TBİLİSİ, 7 may. TELEQRAF
“Gürcüstanda Tbilisi-Qara dəniz avtomagistralının bir hissəsinin tikintisi tezliklə başa çatdırılacaq. Azərbaycan və Ermənistanla da işlər aparılır və yekun nəticədə Gürcüstanı qonşu ölkələrlə birləşdirəcək vahid infrastruktur şəbəkə inşa olunacaq”.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bunu yerli “Interpressnews” agentliyinə müsahibəsində ölkənin maliyyə naziri Laşa Xutsişvili deyib.
Nazirin sözlərinə görə, yol infrastrukturu və avtomagistralı özündə birləşdirən logistik infrastruktur Ermənistan və Azərbaycandan Qara dəniz istiqamətinə çıxışı təmin edəcək.
L.Xutsişvili Orta Dəhliz layihəsində Gürcüstanın roluna da toxunub. O qeyd edib ki, Gürcüstansız bu layihənin mövcudluğu qeyri-mümkündür.
“Bunu bütün ölkələr və tərəfdaşlarımız, o cümlədən bu prosesdə iştirak edənlər də yaxşı bilirlər”, - nazir söyləyib.
O bildirib ki, geosiyasi dəyişikliklərin baş verəcəyi halda rəqabət üstünlüyünü qorumaq üçün layihəyə cəlb olunmuş ölkələr, xüsusən də Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında sıx koordinasiya zəruri olacaq.