Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatları Əli Hüseynli, İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, Rayon Ağsaqqalar Şurasının, Qərbi Azərbaycan İcmasının Yevlax rayonu üzrə nümayəndəliyinin, rayonda fəaliyyət göstərən regional idarələrin, müəssisə, təşkilatların rəhbərləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, qazilər və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra İqtisadiyyat Nazirliyinin Aran Regional Mərkəzinin iclas zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Heydər Əliyevin, ərazi bütövlüyümüz, müstəqilliyimiz, suverenliyimiz, uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən video-çarx nümayiş etdirilib.
Anar Tağıyev Ulu Öndərin mənalı həyatı və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, müstəqil, suveren, qüdrətli, güclü Azərbaycan Heydər Əliyevin şah əsəridir.
İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbəni Azərbaycan xalqına bəxş etməklə Ümummilli Liderin vəsiyyətini yerinə yetirib, Qarabağa azadlıq və sülh gətirib.
Tədbirin gedişində Yevlax məktəblərinin Respublika Fənn Olimpiadalarında yüksək nəticə əldə etmiş şagirdlərinə Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları, həmçinin, Yeni Azərbaycan Partiyasını sıralarına qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Tədbirin sonunda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri əməkdar artistlər Almaz Orucova, Xəyyam Məmmədov, tanınmış musiqiçilər Rövşən Əziz, İdris Tağıyev, Vəfa Vəzirova tərəfindən Ulu Öndər Heydər Əliyevə və vətənpərvərliyə həsr olunmuş musiqilər səsləndirilib.
İfa edilən musiqilər tədbir iştirakçılarına xoş ovqat bəxş edib.







