Cəmiyyətin intellekt səviyyəsi aşağıdırsa dini də düz anlamayacaq.
Məsələn, bir nişan məclisində Quranı açıb bir neçə ayə oxusan, bəlkə də adamı təhqir edib qovarlar ki, bura yas yeridir? Yəni, Quran yalnız heç kəsin başa düşməyəcəyi formada, özü də yalnız yasda və məzarlıqda oxuna bilər.
Yəni, ilahiyyatçı, dinşünas, din xadimi bəyquş olmalıdır. Musiqi, toy, nişan, şadlıq, şənlik, bayram kimi anlayışlardan uzaq, yalnız qara geyimdə, bədbin və yaslı, saqqallı, qəmgin, küskün, narazı olmalıdır. Məsələn, bəlkə də bir din xadimini teatrda, bir aşığın konsertində görsələr üstünə beş - altı şər də yıxıb aləmə rüsvay edərlər.
Rəhmətlik Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Molla Cümə də eyni zamanda öz dövrlərinin ilahiyyat, din biliciləri idi. Vidadi ilə Vaqifin "Ağlarsan" rədifli müşairəsini o dövrün dini mövzulu debatı saymaq olardı. İndiki ilahiyyatçılardan, dinşünaslardan qat-qat bilikli adamlar idilər. Sadəcə şeirlərindəki fikirlərdən, ifadələrdən də bunu görmək mümkündür. Amma onlar bəyquş idimi? Təbii ki, xeyr. Bir də ki, o zaman onlara verilən molla titulu indinin akademiki demək idi.
Aşıq Molla Cümənin şeirlərindən məlum olur ki, təfsir, fiqh, təsəvvüf, habelə digər dünyəvi elmlərə vaqif olub. Hətta Aşıq Ələsgər yazı bilməsə də dini, şəriəti gözəl bilirmiş. Əlimərdanlı Aşıq Nəcəf demək olar ki, ilahiyyat alimi olub. Onun yaradıcılığını şəxsən tədqiq etmişəm. Qaraqoyunlu Aşıq Musa Səfər oğlu aşıq sənətinə, folklorumuza ensiklopedik səviyyədə vaqif olan şəxs olub. Eyni zamanda dini elmləri dərindən bilməsi və ruhanilərin dinə uyğun yaşamamalarını görməsi onları sərt və poetik şəkildə tənqid etməsinə gətirib çıxarıb. Xurafatçı və istismarçı ruhanilər sazını əlindən alıb sındırıblar, "Nə günahı telli sazın?" rədifli məşhur şeirini yazaraq bir neçə gündən sonra sarsıntıdan vəfat edib.
Seyid Əzim Şirvani xurafat vəhşətinin içində məktəb açıb yenilik etmək istəyir, islahatçı fikirlər deyirdi, məsciddə qapının arasında sıxıb, sonra da çığnayıb öldürdülər.
Vəhşi və canavarlaşmış xurafatçı zümrə elmi, sənəti, mədəniyyəti, sazı, tarı, pianonu yas halvası kimi udur. Alimi, şairi, aşığı çığnayır, ehsan bozartması kimi didir, parçalayır...
Dəqə Qorqud qopuzunu qanmayan biçarə və ruhu bimarların tarixdən savadları, məntiqləri də yoxdur ki, deyəsən axı "şahım" deyib qıy çəkdiyiniz mürşidi - kamil Xətai də saz eşqindən yazıb, sarayında aşıqlar, Miskin Abdal kimi ozanlar olub. Nadir Xan Əfşar da aşıqlara, musiqiyə böyük dəyər və önəm verib.
Dastanlarımızın demək olar ki hamısı aşıqla, sazla, musiqi ilə bağlıdır. Koroğlu kimi xalq qəhrəmanı söz meydanına uzun saqqalı və gödək şalvarı ilə deyil, sazı, sözü ilə çıxıb.
Kostyum geyinib, saçını darayıb üzünə saxta gülüş maskası taxsa da içində canavar, çaqqal, tülkü, iblis gəzdirən bəzi dərdiqayımlar bilmir ki, Mirzə İbrahimov deyirdi: "Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyətinə çıxardıq”.
Dünya mədəniyyət meydanına balaqsız şalvar, salxım saqqal yaxud möhür və kalağayı bağlanmış ələmlə çıxmaq olmur. Ora sənətlə, özü də incə - sənətlə çıxmaq olur!
Bir ölkə özünü müasir dünyada elmi, mədəniyyəti, incəsənəti, şairi, musiqisi, teatrı, kinosu ilə tanıdır.
Aşıq - saz sənəti vəhşi xislətlə ülvi xisləti seçmək üçün bir mizandı, meyardı...
Dəqə Qorqudun, Koroğlunun saz çalmaqla haram işlə məşğul olduğunu iddia edənlər Azərbaycan övladı ola bilməz. Kürəyinə bayraq bağlasa da vətənpərvər sayıla bilməz.
Əgər söhbət halal - haramdan gedirsə, ali dini təhsil, pedaqoji fəaliyyət, təcrübə də daxil olmaqla 25 illik dünşünaslıq fəaliyyətimə rəğmən bu mövzuda da ən doğru sözü deməyə mənim haqqım var, nəinki evinin qibləsini, kəlimeyi- şəhadətini bilməyən beş - on qarsanbanın...
Bəli, Azərbaycan Aşıqlar Birliyinin üzvüyəm. Özü də mərhum Zəlimxan Yaqubun imzası, hörmətli professor Məhərrəm Qasımlının rəyi ilə qəbul olmuşam. Dədə Ədalət Nəsibovun da rəsmən halallığını almışam 2000-ci ildə.
Azərbaycan Yazıçılar Birliyinin də üzvü kimi iki romanım, şeir 6 kitabım çap olunub.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi də jurnalistika sahəsində yazdığımı yazıb, sözümü demişəm.
1997-ci ildən 2006-ci ilədək universitet də daxil olmaqla 7 dini təhsil ocağında təhsil almışam.
5 musiqi alətində mahir ifa edə bilirəm. Şöhrətbazlıq, özündən müştəbehlik etməmişəm heç zaman. Musiqini, incəsənəti nəinki haram, əksinə vacib hesab edirəm. Özümü gözə soxmamışam. Ağır sosial vəziyyətimi də alın yazısı saymıram. Məhz bu cür çürük təfəkkürlü cahillərin mənəviyyat ahəngini pozub at izini it izinə qatdığı cəmiyyətdə ziyalıya, istedadlıya da seyrək dəyər verildiyinin şahidi kimi yamaqlı kürkümü sürüyüb gedirəm ...
Vətənimiz, dövlətimiz, bayrağımız, konstitusiyamız mənim üçün dinimiz, Quranımız qədər müqəddəs və toxunulmazdır. Bütün fəaliyyətimin süjet xətti də bu dəyərlərin, bu sərvətin toxunulmazlığı, aliliyinin qorunması məqsədi daşıyır. Təhqirlərə, təhdidlərə, çətin maddi - mənəvi sıxıntılara rəğmən gecə - gündüz cəmiyyətimizin saflığı, mənəvi dəyərlərimizin təbliği üçün biliyimi, bacarığımı, təcrübəmi səfərbər etmişəm.
İndi xarici təsirlərə, maddiyyata uyan bəzi nankorlar dəyərlərimizi, milli - mənəvi sərvətlərimizi aşağllayır, xalqın min illik mədəni dəyərlərini "halal - haram" kateqoriyasına bölməyə cəhd edir...
Xülasə: Azərbaycan xalqının mədəniyyət, incəsənət nümunələrinə, Sazına - Sözünə dil uzadan bizdən deyil. Elələrinin xəyanət girdabına yuvarlanmasına yol verməməliyik!
Tural İrfan, politoloq