AZ

Azərbaycanda qeyri-adi həkimlər peyda oldu: Pul istəmədən, görün necə resept yazırlar

Hazırda hər kəs süni intellektdən geniş istifadə edir. O, artıq insanların köməyə ehtiyacı olan zaman üz tutduğu ilk ünvan olub. İndi ən xırda məlumatı belə süni intellekt vasitəsilə əldə edir, hətta şübhə duyduqları informasiyanı da dəqiqləşdirirlər. Bu cür qəbul olunub ki, o nə təqdim edirsə, birmənalı olaraq doğrudur. İş o yerə çatıb ki, süni intellekt vasitəsilə şeir və ya hekayə yazdırıb, mahı da bəstələdirlər. Yəni hər kəs onun üstünlüklərindən özlərinə sərf edən formada faydalanmağa çalışır.

Bir sözlə, süni intellekt depressiyaya girib dərdini bölüşənlərə dost, hətta xəstələnib yatağa düşənlər üçün həkim rolunu oynayır. Ağrını və şikayətini deyirsən, resept yazır, nəyi nə vaxt edəcəyini də çox aydın izah edir. Həm də cəmi bir neçə saniyəyə. Bu rahatlığa görə həkimə getməyə ehtiyac duymayan, süni intellekt vasitəsilə müalicə kursu yazdıranlar da var. Pulun da cibində qalır, vaxtın da getmir. Bəs məsuliyyət? Süni intellektin yazdığı vitamin və ya dərman vasitələrinin əks təsirləri olsa, xəstənin səhhətində problem yaransa, buna görə kim məsuliyyət daşıyır?

Bu suala cavab tapmadan öncə süni intellektin yazdığı bir neçə resept və tövsiyə nümunəsini təqdim edirik:

Mövzu ilə bağlı Publika.az-a danışan həkim-terapevt Günay Lətifova bildirdi ki, süni intellektə resept və ya hər hansı tibbi vasitə yazdırmaq ciddi problemdir:

“İnsanın özündə hiss etdiyi simptomlarla həkimin anamnez toplayarkən müəyyənləşdirdiyi simptomlar eyni deyil. Süni intellekt sadəcə sizin danışdığınız qədərini bilir. Məsələn, baş ağrınız varsa, “Spazmalqon” və s. kimi dərmanlar məsləhət görəcək. Lakin bu baş ağrısının əsl səbəbi yalnız həkim müayinəsi zamanı üzə çıxa bilər. Hələlik bu problemlə bağlı əlimizdə statistik olaraq nümunə yoxdur. Lakin belə halların yaşanmaması üçün insanları süni intellektdən müəyyən sərhədlər çərçivəsində istifadə etməyə çağırıram.

Hesab edirəm ki, süni intellektin psixoloji yardım göstərməsi pis hal deyil. “ChatGPT” və s. bu kimi tətbiqlərdə insanlar süni intellektlə məsləhətləşir, psixoloji dəstək alırlar. Bunu üstünlük hesab etmək olar, çünki hər birimizin mütəxəssisdən dəstək almaq üçün imkanımız olmur. Ancaq resept yazdırmağı, müalicə kursu təyin etdirməyi doğru hesab etmirəm”.

Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudovun fikrincə süni intellektin davamlı istifadəsi bir müddət sonra beyni deqradasiyaya uğradacaq:

“Süni intellektdən istifadə etmək olar, lakin onun beynimizi idarə etməyinə icazə verməməliyik. Beyin daim çalışmalıdır ki, inkişaf etsin. Mütəmadi informasiya mübadiləsi aparmalıdır. Hər şeyin hazır şəkildə cavabını almaq bizi robotlaşdıracaq. Yəni sonda bizim süni intellektdən bir fərqimiz olmayacaq”.

Seçilən
0
2
publika.az

3Mənbələr