"Hakimlik haqda danışmağı sevmirəm. Ancaq bu gün hər mübahisəli epizodda "İnter"in lehinə qərar qəbul edilirdi. Bu, möhtəşəm işlər görən mənim komandama qarşı münasibətdə ədalətsizlikdir. Mən nə düşündüyümü hakimə dedim, həmin sözləri burada təkrarlamaq istəmirəm".
Offsideplus.az xəbər verir ki, bu fikirləri UEFA Çempionlar Liqasının yarımfinalında "İnter"ə məğlubiyyətdən (3:4) sonra keçirilən mətbuat konfransında "Barselona"nın baş məşqçisi Hansi Flik səsləndirib.
O, finala çıxa bilmədiklərinə görə məyusluğunu gizlətməyib. Bununla belə, alman çalışdırıcı növbəti mövsüm daha yaxşı nəticə göstərəcəklərinə inamını ifadə edib.
"İnter"in güclü və təcrübəli hücumçuları var. Biz isə cavan kollektivik. Komandamla fəxr edirəm. Bizim vəzifəmiz bu komandanı daha güclü etməkdir. İstənilən halda, məğlubiyyət ağrılıdır, biz bu zərbəni yaşamalıyıq. Növbəti mövsüm qayıdıb Çempionlar Liqasının qalibi olmağa çalışacağıq", - deyə H.Flik vurğulayıb.