AZ

Mayın məşhur sualı: “Evlənək, evlənməyək?” - ARAŞDIRMA

BAKI, 7 may. TELEQRAF

May ayı girən kimi bu məşhur sual hamını narahat etməyə başlayır: may ayında toy olar, olmaz? Hətta bəzi ailələrdə gənclərlə yaşlı nəsil arasında ciddi mübahisələr də düşür. May ayını “uğursuz” hesab edən yaşlı nəsil bu ayda toy edilməsinin əleyhinədir. Qohum-əqrəbanın iradəsinə qalib gəlib mayda toy edən cütlüklər də toydan sonra oturub mistika gözləyirlər və həyatda qarşılaşdıqları hər hansı bir çətinliyi, uğursuzluğu bu ayda toy etməyin ayağına yazırlar.

Bununla bağlı adlarının çəkilməsini istəməyən bir cütlük də şikayətçidir. Aytac xanım (ad şərtidir) deyir ki, nişanlımla azad düşüncəli, sərbəst gənclər olaraq nikah və toyumuzla bağlı bütün qərarları özümüz vermək niyyətində idik. hər şeyi planlamışdıq. Toy fotosessiyasından gəlinlik kirayəsinə, restorana qədər hər şeyi seçmişdik ki, bir problem yarandı:

"Seçdiyimiz restoranda may ayına vaxt var idi, üstəlik, endirim də təklif edilmişdi. Nikah tarixini, fotosessiyanı, gəlinlik kirayəsini - bir sözlə, toy üçün nə lazımdırsa hər şeyi buna uyğun planlamışdıq. Hətta bal ayı üçün biletlərimiz də hazır idi. Amma məlum oldu ki, hər şeyi yenidən planlamalı olacağıq. Çünki ailələrimiz may ayında toy olmasına razı deyildilər. Hərə bir səbəb dedi, ciddi, ağlabatan variantlar olmasa da, etiraz edir, "may ayında toy olmaz" deyirdilər. Onlara qulaq asmağa məcbur olduq. Çünki ağlabatan səbəblər göstərməsələr də, ağlımıza bir qorxu sala bilmişdilər: may ayı uğursuzdur və toy etsək nəsə pis hadisələr ola bilər. Buna görə də, yenidən sıfırdan başladıq, iyun ayına restoranlarda, fotosessiyalarda yer qalmamışdı. Birtəhər aprel ayı üçün restoranların birində xahiş-minnətlə, "araya adam salmaqla" yer tutduq, nikahın tarixi qabağa çəkildi, gəlinliyi başqa yerdən seçməli olduq və s. Bütün bu proses stres, əsəbdən başqa həm də müəyyən qədər maddi itkiyə də səbəb oldu. Bir sözlə, biz son nəticədə bu inanca təslim olduq".

Bu ayda toyların sayının ciddi şəkildə azalması faktdır. TV və mediada vaxtaşırı restoran biznesində çalışan şəxslər də bundan narazılıqlarını, şikayətlərini dilə gətirirlər.

Bəs bu fikir haradan qaynaqlanıb, necə yaranıb? “May ayında toy etmək olmaz” düşüncəsinin kökü hara dayanır? Bu düşüncə, inanc hansı sahələrə, necə təsir edir?

Bu psevdoinanclar restoran biznesinə ciddi ziyan vurur

Teleqraf-ın mövzu ilə bağlı sualına cavabında Otellər və Restoranlar Assosiasiyasının İdarə heyətinin sədri Samir Dübəndi “May ayında toy olmaz” fikrinin əsassız bir inanc olduğunu deyir.

“Bu psevdoinanclar restoran biznesinə də ciddi ziyan vurur. Boşdayanmalar baş verir ki, nəticədə işçi qüvvəsi itirilir. Sonradan bu işçi qüvvəsini bərpa etmək çox çətindir. Boşdayanmalar vətəndaşların sosial vəziyyətinə təsir edir, eyni zamanda biznes sektoruna da zərər verir. Dayanan müəssisənin, (söhbət şadlıq sarayları və banket xidməti verən ictimai-iaşə obyektlərindən gedir) işinin saxlanılması sonradan əlavə xərclərə səbəb olur. Fikrimcə, bu psevodinancın ortadan qaldırılması üçün din xadimlərinin üzərinə böyük bir məsuliyyət düşür. Onlar açıqlamalar verməli, əhalini maarifləndirməlidirlər. Məncə, bu inancın aradan qaldırılmasının yeganə yolu budur. Burada medianın da üstünə müəyyən işlər düşür, xalqın maarifləndirilməsində media da ciddi rol oynayır”.

Qurani-Kərimdə bununla bağlı qadağa yoxdur

İlahiyyatçı Ağa Hacıbəyli isə bildirir ki, “Mayda toy olmaz” düşüncəsinin dinimizdə heç bir əsası yoxdur:

“Bu fikir İslam dini baxımından heç bir əhəmiyyət kəsb etmir. İslamın tarixi insanlıq tarixi qədər qədimdir. Qurani-Kərimin hansısa ayəsində, yaxud peyğəmbərimizin hansısa bir hədisində bununla bağlı qadağa yoxdur. Bütün gənclərin toy etmək, evlənmək haqqı var, istənilən ayda, eləcə də, mayda toy edilə bilərlər”.

Bu inancın konkret, ciddi bir səbəbi yoxdur, sadəcə versiyalar var

İlahiyyatçı alim Elvüsal Məmmədov da deyir ki, bu inancın İslam dini ilə heç bir əlaqəsi yoxdur və İslamda bununla bağlı mövqe birmənalıdır:

"Bu cür inanclar İslamda mövhumat, xurafat kimi dəyərləndirilir. Bu inanc necə yaranıb, kökləri hardan gəlir - bununla bağlı müxtəlif vesiyalar var. Maraqlı versiyalardan biri Roma imperatorluğu ilə bağlıdır. Belə ki, romalıların May ilahəsi ölümü təmsil edirdi. Bu ayda romalılar ölən insanların ruhlaırnı şad etmək üçün müxtəlif mərasimlər keçirirdilər və toy etmirdilər.

başqa bir versiya isə bu inancın qondarma erməni soyqırımı ilə bağlı olmasıdır. Belə ki, erməni xalqı aprel ayında baş verdiyini iddia etdikləri həmin soyqırım qurbanlarının xatirəsini əziz tutmaq üçün may ayının əvvəllərindən ortasına qədər toy etmirdilər. Ola bilər ki, bu inanc bizə də məhz onlardan keçib. Bütün hallarda, bu bir inancdır və elə inanclar var ki, rasional səbəbi olmadan yayılır".

May ayında toy edilməməsi son illərdə ortaya çıxmış bir inancdır

Folklorşünas Aynur Qəzənfərqızı da deyir ki, folklorda may ayı ilə bağlı geniş yayılmış “may ayı, vay ayı” kimi bir deyim var:

“Əslində, mətnlərə baxanda may ayında hansısa fərqlilik, uğursuzluq olduğuna dair bir məlumata rast gəlinmir. Amma əlimizdəki bəzi mətnlərdə yaşlı nəslin deyimlərinə görə may ayında toy olmaz fikrinin bizə ruslardan keçdiyini deyə bilərik. Bu, inandırıcıdır. Çünki may ayının adı xristianlıqdakı may ilahəsinin adından gəlir ki, bu da uğursuzluq rəmzidir.

Digər tərəfdən, may ayında əkin-biçin olur, xalqın başı işə qarışırdı, təsərrüfat işlərinin çoxluğu ucbatından insanların bu ayda toy etməyə vaxtı olmurdu. Eyni zamanda, may köhnə məhsulun bitdiyi vaxtdır, yeni məhsul hələ yetişməyib və buna görə may ayında toy azalırdı.

Amma "mayda toy olmaz" fikri bir az da inanc məsələsidir. Eyni şey Ramazan ayı üçün də keçərlidir. Dinimizdə Ramazan ayında toy olmaz qadağası, fikri yoxdur, amma biz bu ayda da toy etmirik. May ayında toy edilməməsi son illərdə ortaya çıxmış bir inancdır və səbəbləri haqqında ətraflı araşdırma aparmaq lazımdır”.

İnsanlar batil inanclara niyə inanırlar?

Psixoloq Nizami Orucov isə qeyd edir ki, əsas səbəb insanların müəyyən kütlənin təsirinə düşməsi, ənənəni davam etdirməsi, psixoloji olaraq özünü ola biləcək mənfi hallardan qoruma istəyidir.

“Təsirə düşmə, baş vermiş, təbii həyat gedişatında başqasının başına gələn uğursuz evlilik hekayələri yavaş - yavaş bir yerə yozulmağa başlanır. Çünki eyni zamanda ən asan yol kortəbii təsirə düşmək, özünü axışa buraxmaqdır. Və beləcə insanlar bir şeyə inanmaq üzrə hazır dayanırlar. Nəticədə isə bu kimi batil inanclar insanlarda formalaşır və yayılır. Reallığa baxılsa, yaşanan uğursuz hekayələrinin rasional səbəbi mütləq tapılar”.

Sosioloq Əhməd Qəşəmoğlu isə bu inancı tam fərqli bir səbəblə əlaqələndirdi:

“Mayın 8-i ermənilərdə qondarma soyqırım günü kimi qeyd edilirdi. Sovet dövründə millətlərarası dostluq pozulmasın deyə “may ayında toy olmaz” fikrini yaymışdılar. Beləcə, bu inanc o dövrdən qalıb və davam edir”.

Astologiyada bununla bağlı heç bir neqativ informasiya yoxdur

Son dövrlər hər şeyin səbəbini ulduz xəritəsi ilə izah etməyin dəbdə olduğunu nəzərə alıb bu sualla bağlı astroloq mövqeyi də öyrənmək istədik.

Astroloq Nərmin Zeynalova da bildirdi ki, bu fikrin, inancın astrologiyada da heç bir səbəbi yoxdur. Maraqlıdır ki, astroloq da bu inancın kökünün Sovet dövründən qaynaqlandığını iddia edir:

“Rus xalqlarında “May” sözünün kökü bir qədər neqativ çalarlarla bağlı olduğu üçün ruslar bu ayda toy etməyi sevmir. Nəzərə alsaq ki, bizim nənələrimiz də sovet dövrünün insanları olub, onda bu inancın ordan qaynaqlandığını deyə bilərik. Astologiyada, ulduz xəritələrində bununla bağlı heç bir neqativ informasiya yoxdur”.

Yay aylarında hamiləlik zamanı müəyyən çətinliklər yarana bilir

Bəzən bu fikrin səbəbini tibbdə axtaranlar da olur. Belə ki, may ayında toy olarsa, uşağın doğulma ehtimalı qış aylarına təsadüf edə bilər. Bəs tibb nə deyir? Hamiləliyin yay aylarına təsadüf etməsi qadın orqanizmi üçün hansı problemlər yarada bilir?

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun II Doğum şöbəsinin həkim mama-ginekoloqu Aynurə Qaybalıyeva mövzu ilə bağlı sualımıza cavab olaraq bildirir ki, hamiləlik dövründə və doğuş zamanı fəsillərin rolu böyük olur. Həkimin sözlərinə görə, xüsusən də yay aylarında hamiləlik zamanı müəyyən çətinliklər yarana bilir.

“Bu aylarda havanın temperaturunun olduqca yüksək və rütubətli olduğunu nəzərə alsaq, bu da bir çox hamilə qadınların vəziyyətini çətinləşdirə bilər. Belə şəraitdə hamilə qadın kifayət qədər maye qəbul etməzsə dehidrotasiya başlayır, bədən həddindən artıq maye itirir və çox tərləmə yaranır. Bütün bunlar hamilə qadında başağrısı, başgicəllənmə, halsızlıq kimi problemlərə yol aça bilər. Təbii ki, maye itkisi özlüyündə arterial təzyiqin də düşməsinə səbəb ola bilər. Bildiyimiz kimi isti havalarda damarlar genişlənir, bu da əlavə olaraq təzyiqin aşağı düşməsinə şərait yaradır. Havanın temperaturu yüksək olduqda qan dövranı da zəifləyir ki, bu da əsasən hamiləliyin son aylarında olan qadınlarda, xüsusən də aşağı ətraflarda, ayaqlarda şişkinlik yəni ödem yarada bilir. Yay fəsillərində ödem daha da arta bilir. Əgər hamilə qadınlar yay fəslində günəş altında normadan çox qalarsa bu zaman günəşə bağlı olan səpkilər, eyni zamanda gün yanıqları riski də arta bilər. Hətta dəridə piqment ləkələrin də əmələ gəlməsinə yol açır. Məhz bu səbəblərdən açıq və günəşli havada uzun müddət qalmaq hamilə qadın üçün təhlükəli ola bilər”.

Ginekoloq Aynurə Qaybalıyeva deyir ki, qış fəslində doğulan uşaqlarda da müəyyən problemlər müşahidə oluna bilər.

“D vitamini çatışmazlığı yarana biləcək problemlər arasındadır. Bildiyimiz kimi D vitamini günəş şüalarının təsirindən dəri səthində əmələ gəlir və qış fəslində dünyaya gələn körpələrdə günəş şüalarının kifayət qədər olmaması səbəbindən bədəndəki D vitamini sintezi azala bilər ki, bu da uşağın sümük inkişafına mənfi təsir göstərə bilər. Qan azlığı dediyimiz dəmir çatışmazlığı da yaranır ki, hətta demək olar ki, günəş şüalarının azlığından D vitamini səviyyəsi aşağı olur ki, bu da eyni zamanda dəmirin sovrulmasını azalda bilir və nəticədə qış aylarında dünyaya gələn uşaqlarda dəmir çatışmazlığı-anemiya inkişaf edə bilir. Soyuq havalar səbəbindən burun tənəffüsü bəzi hallarda çətinləşdiyinə görə, soyuq hava şəraitində və qapalı məkanlarda çox qaldıqda viruslar daha çox aktivləşir. Xüsusən də qrip virusları, rotavirusları buna misal çəkmək olar ki, bu viruslar körpələr üçün daha riskli hesab edilir. Qış aylarında isə bu tipli infeksiyalara yoluxma riski daha çox artır. Qış aylarında eyni zamanda yeni dünyaya gəlmiş körpələrdə atopik dermatit və s. kimi dəri problemlərinə daha tez-tez rast gəlinir. Çünki soyuq havanın təsirindən dəri quruyur və bu da qaşınma verə bilir”.

Mövzu ilə bağlı müğənnilər və toy fotoqraflarına da sual ünvanladıq və hamı may ayında toyların azalmasından gileyləndi.

“Evlənək, evlənməyək?” – mayın məşhur sualına cavab tapmağa cəhd etdik, məlum oldu ki, heç bir ciddi səbəb yoxdur. Tərəflərin bəziləri bu inancın kökünü rus xalqı, xristianlıq inancları, mifologiyası ilə bağlasa da, rus icmasından baş keşiş Dionisiy Sveçnikovun sözlərinə görə, rus inancında, xristianlıqda belə bir fakt yoxdur, ruslar bu ay da daxil olmaqla digər aylarda olduğu kimi toy edirlər...

Ruslar bu ayda toy edirsə, bəs biz neynəyək: evlənək, evlənməyək?!

Seçilən
0
teleqraf.com

1Mənbələr