AZ

Kütləvi məzarlıqların lal harayı

Aşkara çıxmış qətllər erməni qatilləri ittiham edir

Azərbaycan həmişə beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşıb və üzərinə götürdüyü öhdəliklərə əməl edib. Amma bunu Ermənistan barədə demək mümkün deyil. Qarabağ və digər ətraf rayonların işğal dövründə ermənilər tərəfindən azərbaycanlılara qarşı vandalizm əməlləri törədilib, evlər talan edilərək sökülüb, yandırılıb, tarixi abidələr, xüsusilə, qəbiristanlıqlar dağıdılıb. Əsir və girovlara qarşı münasibətdə beynəlxalq hüquq normaları tapdanıb.

“Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə konvensiyalarının həyata və ya şəxsiyyətə qəsd etmək, hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə vermək, insan ləyaqətinə toxunmaq kimi tələbləri kobud surətdə pozulub. Dinc əhali kütləvi şəkildə öldürülüb, əsirlikdə saxlanılmış həmvətənlərimiz dəhşətli işgəncələr və mənəvi əzablara məruz qalıb. Bundan başqa, amansız rəftar və ləyaqəti mütəmadi alçaltmaqla özünüöldürmə dərəcəsinə çatdırılıb, soyuqqanlılıqla qətlə yetirilib. Onların güllələnməsi və işgəncələr nəticəsində vəfat etməsi barədə kifayət qədər məlumat var.

Məsələn, Xocavənd rayonunun işğalı zamanı Qaradağlı kəndindən girov götürülən 117 nəfər kənd sakinindən 80-i güllələnib. Kəlbəcər rayonunun Başlıbel kəndinin 15 dinc sakini ermənilər tərəfindən yerindəcə qətlə yetirilib. 130 evdən ibarət Ağdaban kəndi isə erməni qüvvələri tərəfindən tamamilə yandırılıb, kəndin 779 nəfər sakininə işgəncələr verilib. 67 nəfər qətlə yetirilib, 8 nəfər 90–100 yaşlı qoca, 2 azyaşlı uşaq və 7 qadın diri-diri odda yandırılıb. Bundan başqa, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, ziyarətgahlar və məzarlıqlar təhqir olunub və məhv edilib. Öldürülən əsirlər də az olmayıb. Ermənilər izi itirmək üçün onları müxtəlif yerlərdə basdırıblar. Bu gün çoxunun harada basdırıldığı məlum deyil.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsində 3990, İkinci Qarabağ müharibəsində isə 6 nəfər itkin düşüb. Onların bəzilərinin taleyinə Qarabağ və Şərqi Zəngəzur azad edildikdən sonra aydınlıq gətirilib. Rəsmi məlumatlara əsasən, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş Azərbaycan torpaqlarında aparılmış axtarış-qazıntı işləri zamanı

400-ə yaxın vətəndaşımıza aid meyit qalıqları aşkar edilib. Bu ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində görülmüş işlər nəticəsində bu günədək bir çox soydaşımızın şəxsiyyəti müəyyən edilib. Bu proses hələ də davam edir. Kütləvi məzarlıqlar isə əksər hallarda təsadüfən, o cümlədən qazıntı, təbii fəlakət və s. nəticəsində üzə çıxır. Məsələn, “Euronews” telekanalı ötən ay Qarabağ bölgəsində – Şuşa və Xocalıda aşkar edilmiş kütləvi məzarlıqlar mövzusunu işıqlandırıb. Tapılan qalıqların Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş insanlara aid olduğu bildirilir. Qeyd olunub ki, ekspertlər onların üzərində işgəncə əlamətləri aşkar ediblər: “Ən azı yeddi şəxsə aid sümüklər və digər fraqmentlər aşkar edilib. Tapılan sübutlar göstərir ki, bu insanlar qətlə yetirilməzdən əvvəl, işgəncələrə məruz qalıblar. Mülki şəxslər təxminən 25 il əvvəl basdırılıb”.

Mütəxəssislərin rəyinə görə, onlar qeyri-ənənəvi yolla dəfn olunublar. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb.

Onu da qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Şuşa və Xocalıda aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı məlumat yayıb. Bildirilib ki, dəfələrlə müraciətlər edilsə də, Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etmir, otuz ildən artıq müddətdir əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları Azərbaycana təqdim etməkdən boyun qaçırır: “İşğaldan azad edilmiş Şuşa şəhərinin yaxınlığında və Əsgəran–Xocalı yolunun üzərində aprel ayında aparılmış qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb. Həmin məzarlıqlarda aşkar edilmiş insan qalıqlarının mülki şəxslərə aid olduğu ehtimal edilir. Aşkarlanmış qalıqlarda mülki şəxs qarşı zorakılıq izlərinin aşkar edilməsi Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən azərbaycanlılara qarşı müharibə və insanlıq əleyhinə cinayətlərin törədildiyini bir daha təsdiqləyir.

... İşğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində görülmüş işlər nəticəsində indiyədək 170-dək soydaşımızın kimliyi müəyyən olunub və bu proses hələ də davam etməkdədir...Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərə riayət etməli, qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməli, beynəlxalq ictimaiyyət həmin məlumatların ölkəmizə təqdim olunması istiqamətində Ermənistana ciddi təsir göstərməlidir”.

Təəssüf ki, Azərbaycan tərəfindən dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyərək, otuz ildən artıq müddətdir əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları təqdim etməkdən boyun qaçırır. Bu da onu göstərir ki, İrəvan törətdiyi cinayətin üzə çıxacağından narahatdır. Amma Ermənistan unutmamalıdır ki, əsir və girov götürülən və taleyi bəlli olmayan azərbaycanlılar ilə aşkar olunan kütləvi məzarlıqlar bir-birinə bağlı məsələlərdir. Hər iki cinayətdə birbaşa məsuliyyət Ermənistan dövlətinin üzərinə düşür. Çünki Birinci Qarabağ müharibəsi zamanı erməni silahlıları və Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozub.

Ölkəmiz bu məlumatları almaqda israrlıdır. Qarşı tərəflə görüşlərdə bu məsələ dəfələrlə qaldırılıb. Bu il fevralın 7-də Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş keçirilib.

Görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb və komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyev XQ-yə açıqlamasında dedi: “Ermənistan–Azərbaycan münaqişəsi hər iki tərəf üçün ağır nəticələr doğurdu, itkilərə səbəb oldu. Xüsusən, işğal nəticəsində doğma yurdlarından didərgin düşən yüz minlərlə azərbaycanlı 30 il boyunca böyük ağrılar və faciələr yaşadı. Bu müddət ərzində insan itkisi, dağılan ailələr və ən ağrılı məsələlərdən biri olan itkin və əsir düşmüş şəxslərin taleyi daim gündəmdə olub. Rəsmi məlumatlara görə, Birinci Qarabağ müharibəsində 3 min 203 nəfəri hərbçi, 787 mülki şəxs itkin düşüb. Mülki şəxslər arasında 75-i uşaq, 315-i isə yaşlı olub.

Bu sahədə ən ciddi faktlardan biri 1998 və 2001-ci illərdə BQXK-nin Dövlət Komissiyasına təqdim etdiyi 54 azərbaycanlı ilə bağlıdır. Həmin materiallara əsasən, intensiv hərbi əməliyyatların gedişində işğalçılar tərəfindən əsir-girov götürülərək, Ermənistanda və bu ölkə tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının Qarabağ ərazisində müxtəlif yerlərdə saxlanılan 54 soydaşımıza BQXK nümayəndələri baş çəkərək onları rəsmi qeydiyyata almışlar. Lakin sonradan həmin 54 nəfərdən 17 nəfərinin meyiti qaytarılıb, 4 nəfərin sonrakı taleyi barədə məlumat verilməyib, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri təhvil verilməyib. Bu son dərəcə ciddi və ağrılı statistikadır.

2021-ci ilin sentyabr ayında keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxış edən Prezident İlham Əliyev bu məsələni diqqətə çatdırıb: “Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir. Bizdə olan etibarlı məlumatlara əsasən, onların, demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb...Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır”.

Umud Mirzəyev daha sonra bildirdi: “Azərbaycan uzun illər öz torpaqlarını sülh yolu ilə geri qaytarmağa çalışsa da, çox təəssüf ki, bu təşəbbüs nəticəsiz qaldı və müharibə qaçılmaz oldu. Nəticədə, Azərbaycan tarixi ədalət bərpa etdi, lakin İkinci Qarabağ müharibəsində də şəhidlərimiz, yaralanan, həyatını itirən mülki şəxslərimiz, eləcə də əsir və itkin düşən (6 nəfər) vətəndaşlarımız oldu.

Bu gün biz görürük ki, ikitərəfli dialoq təkcə itkin düşmüş şəxslərin taleyinin araşdırılmasında deyil, bütövlükdə, sülh prosesinin inkişafında ən effektiv vasitədir. Hesab edirəm ki, bu cür müzakirələr və birbaşa əlaqələr iki ölkə arasında münasibətlərin normallaşmasını sürətləndirən əsas amillərdən biri olacaq. Unutmaq olmaz ki, hər iki tərəfdən hələ də yüzlərlə ailə öz doğmalarından xəbər almaq ümidi ilə yaşayır. Onların taleyinin aydınlaşdırılması və haqlarının bərpası isə humanitar baxımdan ən ümdə məsələlərdən biri olaraq qalmaqdadır”.

Beləliklə, itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir.

Pünhan ƏFƏNDİYEV
XQ

Seçilən
0
xalqqazeti.az

1Mənbələr