AZ

İlon Mask bütün bəşəriyyət üzərində böyük güc əldə edə bilər

Təxminən altı il əvvəl Yer orbitində 2000-dən az aktiv peyk mövcud idi. Lakin koronavirus pandemiyası dövründə və sonrakı illərdə milyarder İlon Maskın "SpaceX" şirkəti peyk buraxılışlarını intensivləşdirdi. Nəticədə, hazırda Yer ətrafında "SpaceX" istehsalı olan 7000-dən çox peyk fırlanır. Bu, bütün digər özəl şirkət və dövlətlərə məxsus peyklərin sayını üstələyir...

Poliqon The Atlantic-a istinadən xəbər verir ki, Mask demək olar hər həftə yeni onlarla peyk buraxaraq bu şəbəkəni genişləndirir.

Məqalənin müəllifi Ross Andersen yazır: "Yerin peyk reyestrini aparan kosmik tarixçi Conatan Makdauellə danışdım və ona belə bir sual verdim: Hər hansı bir insan orbitdə bu qədər gücə bu qədər qısa müddətdə sahib olmuşdumu? Cavabı belə oldu: "Bu, unikal haldır".

Andersen qeyd edir ki, dünyanın siyasi liderləri "Starlink"in dominant mövqeyinin dəyişməsinin çətin olduğunu anlayır. Çünki "SpaceX" peykləri yüksək sürətlə istehsal və buraxmaq imkanına malikdir. Şirkət gündə azı dörd böyük peyk istehsal edə, "Falcon 9" raketləri ilə isə hər buraxılışda 25-dən çox peyk daşıya bilir.

Mask bu peykləri "avtomat silahı sürətində" buraxır, rəqibləri isə hər dəfə raketləri yenidən yığmaqla, "müsket sürəti" ilə işləyir. 2024-cü ildə "SpaceX" 133 raket buraxıb və onların 60%-dən çoxu "Starlink" peyklərini daşıyıb. Digər şirkətlər və ölkələrin orduları birlikdə Maskdan az buraxılış həyata keçirib.

Yeni peyklər daha yüksək ötürmə qabiliyyətinə malik olacaq və qlobal miqyasda insanlar və cihazlar üçün misilsiz rabitə imkanı yaradacaq. Andersenin fikrincə, yaxın gələcəkdə internetin əsas mənbəyi məhz kosmik bağlantı ola bilər və bu kanala nəzarət edən şəxsin "bütün bəşəriyyət üzərində böyük gücü" olacaq.

ABŞ hökuməti "SpaceX"dən asılılığın qarşısını almağa çalışır. Amerikanın hərbi peyk rabitə şəbəkəsi mövcuddur, lakin onları da "SpaceX" istehsal edir və orbitə çatdırır. Pentaqon bu riskin fərqindədir və prezident Co Baydenin səlahiyyət müddətinin sonunda ABŞ Kosmik Qüvvələri strateji sənəd qəbul edərək bir şirkətdən həddən artıq asılılığın qarşısını almağı tövsiyə etmişdi. Lakin bu, Donald Trampın Müdafiə Nazirliyinə nəzarəti ələ keçirməsindən əvvəl idi.

Çin Xalq Azadlıq Ordusu da Maskın kosmik rabitədəki təsirinin artmasından narahatdır. Çin şirkətləri öz peyk internet sistemlərini inkişaf etdirir. Hazırda ən böyük Çin peyk operatorunun orbitdə cəmi 90 peyki var və yalnız Şanxay şəhərinə xidmət göstərir. Layihənin uğurlu alınacağı təqdirdə, ölkə üzrə və beynəlxalq miqyasda genişlənmə planlaşdırılır. Çin Avropa ilə müqayisədə daha çox raket buraxa biləcək potensiala malikdir.

"Starlink"ə potensial rəqiblər arasında ən ciddi namizəd ABŞ-ın "Amazon" şirkətidir. "Kuiper" layihəsi çərçivəsində minlərlə peyk buraxılması planlaşdırılır. Şirkət artıq "iPad" ölçüsündə ucuz və kiçik istifadəçi terminalları hazırlayıb. Əgər Ceff Bezosun "Blue Origin" şirkəti çoxistifadəli raketini tam istismara verə bilsə, "Amazon" da "SpaceX" kimi kütləvi peyk buraxılışlarına başlaya bilər.

Mask isə rəqibləri gözləməyi düşünmür. "Starlink" artıq 100-dən çox ölkədə fəaliyyət göstərir. Nigeriyada isə yaxın vaxtlarda əsas internet provayderinə çevrilməsi gözlənilir. İnkişaf etməkdə olan ölkələrin əksəriyyəti baha başa gələn kabel infrastrukturunu keçərək birbaşa peyk internetinə üstünlük verəcək.

Bundan başqa, "Federal Rabitə Komissiyası" "Starlink"ə mobil rabitə xidməti göstərmək üçün lisenziya verib. Bütün bunlar artıq mövcud olan texnologiyalarla həyata keçirilir.

Əgər "SpaceX" növbəti nəsil "Starship" raketinin sınaqlarını yaxın 1-2 ildə tamamlayarsa, Mask orbitdəki peyk donanmasını daha sürətli artırmaq imkanı əldə edəcək. Şirkət bu raketlə bir buraxılışda 100-ə qədər peyk göndərə biləcəyini açıqlayıb.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr