AZ

“Sərhədsiz reportyorlar” niyə susurlar?

Yəqin, Ermənistan 34-cü “planetdir”

“Sərhədsiz reportyorlar” təşkilatının diqqətinə çatdıraq ki, dünən Ermənistanda bir qrup jurnalist ölkə parlamentinin binası qarşısında etiraz aksiyası keçirib. Qurumun məsələ barədə bilməsini istəməyimizin səbəbi isə çox sadədir. Çünki “Sərhədsiz reportyorlar” Ermənistanı mətbuat azadlığı indeksinə görə, dünyada 34-cü yerə “çıxarıb”. Bu barədə ötən sayımızda bildirmişdik. İndi diqqətə çatdırdığımız məqam isə başqadır.

1985-ci ildə Fransada yaradılmış və mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz reportyorlar” təşkilatının hazırda prezident Emmanuel Makronun dirijor çubuğu ilə hərəkət etdiyi məlumdur. O da məlumdur ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini bir neçə gün əvvəl diplomatik missiya həyata keçirdiyi ölkənin 34-cü pillədə qərarlaşması ilə bağlı sosial şəbəkə postu paylaşmış, az qalmışdı ki, sevincindən ağlasın. Dekotini Ermənistanı möhkəm tərifləməyi də yaddan çıxarmamışdı.

Görəsən, səfirin dünən Ermənistan parlamentinin binası qarşısındakı aksiyadan xəbəri olub? Olubsa, gərəsən, məsələ haqqında “Sərhədsiz repartyorlar”ı və qurumun baş təlimatçısı Makronu məlumatlandırıbmı? Çünki nə erməni deputatlar, nə də hay jurnalistlər özlərini 34-cü yerı layiq aparırlar. Söhbət, konkret olaraq, deputat Andranik Koçaryandan gedir. O Koçaryandan ki, Ermənistan Milli Assambleyasının müdafiə və təhlükəsizlik daimi komissiyasının sədridir. Ən əsası isə o, hakim “Vətəndaş sazişi” partiyasının üzvüdür. Media isə cəmiyyətin güzgüsüdür. Yəni, obrazlı desək, o güzgüyə layiq deputat yoxdursa, 34-cü yer də olmamalıdır. Amma...

Bəli, baş nazir Nikol Paşinyanın əsas silahdaşlarından sayılan A.Koçaryanla jurnalist Hripsime Jebelyan arasında insident yaşanıb. Birinci ikinciyə qarşı kobud davranıb, ondan kənara çəkilib dodaqlarını silməsini tələb edib. Görünür, xanım jurnalist Koçaryana sual vermək üçün çox yaxınlaşanda ağzından söz ilə birlikdə tüpürcək də çıxıb, erməni komissiyası sədrinin sifəti müdafiəsiz qalıb, onun üz nayihəsinə təhlükə yaranıb.

Onu da bilirik ki, “Tribune.am” saytının əməkdaşı Jebelyanla Koçaryan arasında insident brifinq zamanı yaşanıb və bu səbəbdən Ermənistan Milli Assambleyasında etika üzrə müvəqqəti komissiyanın yaradılması təşəbbüsü müzakirə edilib. Deməli, Koçaryan jurnalistə qarşı etikasız olub. Parlamentdə bu etikasızlıqla əlaqədar müzakirə təşkili təşəbbüsünün müəllifi isə jurnalist ictimaiyyətinin tələblərinə dəstək ifadə edən müxalifətçi deputat qruplarıdır.

Beləliklə, Ermənistan parlamentinin müxalif deputatları bu il martın 20-də baş vermiş insident səbəbindən 161 jurnalistin hadisəyə dair parlamentə ünvanladıqları birgə bəyanatı nəzərə alaraq hərəkətə keçiblər. Yeri gəlmişkən, Koçaryan–Jebelyan qarşıdurması da Ermənistanın Milli Assambleyasının binasında baş verib. Deyilənə görə, birinci ikincini başqa təhqiramiz ifadələrə də “qonaq edib”. Məsələyə reaksiya verən ekspertlər və jurnalistlər bunu “həm peşəkar, həm də gender zəmində ayrı-seçkilik və alçaldıcı davranış” adlandırıblar. Media təmsilçilərinin birgə bəyanatında vurğulanan başlıca məqam isə budur: “Deputatın üzr istəməkdən imtinası və bunu etmək niyyətində olmadığını göstərməsi xüsusilə narahatedicidir”.

Onu da deyək ki, Koçaryanın özünə qarşı hərəkətindən qeyzlənən H.Jebelyan daha əvvəldən parlament fraksiyalarını işə baxmaq üçün müvəqqəti etika komitəsi yaratmağa çağıran petisiya təşəbbüsü ilə çıxış etmişdi. Təşəbbüs geniş əks-səda doğurmuş və parlamentin iclasının çağrılması da məhz bu səbəbdəndir. Qısaca jurnalist deputatı cəzalandırmaqda israrlıdır. Görünür, media nümayəndələrinin parlament binası önündəki aksiyası da ali qanunverici orqanın qərarına təsir göstərmək məramı daşıyıb.

A.Koçaryanın cəzalandırılıb-cəzalandırılmayacağı, habelə, parlament iclasının hansı qərarı çıxaracağı məlum olmasa da, aksiyaçılar əllərində “Ayıb olsun!”, “Jurnalistlərlə diqqətli olun!” yazılmış plakatlar qaldırıb, Koçaryanın davranışının qəbuledilməzliyini vurğulayan fotoşəkillər və kollajlar nümayiş etdiriblər. Bir məsələ də var: Nədəndirsə A.Koçaryan son zamanlar media təmsilçilərinə qarşı kobud davranışı ilə diqqət çəkməkdədir.

Əlbəttə, bütün bunları diqqətə çatdırmaqla insidenti birbaşa söz azadlığının pozulması, jurnalistə təzyiq kimi də qiymətləndirmək kimi niyyətimiz yoxdur. Jurnalist – məmur qarşıdurmaları, prinsipcə, dünyanın hər yerində yaşanır. Azərbaycanda da belə hal qeydə alınıb. Əlbəttə, heç bir halda, media təmsilçisinə münasibətdə xoşagəlməz, nəzakətdən uzaq rəftar normal qarşılanmamalıdır.

Sonda əsas məqsəd üzərinə gələk. Üzərində dayanmaq istədiyimiz məsələ ikili stardartlardır. Bir anlıq Azərbaycanda Ermənistandakına oxşar hadisənin baş verdiyini təsəvvürə gətirək. Yəni, düşünək ki, hansısa jurnalistlə hakim Yeni Azərbaycan Partiyasının təmsilçisinin sözləri çəp gəlib. Belə bir durum yaşansaydı, təkcə “Sərhədsiz reportyorlar” deyil, digər beynəlxalq media qurumları da həngamə qoparmış, bəyanatı bəyanat dalınca sıralamışdılar. İndi Koçaryanın hərəkəti Ermənistan parlamentində müzakirəyə çıxarılacaq dərəcədə mənfi qiymətləndirilir, amma “Sərhədsiz reportyorlar” və özlərinin söz azadlığının fədailəri kimi qələmə verən təşkilatlar, necə deyərlər, ağızlarına su alıb susurlar. Sanki, Ermənistan başqa başqa planetdir. Nə bilmək olar, yəqin 34-cü “planetdir”, xəbərimiz yoxdur...

Ə.RÜSTƏMOV
XQ

Seçilən
0
xalqqazeti.az

1Mənbələr