AZ

Yaşayış olan binada söküntü aparılmasına icazə verən qanun "ixtira olunub"?...


Elxan Əliyev: "Yaşayış ola-ola söküntünün aparılması düzgün deyil"

Əsrin əvvəllərindən Bakıda çoxmənzilli yaşayış binalarının tikintisinə start verildi. 2016-cı ildən isə istismar müddətini bitirmiş çoxmənzilli bina və həyət evlərinin sökülərək yerində yeni hündürmərtəbəli binaların tikilməsinə, sökülən binalarda yaşayan sakinlərə əmlakının qarşılığı olaraq pul və ya yeni binadan mənzil verilməsinə başlanıldı.

Lakin yeni binaların tikintisi Bakı sakinlərinin mənzil problemini tam həll etmədi, əksinə yeni problemlər doğurdu. İllərlə yaşanan və bu gün də rastlanan həmin problemlərin özəyində isə bir tərəfdən bəzi MTK-ların fırıldaqçılığı və ya sakinlərin daha çox kompensasiya tələb etməsidir. Ən acınacaqlı hal isə hazırda yaşayış olan mənzillərin sökülməsidir. Növbəti belə hal bir neçə gün əvvəl Bakının Nəsimi rayonu, Qərib Babayev küçəsində sakinlər binada yaşaya-yaşaya evləri sökülüb. Binadan 80-dən çox ailə köçürülüb, 2 ev isə qalıb.

Maraqlıdır, binada yaşayış ola-ola söküntü işi aparıla bilərmi?

"Qanun hər iki tərəfin də razılığını tələb edir, lakin burada məcbur edilmə cinayət tərkibi yaradır"

Sosial sahə üzrə ekspert Elxan Əliyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, yaşayış ola-ola söküntünün aparılması düzgün deyil: "Hər şeydən öncə vətəndaşların təhlükəsizliyidir. Axırıncı sakin köçürülməyənə kimi hər hansı söküntü işi aparıla bilməz.

Ümumiyyətlə, icra hakimiyyətləri, yerli icra orqanları və Fövqaladə Hallar Nazirliyinin nəzdində tikintiyə nəzarət həyata keçirilməlidir. Tikinti şirkəti tez vaxtda binanı sakinlərdən boşaltmaq istəyir. Ona görə də digər sakinlər köçdükdən sonra kirayədə yaşayan varsa, onlara kirayə pulu ödənilir. Əslində bu proses tikinti şirlətininin problemidir. Yəni hər kəslə razılıq etdikdən sonra prosesə başlamalıdır.

Onu da qeyd edim ki, şirkət ev sakinləri ilə razılaşma əldə edə bilmədiyi təqdirdə məhkəməyə müraciət edə bilər. Ancaq mülkiyyət sahibinin razılığı olmadan heç kim evi sökə bilməz. Qanun hər iki tərəfində razılığını tələb edir. Lakin burada məcbur edilmə cinayət tərkibi yaradır. Yaşayış ola-ola söküntü işi aparmaq cinayət sayılır. O insanları razı salmaq lazımdır ki, sonra problem yaranmasın. Onu da nəzərə almaq lazımdır ki, şirkət vətəndaşlar qarşısında evin təhvil verilməsi ilə bağlı öhdəlik götürüb, deyilən müddət ərzində təhvil verilməsi şirkət sakinlərə təzminat ödəməlidir. Köçməyən sakinlər bilməlidir ki, onlar inad etməklə digər sakinlərin hüquqlarını pozur".

Günel CƏLİLOVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr