Xocalı və Ağdərəyə qayıdanların sayı artır
2023-cu ilin 20 sentyabrı tariximizin səhifələrinə Xankəndi, Xocalı, Xocavənd, Əsgəran, Ağdərə kimi əzəli torpaqlarımızın ermənilərdən azad edilməsi kimi yazıldı. Həmin tarix əsrlər sonra da böyük Zəfərlə yad olunacaq, qürur tariximiz kimi xatırlanacaq. 2023-cü il həm də Ağdərənin qaytarılması, ləğv edilmiş, lakin ürəklərdə, yaddaşlarda yaşayan bir rayonun yenidən soydaşlarımıza hədiyyə edildiyi il kimi də yaddaşlara həkk olundu.
İşğaldan azad olunmuş torpaqlarımızın əsl sahiblərinin köçü bir müddətdir ki davam edir. Demək olar ki, hər gün yeni ünvanlara Böyük Qayıdışın şahidi oluruq. Bununla da vaxtilə soyqırımı və dağıntılara məruz qoyulan ərazilərimizin azad olunmasından dərhal sonra bərpasına başlanılması mənəvi baxımından çox böyük əhəmiyyət daşıyır.
Xocalı və Ağdərə üçün yeni həyat
2026-cı ilin sonunadək “Böyük Qayıdış” proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min keçmiş məcburi köçkünun Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
2073 nəfərin yurd həsrəti bitib
Bildirilib ki, bugünədək Xocalı şəhərinə 341 nəfərdən ibarət 85 ailə, Xocalının Ballıca kəndinə isə 172 ailə - yəni 811 nəfər köç edib. Ümumilikdə, Xocalıda 1152 nəfər məskunlaşıb.
Qeyd edək ki, təkcə Xocalıya deyil, Ağdərəyə də köç davam edir. Ağdərə rayonunun Həsənriz kəndinə 70 ailə - 238 nəfər, Suqovuşan kəndinə 180 ailə - 592 nəfər, Talış kəndinə isə 91 nəfərdən ibarət 20 ailə köçürülüb. Ümumilikdə hazırda Ağdərənin kəndlərində 921 nəfər məskunlaşıb. Bu proses isə mərhələli şəkildə davam edir. Geri qayıdan əhalinin dayanıqlı məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi isə əsas istiqamətlərdən biri olaraq qalır.
Hazırda “Böyük Qayıdış” layihəsi uğurla həyata keçirilir. “Böyük Qayıdış” proqramının ikinci mərhələsi isə 3 fazadan ibarət olmaqla, 2026-2040-cı illəri əhatə edəcək və proses 2040-cı ilə qədər yekunlaşacaq.
1992-ci ildə Azərbaycan siyasi qeyri-sabitliyin zirvəsini yaşayırdı. Xocalı soyqırımının müəllifləri və icraçılarına görə mülki şəxslərin kütləvi qırğını daxili siyasi vəziyyəti daha da gərginləşdirməli idi. Bundan əlavə, mülki hava limanının yerləşdiyi Xocalının işğalı, Ermənistana strateji üstünlük və Qarabağın qalan şəhərlərini işğal etmək üçün geniş imkanlar verirdi.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə güclü artilleriya atəşlərindən sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələr, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə şəhəri işğal etmək üçün hərəkətə keçdilər. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Lakin onların ümidləri boşa çıxdı. Şəhəri tərk edən əhali pusquya salındı. Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü.
Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi həyatlarını xilas etmək üçün dağlardan keçməyə çalışdılar, lakin şaxtalı havada donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali sağ-salamat Ağdam şəhərinə çata bildi.
İşğala qədər burada 14 mindən çox azərbaycanlı yaşayırdı
Ağdərə rayonu 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi isə Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi Qarabağ ətrafındakı 3 rayon - Tərtər, Ağdam və Kəlbəcər rayonları arasında bölünmüşdü.
Erməni işğalına qədər Ağdərənin 14 kəndində 14 mindən çox azərbaycanlı yaşayıb. Ağdərə rayonu bir çox ərazilərimiz kimi Birinci Qarabağ müharibəsinin başlanğıcında Erməni Silahlı Qüvvələrinin nəzarəti altına keçir. Nəhayət, 2023-cü il sentyabrın 20-də Ordumuzun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə separatçılardan təmizləndi. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərədə Dövlət Bayrağımızı ucaltdı. Bununla da ağdərəli soydaşlarımızın yurd həsrəti sona çatdı.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır.