Hindistan-Pakistan sərhədində gərginlik artır.
KONKRET.az xəbər verir ki, Hindistan ordusu Pakistan ərazisinə aviazərbələr endirib. Bu hücum nəticəsində Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsinin iki sərhəd rayonunda güclü atışmalar və ardıcıl partlayış səsləri müşahidə olunub. Yerli sakinlərin bildirdiyinə görə, səhər saatlarından etibarən bölgədə təhlükəsizlik qüvvələrinin aktivliyi artıb, yollar bağlanıb, məktəblər müvəqqəti bağlanıb və insanlara evlərindən çıxmamaq tövsiyə olunub.
Hadisə ilə bağlı açıqlama yayan Pakistan ordusu Hindistana məxsus bir döyüş təyyarəsinin ölkə hava məkanını pozduğunu və dərhal hava hücumundan müdafiə sistemləri vasitəsilə vurularaq zərərsizləşdirildiyini bəyan edib. Təyyarənin qalıqlarının Pakistanın nəzarətində olan ərazidə yerə düşdüyü və hadisə yerinə hərbi qüvvələrin cəlb olunduğu bildirilir.
Həm Hindistan, həm də Pakistan tərəfi bir-birini təxribatda günahlandırır. Rəsmi İslamabad Hindistanın hərbi əməliyyatlarının beynəlxalq hüququ pozduğunu bildirərək bu addımı “əsassız və təhlükəli eskalasiya” kimi qiymətləndirib. Hindistan tərəfi isə hücumun cavab xarakterli olduğunu və əvvəlcədən planlaşdırılmış “əks-hücum” tədbiri çərçivəsində həyata keçirildiyini açıqlayıb.
Xatırladaq ki, Hindistan və Pakistan arasında Cammu və Kəşmir bölgəsi uzun illərdir mübahisəli ərazi sayılır. Tərəflər arasında zaman-zaman baş verən silahlı toqquşmalar bölgədə humanitar və siyasi böhranlara səbəb olur. Analitiklər yeni qarşıdurmanın daha genişmiqyaslı müharibəyə çevrilə biləcəyindən ehtiyat edirlər.
Hazırda hər iki ölkənin sərhədyanı ərazilərində hərbi vəziyyətin gərgin olaraq qaldığı, diplomatik kanallar vasitəsilə təmasların isə çox məhdud səviyyədə aparıldığı bildirilir.
Natiq Səlim
KONKRET.az