İsrailin irs naziri Amihay Eliyahu Qəzzadakı ərzaq anbarlarının bombalanmasını müdafiə edib və aclıq çəkən fələstinlilərə qarşı təxribat xarakterli açıqlamalar verib. Bu, İsrailin davam edən hücumları fonunda Qəzza ilə bağlı səsləndirilən son təxribat xarakteri daşıyan bəyanatlardan biridir.
İsrailin “Kanal 7” telekanalına müsahibə verən Amihay Eliyahu deyib: “Həmas-ın ərzaq ehtiyatlarını bombalamağın heç bir zərəri yoxdur. Onlar ac qalmalıdırlar. Əgər həyatları üçün narahat olan mülki insanlar varsa, miqrasiya planı barədə düşünməlidirlər.”
Eliyahu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin rəhbərlik etdiyi ifrat sağçı “Yəhudi Gücü” (Otzma Yehudit) partiyasının üzvüdür. O, Qəzzaya humanitar yardım göndərilməsinin “yəhudi əxlaqı ilə əlaqəsi olmadığını” ifadə edərək deyib:“Bizimlə döyüşənləri yedirməyə ehtiyac yoxdur.”
Fələstinlilərə qarşı sərt ritorikası ilə tanınan Eliyahu 2023-cü ilin noyabrında verdiyi açıqlamada Qəzzaya nüvə bombası atmağın bir seçim olduğunu söyləmişdi.
İtamar Ben-Qvir isə bazar ertəsi günü verdiyi bəyanatda Qəzzadakı fələstinlilərin aclıqla üzləşdirilməsi fikrini bir daha təkrarlayıb.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp da dəfələrlə Qəzzanı “ələ keçirməyi”, əhalisini digər bölgələrə köçürərək ərazini turizm məkanına çevirməyi təklif etmişdi. Bu plan, ərəb ölkələri və beynəlxalq ictimaiyyət tərəfindən etnik təmizləmə kimi qiymətləndirilərək kəskin şəkildə rədd olunmuşdu.
İsrailin açıqlamasına görə, hazırda Qəzzada 59 israilli əsir saxlanılır, onlardan yalnız 24-nün sağ olduğu güman edilir. Fələstin və İsrail insan haqları təşkilatlarının məlumatına əsasən, 9.500-dən çox fələstinli İsraildə ağır şəraitdə həbsdə saxlanılır.
2023-cü ilin oktyabrından bəri İsrailin Qəzzaya davam edən hərbi əməliyyatları nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 52.500-dən çox fələstinli həyatını itirib. Beynəlxalq Cinayət Məhkəməsi noyabr ayında İsrail baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallanta qarşı Qəzzada müharibə cinayətləri və insanlığa qarşı cinayətlər ittihamı ilə həbs orderi verib.
Eyni zamanda, İsrailin regionda apardığı müharibə ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində soyqırım ittihamı üzrə məhkəmə prosesi də davam edir.