Ötən gecə Hindistan ordusu Pakistanla sərhədyanı bölgələrdə başlatdığı “Sindur” adlı hərbi əməliyyat Pakistanın sərt reaksiyasına səbəb olub.
Modern.az xəbər verir ki, Hindistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyat çərçivəsində Pakistan ərazisində və Pakistanın nəzarətində olan Cammu və Kəşmirdə hərbi obyektlərə zərbələr endirilib.
Hədəf alınan 9 obyekt arasında “Caiş-e-Muhəmməd” və “Ləşkər-e-Tayyibə” kimi qruplaşmalara məxsus düşərgələr olub.
Pakistan Ordusunun ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri general-leytenant Əhməd Şərif Çaudri Hindistanın Bəxavalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirdiyini bildirib. Baş nazir Şahbaz Şərif isə ümumilikdə beş yaşayış məntəqəsinin hədəf alındığını açıqlayıb.
Pakistan tərəfinin məlumatına görə, Hindistanın hücumu nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər isə yaralanıb. Baş nazir Şahbaz Şərif bu hadisəni “aqressiv və təxribatçı hücum” adlandıraraq, buna “ciddi və qətiyyətli cavab” veriləcəyini bəyan edib. Ardınca Pakistan 48 saatlıq hava məkanını bağlayıb və qırıcı təyyarələri havaya qaldırıb. Müdafiə naziri Xavadja Asifin bildirdiyinə görə, Hindistana məxsus 5 hərbi təyyarə — 3 Rafale, 1 Su-30 və 1 MiQ-29 — vurulub.
ABŞ prezidenti Donald Tramp Hindistan-Pakistan gərginliyin tezliklə sona çatacağına ümid etdiyini bildirib. Dövlət katibi Marko Rubio isə hər iki ölkə ilə sülh yolu ilə həll istiqamətində əməkdaşlığın davam etdiriləcəyini açıqlayıb.