəklənməsi baxımından maraq doğurur.

Enerji sahəsində Azərbaycan təbii qazının tədarükündən başlayaraq innovasiyalar və dayanıqlı enerji sahəsində birgə fəaliyyətə qədər əməkdaşlığın genişləndirilməsinə yol açan anlaşma memorandumu imzalanıb. Bu da öz növbəsində, regionun və bütövlükdə Avropanın enerji təhlükəsizliyini gücləndirir.

Biz logistikaya və Orta Dəhlizdə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) iştiraka xüsusi diqqət yetiririk. Bu Avrasiya marşrutu çərçivəsində Azərbaycan və Sloveniya limanları arasında qarşılıqlı əlaqə perspektivli görünür.

Bundan əlavə, biz iqtisadi əməkdaşlığı regional sabitliyin gücləndirilməsi vasitəsi kimi nəzərdən keçiririk. İki ölkənin şirkətləri arasında möhkəm işgüzar əlaqələrin qurulması investisiya artımı, texnoloji mübadilə və innovasiyaların inkişafına töhfə verir.

Ümumilikdə, siyasətimiz Sloveniyanın yüksək texnoloji və dayanıqlı sahələrdəki güclü tərəflərindən Azərbaycan və Cənubi Qafqazın digər ölkələri ilə qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsi məqsədilə istifadə etməyə yönəlib.

- Sloveniya öz ərazisində ofis və ya logistika mərkəzləri açmaq istəyən xarici şirkətlərə hansı dəstək mexanizmləri və proqramlarını təklif edir?

- Sloveniya ölkədə ofis, istehsal obyektləri və ya logistika mərkəzləri açmaq imkanını nəzərdən keçirən xarici şirkətlər üçün dayanıqlı və səmərəli dəstək sistemi təklif edir.

İnvestorlarla işin əlaqələndirilməsini vahid pəncərə rolunu oynayan “SPIRIT Slovenia” agentliyi həyata keçirir. O, ərazi seçimindən və yerli tərəfdaşlarla əlaqələrin qurulmasından hüquqi və vergi məsələləri üzrə məsləhətləşmələrə qədər bütün mərhələlərdə strateji və praktiki dəstək göstərir.

İnvestorlar üçün maliyyə stimulları, infrastruktur üstünlükləri, azad iqtisadi zona, sadələşdirilmiş qeydiyyat prosesi, kiçik və orta sahibkarlıq və startapların dəstəklənməsi kimi bir sıra alətlər əlçatandır.

Xüsusilə dövlət sənaye, strateji xidmətlər sektoru, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə 500 min avrodan başlayan investisiyalar üçün subsidiyalar və qrantlar təqdim edir. Həmçinin startaplara investisiyalar və sosial həssas qrupların işə qəbulu zamanı korporativ verginin azaldılması daxil olmaqla vergi güzəştləri də mövcuddur.

Sloveniya Mərkəzi Avropa və Balkan ölkələri arasında ticarət marşrutlarının kəsişməsində strateji mövqeyə malikdir. Asiyadan Avropaya yükdaşımaların ən qısa yolunu təmin edən Koper limanı xüsusi əhəmiyyət kəsb edir. 2030-cu ilə qədər nəqliyyat infrastrukturunun - dəmir yolları, avtomobil yolları və logistika qovşaqlarının inkişafına 17 milyard avro investisiya qoyulması planlaşdırılır.

Koper limanı həmçinin ölkədə gömrük rüsumlarından azadolma və sadələşdirilmiş xarici ticarət prosedurları təklif edən yeganə azad iqtisadi zonadır.
Sloveniyada biznesin qeydiyyatı Aİ standartlarına son dərəcə uyğunlaşdırılıb və qismən onlayn qaydada da mümkündür. Həmçinin fərdi sahibkarlıqdan MMC-yə qədər (minimum nizamnamə kapitalı 7 500 avro) müxtəlif təşkilati-hüquqi formalar mövcuddur. Xarici şirkətlər əmək və miqrasiya qanunvericiliyinə uyğun olaraq yerli işçilər işə götürə və ya xarici mütəxəssislər cəlb edə bilərlər.

Bundan əlavə, “SPIRIT Slovenia” kiçik və orta müəssisələrlə, o cümlədən xarici startaplarla fəal işləyir. Təlim proqramları, rəqabət qabiliyyətinin artırılması üçün resurslar, həmçinin beynəlxalq sərgilərdə və B2B platformalarında iştirak üçün dəstək təqdim edilir.

Beləliklə, biz xarici şirkətlərin Sloveniya bazarında davamlı və uzunmüddətli mövcudluğu üçün maksimum əlverişli şərait yaratmağa çalışırıq.

- Azərbaycanın iştirakı ilə Avropa və Asiya arasında tranzit və ticarət marşrutlarının inkişafında Sloveniyanın rolunu necə qiymətləndirirsiniz?

- Geosiyasi dəyişikliklər - xüsusilə Ukraynada münaqişə və Yaxın Şərqdə qeyri-sabitlik fonunda Orta Dəhliz vasitəsilə Asiyadan Avropaya daxil olan yüklərin həcmi artım nümayiş etdirir. Bununla belə, bu gün onun payı məhdud olaraq qalır. Asiyadan Avropaya hər il göndərilən 10 milyondan çox konteynerlərin təxminən 96 %-i dəniz yolu, daha 4 %-i isə Transsibir magistralı ilə daşınır.

Orta Dəhliz daha sürətli və iqtisadi cəhətdən səmərəli marşrut kimi strateji potensiala malikdir. Sloveniya iqtisadi əsaslandırma və logistika təminatını nəzərdə tutan belə təşəbbüsləri dəstəkləməyə açıqdır. Biz Avrasiya ticarətinin dərinləşməsinə töhfə verən beynəlxalq nəqliyyat layihələrində iştirak imkanlarını nəzərdən keçiririk.

- Ümumi Avropa logistika strategiyasının elementi kimi Orta Dəhlizin inkişafında Sloveniyanın iştirak perspektivini necə qiymətləndirirsiniz və burada Azərbaycan hansı rolu oynaya bilər?

- Qlobal logistika marşrutlarında köklü dəyişikliklər şəraitində (Ukraynada müharibə səbəbindən) Orta Dəhlizə maraq əhəmiyyətli dərəcədə artıb. Azərbaycan bu prosesdə inkişaf edən infrastrukturu və mühüm liman və dəmir yolu qovşaqlarına malik tranzit ölkə kimi böyük rol oynayır.

Adriatik dənizində Sloveniyanın əsas dərin su limanı olan Koper limanı potensial olaraq Orta Dəhlizdə iştirak etməkdə maraqlıdır. İndiki mərhələdə biz əsas diqqəti logistik və kommersiya məqsədəuyğunluğunu qiymətləndirmək üçün lazımi məlumatların toplanması və təhlilinə yönəltmişik.

Hələlik Koper limanı vasitəsilə Azərbaycana daxil olan və ya oradan gələn yüklərin həcmi cüzi olaraq qalır. Lakin Gürcüstan limanları ilə Koper arasında - birbaşa və ya Türkiyə ərazisi vasitəsilə müntəzəm dəniz əlaqəsinin təşkili halında ssenari daha perspektivli olur. Bu, Çin və Mərkəzi Asiyadan malların Sloveniya vasitəsilə Mərkəzi Avropaya, həmçinin əks istiqamətdə çatdırılmasına yol aça bilər.

Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında avtomobil daşımalarının həcmi də hələlik orta olaraq qalır, lakin biz multimodal əlaqələrin gücləndirilməsi baxımından artım üçün potensial görürük.

- Hazırda Sloveniyaya tədarük olunan Azərbaycan təbii qazının həcmi nə qədərdir və gələcəkdə bu həcmin artırılması nəzərdən keçirilirmi?

- Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Sloveniyanın “Geoplin” operatoru arasında sazişin təfərrüatları məxfi olduğundan, konkret parametrlər açıqlanmır. Lakin hər iki tərəf əməkdaşlığın davam etdirilməsinə köklənib və biz enerji dialoqunun gələcək inkişafını alqışlayırıq.

2023-cü ildə Sloveniyada təbii qazın istehlak həcmi təxminən 0,8 milyard kubmetr təşkil edib. Sloveniya təchizat mənbələrini şaxələndirməklə öz enerji təhlükəsizliyini artırmağa çalışır və Azərbaycan bu istiqamətdə özünü etibarlı və potensial strateji tərəfdaş kimi təsdiqləyib.

- Sloveniya və Azərbaycan arasında birgə enerji layihələrinin, o cümlədən bərpa olunan enerji mənbələri (BOEM), kiçik hidroenergetika və dayanıqlı resurs idarəetməsi sahəsində layihələrin yaradılması mümkünlüyü nəzərdən keçirilirmi?

- Bəli, belə bir maraq mövcuddur və artıq praktiki inkişaf əldə edib. 2025-ci il aprelin 4-də Bakıda ölkələrimizin Energetika nazirlikləri arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd təbii qaz, bərpa olunan enerji mənbələri, enerji sistemlərinin rəqəmsallaşdırılması və hidrogen texnologiyalarının inkişafı kimi əsas istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsi üçün möhkəm əsas yaradır.

- Sloveniya və Azərbaycan arasında turizmin və işgüzar əlaqələrin inkişafına kömək etmək üçün birbaşa hava əlaqəsinin genişləndirilməsi planlaşdırılırmı?

- Sloveniyanın İnfrastruktur Nazirliyi və İqtisadiyyat, Turizm və İdman Nazirliyi ölkənin hava əlaqəsi sahəsində əlçatanlığını yaxşılaşdırmaq üçün səy göstərir və məqsəd Sloveniyaya və Sloveniyadan yeni birbaşa müntəzəm hava reyslərinin açılmasını stimullaşdırmaqdır. 2023-cü ilin aprel ayından "Sloveniyanın hava bağlantısının yaxşılaşdırılması" adlı müsabiqə proqramı həyata keçirilir ki, bu da Sloveniyanın beynəlxalq hava limanları ilə Avropa Ümumi Aviasiya Məkanı (ECAA) ölkələrindəki təyinat məntəqələri arasında yeni marşrutlar açan aviaşirkətlərə dövlət dəstəyini nəzərdə tutur.

Proqram beynəlmiləlləşməyə və birbaşa xarici investisiyaların cəlb edilməsinə kömək etməyə yönəlib. Proqram çərçivəsində birgə maliyyələşdirmə imkanının şamil olunduğu prioritet bazarlar müəyyən edilib. Bu günə qədər yeddi müsabiqə mərhələsi çərçivəsində beş benefisiar aviaşirkət seçilib, səkkizinci mərhələnin nəticələrinin elan edilməsi gözlənilir.

Eyni zamanda, biz aviasiya sektorunun davamlı inkişafı üçün uzunmüddətli həllər axtarırıq, çünki proqramın qüvvədə olma müddəti məhduddur. Sloveniya ölkənin nəqliyyat əlçatanlığının daimi və etibarlı şəkildə yaxşılaşdırılmasına töhfə verə biləcək aviadaşıyıcılarla müxtəlif əməkdaşlıq formalarına açıqdır və qarşılıqlı fəaliyyətin mümkün formalarını müzakirə etməkdə maraqlıdır.

- Sloveniyanın Avropa İttifaqının superkompüter və süni intellekt fabrikinin yaradılması ilə bağlı elan etdiyi tenderin qalibi olmasını nəzərə alaraq, Azərbaycanla süni intellekt, böyük verilənlər və sənayenin rəqəmsallaşdırılması sahəsində rəqəmsal əməkdaşlıq üçün potensial görürsünüzmü?

- Bəli, belə bir əməkdaşlıq üçün müəyyən potensial mövcuddur. Sloveniyanın Avropa İttifaqının qabaqcıl rəqəmsal texnologiya mərkəzlərindən birinin yerləşdirilməsi üzrə keçirdiyi tenderdə qalib gəlməsi süni intellekt, superkompüterlər və böyük verilənlər sahəsində ambisiyalarımızı vurğulayır.

Lakin Sloveniya süni intellekt fabrikinin işini tənzimləyən Avropa İttifaqının normativ çərçivələrini nəzərə alaraq, əməkdaşlıq yalnız müvafiq tələblərə riayət edilməklə mümkündür. Biz Azərbaycandan olan tərəfdaşlardan konkret təşəbbüsləri nəzərdən keçirməyə hazırıq - aydın şəkildə ifadə edilmiş təkliflər olduqda, mümkün qarşılıqlı fəaliyyət formatları təhlil ediləcək.

- Sloveniya Azərbaycanla avtomatlaşdırma, telekommunikasiya, logistika və infrastruktur üçün ağıllı həllər sahələrində texnoloji tərəfdaşlıq imkanlarını nəzərdən keçirirmi?

- Sloveniya və Azərbaycan arasında texnoloji tərəfdaşlığa maraq davamlı müsbət dinamika nümayiş etdirir. Xüsusilə avtomatlaşdırma, telekommunikasiya, həmçinin "ağıllı" logistika və infrastruktur həlləri perspektivli istiqamətlər hesab olunur. Ölkələr arasında son təmaslar bu sektorlarda əməkdaşlığın inkişafında qarşılıqlı marağın olduğunu təsdiqləyir.

2025-ci ilin aprel ayında Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumunda hər iki ölkənin şirkətləri İKT, avtomatlaşdırma və intellektual logistika sahələrində birgə təşəbbüs imkanlarını müzakirə edib. Forum çərçivəsində “Kontron” və “Bestcomp” şirkətləri arasında konkret texnoloji layihələr zəmin yaradan əməkdaşlıq memorandumu imzalanıb.

Forumda pilotsuz dəniz gəmiləri, dəniz daşımalarının avtomatlaşdırılması və metal konstruksiyaların istehsalı kimi mövzulara xüsusi diqqət yetirilib. Bu, tərəflərin infrastruktur və logistikada intellektual həllərin tətbiqinə artan marağını təsdiqləyir. Həmçinin göstərilən istiqamətlərdə gələcək addımları əlaqələndirən iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupu yaradılıb.

Sloveniya süni intellekt, əşyaların interneti və blokçeyn texnologiyalarının tətbiqi də daxil olmaqla, rəqəmsal transformasiyanı fəal şəkildə təşviq edir. İnkişaf etmiş telekommunikasiya infrastrukturu, o cümlədən 5G şəbəkələri ölkəni birgə texnoloji layihələrin həyata keçirilməsi üçün cəlbedici tərəfdaşa çevirir. Bütün bunlar yüksək texnologiyalı sektorlarda qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm təməl yaradır.

Bütövlükdə, Sloveniya nümayəndə heyəti 2025-ci ilin aprelində Bakıda iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət dövriyyəsinin həcminin artırılması və xarici investisiyaların təşviqinə diqqət yetirib. Əsas diqqət əczaçılıq və kimya sənayesi, bərpa olunan enerji mənbələri (kiçik su elektrik stansiyaları, fotovoltaika), informasiya və kommunikasiya texnologiyaları, tikinti, turizm və idman kimi sahələrə yönəldilib.

- Sloveniya şirkətləri Azərbaycan ərazisində infrastruktur və tikinti layihələrində iştirak etməkdə maraqlıdırmı?

- Bəli, Sloveniya şirkətləri xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində irimiqyaslı bərpa və inkişaf proqramları nəzərə alınmaqla Azərbaycanda infrastruktur və tikinti layihələrində iştiraka böyük maraq göstərir.

Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumu zamanı Sloveniyanın Baş nazirinin müavini və xarici və Avropa işləri naziri Tanya Fayon tikinti, infrastruktur və kiçik hidroenergetika sektorlarında əməkdaşlığın böyük əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Sloveniya şirkətləri belə layihələrdə iştirak etməyə və azad edilmiş ərazilərin bərpasına töhfə verməyə hazır olduqlarını bildiriblər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniya şirkətlərini bərpa işlərində iştirak etməyə dəvət edib və regional inkişaf çərçivəsində xarici investorlar üçün əlverişli şəraitin yaradıldığını vurğulayıb.

Bununla yanaşı, yaradılmış Azərbaycan-Sloveniya iqtisadi əməkdaşlıq üzrə işçi qrupu infrastrukturun tikintisi və modernləşdirilməsi də daxil olmaqla, konkret biznes imkanlarının müəyyən edilməsi və dəstəklənməsi üçün alət rolunu oynayır.

Bu təşəbbüslər hər iki ölkənin iqtisadi əməkdaşlığın genişləndirilməsi və davamlı inkişaf sahəsində tərəfdaşlığın gücləndirilməsi ilə bağlı ümumi strateji kursunu əks etdirir.

- Sloveniya istehsal güclərinin, o cümlədən sənaye və dəniz sektorlarının birgə modernləşdirilməsi və avtomatlaşdırılması imkanlarını nəzərdən keçirirmi?

- Bəli, belə imkanlar diqqət mərkəzindədir. 2025-ci ilin aprelində Bakıya səfər edən Sloveniya biznes nümayəndə heyətinə sənaye və dəniz sektorunda müasir texnoloji həllərin tətbiqi üzrə ixtisaslaşmış şirkətlər daxil idi.

Nümayəndə heyətinin bu sahələrə diqqət yetirməsi modernləşdirmə, rəqəmsallaşdırma və əməliyyat səmərəliliyinin artırılmasının rəqabətqabiliyyətlilik və davamlı inkişafın əsas amilləri olduğu sahələrdə beynəlxalq əməkdaşlığın inkişafına strateji yanaşmanı əks etdirir. Tərəflər istehsalın avtomatlaşdırılması, intellektual sistemlərin tətbiqi, enerji və logistika səmərəliliyinin artırılmasına yönəlmiş tərəfdaşlıqları inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

- Sloveniyanın kənd təsərrüfatı və qida sənayesində tətbiq olunan hansı texnoloji həllər Azərbaycan bazarına uyğunlaşdırıla bilər?

- Sloveniyanın aqrar-sənaye kompleksində məhsulların keyfiyyəti və izlənilmə səviyyəsinin artırılmasına yönəlmiş rəqəmsal və avtomatlaşdırılmış həllər fəal şəkildə tətbiq olunur. Bu, xüsusilə qida sənayesində istehsal proseslərinin avtomatlaşdırılmasını, təchizat zəncirlərinin optimallaşdırılması üçün süni intellekt sistemlərinin tətbiqini, rəqəmsal monitorinqi və resursların idarə edilməsini, təkmilləşdirilmiş markalama və məhsul keyfiyyətinə nəzarət sistemlərini əhatə edir.

Bu texnologiyalar bioiqtisadiyyata və dairəvi istehsal modellərinə sürətli keçidə töhfə verir. Sloveniyanın Kənd Təsərrüfatı, Meşə Təsərrüfatı və Qida Nazirliyi hesab edir ki, onların adaptasiyası Azərbaycan da daxil olmaqla digər ölkələrin aqrar-qida sektorunda son dərəcə faydalı ola və rəqabət qabiliyyətini artıra bilər.

- Kənd təsərrüfatı məhsullarının emalı və dayanıqlı aqrobiznes sahəsində əməkdaşlığı nə dərəcədə perspektivli hesab edirsiniz?

- Bu cür əməkdaşlığın perspektivləri yüksək qiymətləndirilir. Bu, hər iki ölkənin aidiyyəti qurumları arasında xüsusilə də davamlı inkişafa töhfə verən aqrar siyasətlərin hazırlanması və tətbiqi sahəsində təcrübə və bilik mübadiləsinə əsaslana bilər.

Sloveniya ekoloji cəhətdən təhlükəsiz kənd təsərrüfatı metodlarına, təbii resursların və biomüxtəlifliyin qorunmasına böyük əhəmiyyət verir. Bu prinsiplər beynəlxalq təcrübədə getdikcə daha çox tətbiq olunur və Sloveniya öz təcrübəsini Azərbaycandan olan tərəfdaşları ilə bölüşməyə hazırdır.

Daha geniş kontekstdə aqrobiznesin dayanıqlı inkişafı iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinin bir hissəsi kimi nəzərdən keçirilir, bura investisiyalar, texnologiya mübadiləsi və aqrar-sənaye sektorunda birgə layihələrin həyata keçirilməsi daxildir.

- Sloveniya şirkətlərinin Azərbaycan-Sloveniya biznes forumunda iştirakı “Kontron” və “BestComp” arasında imzalanmış sazişdən başqa daha hansı nəticələri olub? Digər sahələrdə əməkdaşlıqla bağlı ilkin razılaşmalar əldə edilibmi?

- Bəli, Azərbaycan-Sloveniya biznes forumu sazişin imzalanması ilə yanaşı, əlavə bir neçə əməkdaşlıq istiqamətinə də təkan verdi.

Əsas nəticələr arasında iki ölkənin şirkətləri arasında tikinti, infrastruktur, energetika və əczaçılıq kimi sektorlarda ilkin razılaşmalar var. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov vurğulayıb ki, forum Sloveniya şirkətlərinin azad edilmiş ərazilərin, xüsusilə Qarabağ və Şərqi Zəngəzurun bərpasında iştirakı da daxil olmaqla yeni işgüzar əlaqələrin qurulması və perspektivli layihələrin müzakirəsi üçün platforma rolunu oynayıb.

Forum çərçivəsində iqtisadi əməkdaşlığın gücləndirilməsinə, ticarətin və qarşılıqlı investisiya fəaliyyətinin inkişafına yönəlmiş Anlaşma Memorandumu da imzalanıb. Əczaçılıq sektorunda birgə istehsal imkanları müzakirə edilib ki, bu da səhiyyə və əlaqəli sahələrdə tərəfdaşlığın genişləndirilməsinə qarşılıqlı marağın olduğunu göstərir.

Bu gün Sloveniyada Azərbaycan kapitalı ilə 12 şirkət fəaliyyət göstərir və “Sloexport” platformasının məlumatına görə, Sloveniyanın 60-a yaxın şirkəti Azərbaycana məhsul ixrac edir. Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan coğrafi mövqeyi sayəsində Sloveniya biznesi üçün regional logistika və investisiya mərkəzi kimi böyük maraq doğurur.

- Azərbaycanlı tərəfdaşlarla üçüncü ölkələrin bazarlarına çıxmaq üçün birgə müəssisələrin yaradılması planları varmı? Hansı sahələrdə bu istiqamət daha perspektivli görünür?

- Bəli, birgə müəssisələrin yaradılması ölkələrimiz arasında gələcək əməkdaşlığın mühüm istiqaməti kimi nəzərdən keçirilir. Belə tərəfdaşlıq ikitərəfli əlaqələri gücləndirməklə yanaşı, həm də tərəflərin bir-birini tamamlayan üstünlüklərindən istifadə edərək üçüncü ölkələrin bazarlarına çıxışı təmin etməyə qadirdir.

Bakıda keçirilən biznes forumda Sloveniyanın Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Tanya Fayon vurğulayıb ki, Sloveniya birgə müəssisələri yeni bazarlara çıxmaq üçün əsas vasitə hesab edir. Bu mövqe Azərbaycanın xarici işlər naziri tərəfindən dəstəklənib və o, hər iki ölkənin şirkətləri qarşısında açılan strateji imkanları diqqətə çatdırıb.

Bu cür təşəbbüslər üçün informasiya və kommunikasiya texnologiyaları (telekommunikasiya və rəqəmsal həllər daxil olmaqla), bərpa olunan enerji (günəş, külək və kiçik hidroenergetika), əczaçılıq sənayesi və səhiyyə, tikinti və infrastrukturun (regionların bərpası və inkişafı daxil olmaqla) ən perspektivli sahələr olduğu vurğulanıb.

“Kontron” və “BestComp Group” arasında telekommunikasiya həllərinin inkişafına yönəlmiş əməkdaşlıq örnək ola bilər. Bu cür tərəfdaşlıqlar genişləndirilə və regionun digər ölkələrində fəaliyyət üçün uyğunlaşdırıla bilər.

Hər iki ölkə bərpa olunan enerji mənbələri sahəsində layihələrə, o cümlədən günəş və külək enerjisi layihələrinə sərmayə qoyur ki, bunlar da birgə təşəbbüslər vasitəsilə digər bazarlara genişləndirilə bilər. Sloveniyanın inkişaf etmiş əczaçılıq sənayesi və Azərbaycanın inkişaf edən səhiyyə sektoru məhsulların birgə istehsalı və qonşu regionlara distribusiyası üçün şərait yaradır.

Xüsusilə Qarabağ və Şərqi Zəngəzur kimi rayonlarda yenidənqurma layihələrində birgə səylər, infrastrukturun inkişafına ehtiyacın olduğu digər ölkələrdə birgə layihələrin həyata keçirilməsi üçün model ola bilər.

Bundan başqa, Azərbaycan və Sloveniya arasında yaradılmış iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupu belə layihələrin müəyyənləşdirilməsi və inkişafı üçün platforma rolunu oynayır. Onun vəzifəsi strateji maraqların əlaqələndirilməsi, ekspertiza mübadiləsi və dayanıqlı əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasıdır.

Ümumiyyətlə, birgə müəssisələrin yaradılması Sloveniya və Azərbaycan qarşısında ikitərəfli format xaricində iqtisadi mövcudluğu genişləndirmək üçün yeni üfüqlər açır, regional və qlobal bazarlarda mövqeləri gücləndirir.

- Azərbaycan-Sloveniya birgə işçi qrupu üçün hansı iş formatı nəzərdə tutulub? Prioritet istiqamətlər hansılardır, biznes və ya investisiya təşəbbüslərinin ilkin siyahısı mövcuddurmu?

- Sloveniya nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Azərbaycan və Sloveniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun birinci iclası keçirilib. Qrup imzalanmış memorandum əsasında yaradılıb və iqtisadi sahədə ikitərəfli qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üçün dayanıqlı institusional platformaya çevriləcək.

Onun iş formatı tərəflərin əməkdaşlığın prioritet istiqamətlərini müəyyən edəcəyi, məlumat mübadiləsi aparacağı, həmçinin şirkətlərin bir-birinin bazarlarına çıxışına mane olan inzibati maneələrin aradan qaldırılması ilə bağlı tövsiyələr hazırlayacağı müntəzəm iclasları nəzərdə tutur.

Əczaçılıq və kimya sənayesi, bərpa olunan enerji mənbələri, informasiya və kommunikasiya texnologiyaları, elektrotexnika sənayesi, tikinti, turizm və idman sənayesi prioritet sahələr olaraq müəyyən edilib.

- Sloveniyanın 2025-ci ildə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assambleyasına sədrlik edəcəyini nəzərə alaraq ölkə üçün beynəlxalq enerji gündəliyində, xüsusilə IRENA çərçivəsində Azərbaycanın rolu nədən ibarətdir? Hansı təşəbbüslər birgə həyata keçirilə bilər?

- 2025-ci ilin yanvar ayından etibarən Sloveniya bir il müddətinə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Assambleyasının sədri funksiyalarını yerinə yetirir. Bu sədrlik Sloveniyaya təşkilatın proqram fəaliyyətini idarə etmək üçün rəsmi səlahiyyətlər verməsə də, onun beynəlxalq iqlim və enerji gündəliyində fəal mövqeyini vurğulayır.

Sloveniya Azərbaycanı "yaşıl" transformasiya sahəsində təşəbbüslərin irəli sürülməsində, xüsusilə təmiz enerjiyə qlobal keçid kontekstində mühüm tərəfdaş kimi görür. Azərbaycanın regional enerji təşəbbüslərində artan rolunu və bərpa olunan enerji sahəsinin inkişafına can atmasını nəzərə alaraq, həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur.

Seçilən
0
report.az

1Mənbələr