AZ

Əzəmətli Ruhun Əbədi İzi - YAP Nərimanov Təşkilatının Ulu Öndərin 102-ci İldönümünə Həsr Olunmuş Dəyərli Tədbiri - Politoloq Ülkər Piriyeva » AzadMedia.az



Bakı, 6 may — Azadmedia.az

Tarix hər zaman böyük şəxsiyyətlərin addımlarını əks etdirən güzgü olub. Bu güzgünün ən parlaqlarından biri də Azərbaycan xalqının ümummilli lideri, müdrik dövlət xadimi Heydər Əliyevdir. Onun şəxsiyyəti zamanın fövqündə ucalaraq, hər yeni nəsil üçün bir örnəyə, ruhun təmizliyinə, vətən sevgisinin zirvəsinə çevrilib.

Bu böyük şəxsiyyətin anadan olmasının 102-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşkilatçılığı ilə keçirilən anım tədbiri, onun əziz xatirəsinə ehtiramın, xalq sevgisinin və tarixi yaddaşın bir daha təsdiqinə çevrildi.

Tədbirin rəsmi hissəsində Nərimanov rayonunun nüfuzlu simaları – millət vəkilləri, icra hakimiyyətinin və bələdiyyənin nümayəndələri çıxış edərək, Ulu Öndərin dövlətçilik və müstəqillik yolundakı misilsiz xidmətlərindən danışdılar. Onun rəhbərliyi ilə Azərbaycanın keçdiyi çətin, amma şərəfli inkişaf mərhələləri diqqətə çatdırıldı. Vurğulandı ki, bu gün Azərbaycanın əldə etdiyi uğurlar məhz Heydər Əliyev siyasi məktəbinin və onun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli siyasətinin bəhrəsidir.

Anım tədbirinin bədii hissəsi isə tamaşaçılara duyğusal və mənəvi zəngin anlar yaşatdı. Azərbaycanın xalq artisti Fidan Hacıyevanın səsləndirdiyi vətənə, liderə ithaf olunan musiqilər, Zaur Əmiraslanovun ifasında ucalıq və səmimiyyət dolu musiqi nömrələri tədbir iştirakçılarının qəlbinə toxundu. Xüsusilə, bədii qiraətçi Münəvvər xanımın səsləndirdiyi dərin məzmunlu şeirlər Ulu Öndərin obrazını sözlərlə yenidən canlandırdı. Onun qəhrəmanlığı, müdrikliyi və xalqla bir olan böyük ürəyi səhnədən salona yayıldı.

Bu tədbir bir daha göstərdi ki, Heydər Əliyev təkcə bir lider deyil, milli ruhun memarı, gələcəyin yolçusudur. Onun xatirəsi yalnız qəlblərdə deyil, hər kəsin əməlində, düşüncəsində, Vətənə olan sevgisində yaşayır. YAP Nərimanov rayon təşkilatının bu dəyərli təşəbbüsü, milli yaddaşın qorunmasına, gənc nəslə örnək olmaq missiyasına ləyaqətlə xidmət edir.

Zaman keçir, amma böyük insanlar zamanla yox olmur, onlar millətin qəlbində yaşayır.
Və Ulu Öndər Heydər Əliyev – hər bir azərbaycanlının qürur yerində, ürəyində yaşayır!

Seçilən
0
1
azadmedia.az

2Mənbələr