Çərəzlər həm dadı, həm də faydaları ilə seçilən qidalardandır. Onlar adətən günün müxtəlif vaxtlarında, xüsusilə də çay süfrələrində və qonaqlıqlarda təqdim edilir. Çərəzlər bəzən mədəniyyət göstəricisi olmaqla yanaşı, həm də sağlamlığımız üçün çox qiymətli qida mənbəyidir.
Çərəzin faydaları nələrdir və onları belə faydalı edən tərkibindəki hansı maddələrdir?
Mövzu ilə bağlı Operativ Media-ya qida eksperti Məhsəti Hüseynova açıqlama verib.
Ekspert bildirir ki, çərəzləri qabıqlı şəkildə almaq onun faydasını daha effektiv edir:
Çərəzlər tərkibindəki vitaminlər, minerallar və faydalı yağlar baxımından zəngin olduqları üçün orqanizm üçün çox faydalıdır. Xüsusilə qoz, fındıq, badam və kaju kimi çərəzlər bu baxımdan seçilir. Belə çərəzlər qabıqlı halda alınıb, istifadə zamanı sındırılaraq qəbul edildikdə daha faydalı olur. Çünki sənaye üsulu ilə hazırlanmış və açıq şəkildə uzun müddət saxlanılan çərəzlərə bəzən xarab olmaması üçün kimyəvi qatqılar əlavə edilir ki, bu da onların qida dəyərini azalda bilər.
Çərəzlərin faydalarından yararlanmaq üçün bunlara diqqət edilməlidir
-
Mənşəyi məlum olan məhsullar alınmalıdır;
-
Yerli, təbii, mövsümi və tam qurudulmuş çərəzlərə üstünlük verilməlidir;
-
Paketlənmiş çərəzlərdə etiket məlumatlarına diqqətlə baxılmalıdır;
-
Hər bir insan gün ərzində ovuc ölçüsünü keçməyəcək miqdarda — təxminən 20-30 qram çərəz qəbul edə bilər.
Çərəzlərin sağlamlığa faydaları
Məhsəti Hüseynova bildirir ki, çərəzlərin tərkibindəki vitamin və minerallar müxtəlif xəstəliklərə qarşı müsbət təsir göstərir:
-
Qoz — E vitamini, Omeqa-3 yağ turşuları, B vitaminləri, maqnezium və antioksidantlarla zəngindir. Mərkəzi sinir sisteminin fəaliyyətini dəstəkləyir, görmə qabiliyyətini yaxşılaşdırır və hormon balansının tənzimlənməsində mühüm rol oynayır.
-
Fındıq — Tərkibində E vitamini, sağlam yağ turşuları, fol turşusu və zülal mövcuddur. Dəri və saç sağlamlığını qoruyur. Fol turşusu isə hamiləlik və südvermə dövründə körpənin sağlam inkişafına dəstək olur.
-
Badam — Maqnezium, lif və kalsiumla zəngindir. Sümük sağlamlığını gücləndirir, qanda şəkər səviyyəsini tənzimləyir. Eyni zamanda baş ağrısı zamanı 10–12 badam qəbul edilməsi ağrının azalmasına və ya yox olmasına kömək edə bilər.
-
Püstə — Zülal və B6 vitamini ilə yanaşı gözü qoruyan bir çox faydalı maddələr ehtiva edir. Qanda şəkər səviyyəsinin tənzimlənməsinə də müsbət təsir göstərir.
Qeyd: Çərəzlərin gündəlik tövsiyə olunan miqdardan artıq qəbulu allergiya, qəbizlik və digər yan təsirlərə səbəb ola bilər. Ona görə də miqdarına diqqət yetirilməlidir.
Günay Nəcəfova