AZ

Genetik mutasiya yuxu ehtiyacını azalda bilər - ARAŞDIRMA

Bakı, 7 may, AZƏRTAC

Əksər insanlar sağlam fəaliyyət göstərə bilmək üçün hər gecə təxminən səkkiz saat yuxuya ehtiyac duyurlar. Lakin yeni elmi tədqiqatlar göstərir ki, müəyyən genetik mutasiyalar bəzi fərdlərə daha az yuxu ilə kifayətlənərək eyni funksional səviyyəni qorumağa imkan verir. “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilən son araşdırmada alimlər bu fenomenin arxasında dayanan mümkün genetik səbəbləri araşdırıblar.

AZƏRTAC “Nature” jurnalına istinadla xəbər verir ki, tədqiqat Kaliforniya Universitetinin nevroloq və genetik mütəxəssisi, professor Yinq-Hui Fu və onun həmkarları tərəfindən aparılıb. Onların işinə əsasən, təbii olaraq “qısa yuxulu” adlandırılan insanlar – yəni hər gecə yalnız 3-6 saat yataraq fiziki və zehni funksiyalarında heç bir mənfi təsir yaşamayan fərdlər – nadir genetik mutasiyalar daşıyırlar.

Fu bildirir ki, bu şəxslər yuxu zamanı orqanizmdə baş verən bərpaedici prosesləri digərlərindən daha səmərəli şəkildə həyata keçirə bilirlər. İlkin olaraq 2000-ci illərdə başlayan araşdırmalarda bir ana və qızın genomu analiz edilib və onların yuxu-oyanma ritmini tənzimləyən genlərdən birində nadir mutasiya aşkarlanıb. Bu nəticələr sonra oxşar yuxu vərdişlərinə malik digər fərdlərin də DNT analizlərinə gətirib çıxarıb və nəticədə tədqiqatçılar yüzlərlə təbii qısa yuxulu insanı müəyyən ediblər. İndiyə qədər Fu və komandası beş müxtəlif mutasiyanı müəyyən edib, bunların dörd fərqli genə aid olduğu aşkarlanıb.

Son tədqiqatda alimlər müəyyən bir gendə yeni bir mutasiyanı təyin ediblər. Bu gen neyronlararası sinapslarda aktiv olan bir fermenti kodlayır. Yaponiyalı alimlər bu genin başqa bir mutasiyasının siçanlarda həddindən artıq yuxuya səbəb olduğunu daha əvvəl sübut ediblər. Yeni tapıntını sınaqdan keçirmək üçün tədqiqatçılar genetik olaraq dəyişdirilmiş siçanlar üzərində təcrübələr aparıb və mutasiyalı siçanların digərlərinə nisbətən gündə təxminən 31 dəqiqə daha az yatdıqlarını müəyyənləşdiriblər. Bununla yanaşı, fermentin beyin sinapslarında yüksək aktivliyi nəticəsində yuxu ehtiyacını azaltdığını göstərib.

Harvard Tibb Məktəbinin nevroloqu Clifford Saper qeyd edir ki, mutasiyanın siçanlarda yuxu itkisinə təsiri məhdud olsa da, bu tapıntılar aşkarlanan genin yuxu tənzimlənməsindəki roluna dair əvvəlki məlumatlarla uyğunluq təşkil edir və yuxu ehtiyacının genetik əsaslarını daha dərindən anlamağa töhfə verə bilər.

Tədqiqatçılar hazırda bu genetik variantların insanlarda yuxuya necə daha geniş təsir edə biləcəyini müəyyənləşdirmək üçün əlavə tədqiqatlar aparırlar. H.Fu ümid edir ki, gələcəkdə təbii qısa yuxulu insanlarda daha çox mutasiyanın aşkarlanması, yuxunun molekulyar əsaslarını və bədənin bu həyati funksiyanı necə tənzimlədiyini anlamağa yardımçı olacaq.

Bu araşdırma yuxu pozuntularının diaqnostikası və müalicəsində yeni perspektivlər aça bilər.

Seçilən
0
1
azertag.az

2Mənbələr