“Adil əmimin 2 qızı var. Böyük qızı artıq 15 il olar ki, ailəsi ilə birlikdə Almaniyada yaşayır. Digər qızı da Bakıdadır. Yaşlıdır, səhhəti bir o qədər də yaxşı deyil. Ona görə də atası haqda müsahibə vermir, jurnalistlərlə görüşmür”

Bunu Moderator.az-a özəl açıqlamasında görkəmli sənətkar, aktyor, rejissor Adil İsgəndərovun qardaşı oğlu Asəf İsgəndərov deyib. O daha sonra əlavə edib:
“Adil əmim böyük qardaş olub. Əmimi mən əmi kimi xatırlayıram. Onun sənəti haqda heç bir söz deyə bilmərəm. Bunu onun yetişdirdiyi tələbələr, sənətkarlar deyə bilər. Mən Gəncədə olanda Adil əmi gəlib bizlə maraqlanırdı, söhbət edirdi. Ünsiyyətimiz bir o qədər də yaxın olmasa da, əmi və qardaş oğlu kimi münasibətimiz pis olmayıb. Adil əmim 23- yaşından sonra Gəncədən Bakıya köçüb, gedib təhsilini Moskvada davam etdirib. Əmimlə sonuncu görüşüm 1965-ci ildə olub. Mən o zaman universiteti bitirmişdim. Bir də nənəm, yəni Adil əmimin anası rəhmətə gedəndə onu görmüşəm. Bir dəfə məndən soruşdu ki, harada oxuyursan? Dedim ki, biologiyanı bitirmişəm. Hər zaman da teatr, kino sənətini sevmişəm. Öz-özümdə müzakirələr aparmışam. Ona sual verdim ki, Ədil əmi, bu rolu Məlik Dadaşov daha yaxşı oynayardı yoxsa sən?. Ona çox sual verdiyimi gördü.. Ola bilsin ki, o öz-özünə fikirləşirdi ki, sən hələ o səviyyədə deyilsən ki, mənə belə suallar verirsən.. Mən belə başa düşdüm. Adil əmi mənə dedi ki, qadam, bəlkə sən sənətini dəyişib, incəsənət sahəsinə gələsən? Belə deməklə o sualdan yayındı. Adil əmim sənətkara qiymət verən idi. Həmin sənətkarla münasibəti olmasa da, danışmasa da bir dəfə də olsun ona pislik etməzdi. Mən eşidirdim ki, deyir ki, mənim rolumu verin filankəsə. Mehdi Məmmədovla, Ələsgər Ələkbərovla, Yusif Vəliyevlə aralarında soyuqluq yaransa da, ən böyük qiyməti Ədil əmim onlara verib. Böyük qardaşıma bir dəfə demişdi ki, deyəsən Asəfdən bir şey çıxacaq. Çünki o eşitmişdi ki, mən universitetdən sonra aspirantura pilləsinə daxil olmuşam və Bakıda oxuyuram. O özü də sevinmişdi. Çünki mən Adil əmimə heç vaxt əziyyət verməmişəm. Hətta Bakıya gələndə belə kirayədə qalıb, ona heç nə bildirməmişəm. Görünür bu hərəkətim onun çox xoşuna gəlib” deyə sənətkarın qohumu bildirib.

Asəf İsgəndərov daha sonra əmisinin gizlin dəfn olunması ilə bağlı xəbərləri yalanlayıb:
“Xeyr, bu xəbərlərin hamısı yalandır. 1978-ci ildə Brejnev Bakıya gəlmişdi. Bütün yollar bağlı idi. Mən də Gəncəyə getmişdim. Çatanda bildim ki, Adil əmim rəhmətə gedib. Elə həmin dəqiqə də Bakıya qayıtdım. İncəsənət muzeyinin yanında düşüb, dəfnə çatdım. Bütün yollar bağlı idi. Amma polislər eşidəndə ki, Adil müəllimin cənazəsidir, maşınları kənara edib, yolu açırdılar” deyə sənətkarın qohumu deyib.
