Omanın xarici işlər naziri Bədr əl-Busaidi Qırmızı dəniz və Babül-Məndəb boğazında hücumlara son qoymaq üçün ABŞ və Yəmən husiləri arasında atəşkəs əldə edildiyini açıqlayıb. Nazir bildirib ki, atəşkəs razılaşması Omanın husilər və ABŞ-la son təmaslarından sonra əldə edilib.
Omanın XİN başçısı deyib ki, bundan sonra Qırmızı dəniz və Babül-Məndəb boğazında gəmilərin hərəkəti üçün heç bir problem olmayacaq: “Gələcəkdə heç bir tərəf Qırmızı dəniz və Babül-Məndəb boğazında ABŞ gəmiləri də daxil olmaqla, digərini hədəf almayacaq, beləliklə, naviqasiya azadlığı və beynəlxalq ticarət gəmiçiliyinin rahat axını təmin ediləcək”.
Yəməndə İranın dəstəklədiyi husilər Fələstinə və Qəzza zolağına dəstək məqsədilə İsrailə və Qırmızı dənizdə ABŞ və İsrailə bağlı gəmilərə hücumlar edirdi.
Bundan əvvəl isə ABŞ prezidenti Tramp Yəməndəki husilərin ona artıq döyüşmək istəmədiklərini və gəmilərə hücum etməyəcəkləri mesajını çatdırdıqlarını açıqlayıb.
"Husilər artıq döyüşmək istəmədiklərini bəyan ediblər. Biz buna hörmətlə yanaşacağıq və onları bombalamağı dayandıracağıq. Onlar təslim olublar, artıq gəmiləri vurmayacaqlarını deyirlər", - ABŞ prezidenti bildirib.
İsrail dövlət televiziyası KAN-a danışan İsrail rəsmiləri isə Trampın husiləri bombalamağı dayandıracaqları açıqlamasının Təl-Əviv administrasiyası üzərində "şok effekti" yaratdığını bildirib. İsrail mətbuatına danışan rəsmilər də Trampın sözügedən qərarla bağlı İsrailə əvvəlcədən məlumat vermədiyini bildirib.
İsrail ordusu son iki gündür Yəmənin bir çox nöqtəsinə, xüsusilə Hudeyda limanı və Sana hava limanına hava zərbələri endirir. Təl-Əviv rəhbərliyi bu hücumların Yəməndəki husilərin mayın 4-də Təl-Əvivdəki Ben Qurion hava limanını ballistik raketlə hədəf almasına cavab olaraq həyata keçirildiyini bildirir.
TAHİR