AZ

NAXÇIVANDAN BAŞLANAN İSTİQLAL YOLU

Azərbaycan Respublikasının qurucu Lideri, milli strategiyanın və milli diplomatiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin qurucusu, memarı kimi müasir tariximizdə əbədiyaşarlıq qazanmışdır. Azərbaycanın müstəqilliyə gedən yolunda görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olan “Qurtuluş yolu” Naxçıvandan başlayaraq sabitliyin, əmin-amanlığın, tərəqqinin, sürətli inkişafın qarantı olmuşdur.

Dahi rəhbərin siyasi hakimiyyətinin birinci dövründə formalaşdırılan, milli məfkurəyə söykənən siyasi strategiya, milli istiqlal ideyaları zamanla bəhrələrini verdi, milli müstəqillik uğrunda mübarizə dövlət müstəqilliyinin bərpası ilə yeni mərhələyə qədəm qoydu. Sözsüz ki, bu mübarizə qurbansız ötüşmədi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordu hissələri əliyalın, günahsız insanlara vəhşicəsinə divan tutdu. Hadisənin sabahı günü Moskvadakı daimi nümayəndəliyə gələn Ulu Öndər Heydər Əliyev törədilən qanlı hadisələrə etiraz səsini ucaltdı, beynəlxalq təşkilatların diqqətini yanvar hadisələrinə yönəltdi.

Yaranmış vəziyyətdə Heydər Əliyevə qarşı təqiblər, kampaniyalar başlamışdı. Cərəyan edən hadisələrin doğuracağı nəticələri göz önündə tutan Ulu Öndər 1990-cı ilin 22 iyul tarixində doğma Naxçıvana gəldi. Həmin gün Naxçıvanda əsl bayram əhvali-ruhiyyəsi yaşanırdı. Naxçıvanlılar dahi rəhbərin timsalında öz xilaskarlarını görürdülər. Elə bu ümidlə Heydər Əliyevi 80 mindən çox insan qarşılayırdı. Xalqın xilaskarı kimi üzərinə düşən missiyanı qəbul edən Ulu Öndər elə xalqın etimadı ilə də həmin ildə Naxçıvan və Azərbaycan Ali Sovetinin deputatı seçildi. Zaman o zaman idi ki, ölkədə hərc-mərclik, anarxiya baş alıb gedirdi, iqtisadiyyat tənəzzül etmiş, problemlər qarşısıalınmaz həddə çatırdı. Naxçıvan Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “taleyin ümidinə buraxılmış tənha ada”nı xatırladırdı. Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələr, torpaqlarımızın işğal olunması yaranmış vəziyyəti daha da mürəkkəbləşdirirdi.

Görkəmli dövlət xadiminin Naxçıvan dövrü siyasi və dövlətçilik fəaliyyəti bir sıra taleyüklü qərarların qəbulu ilə müasir dövlətçilik tariximizə düşmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərdiyi 1991-1993-cü illərdə Heydər Əliyevin həyata keçirdiyi işlər, qəbul etdiyi qərarlar Naxçıvanda sabitliyin yaranmasına hesablanmaqla yanaşı, mərkəzdə də birmənalı şəkildə qəbul olunmurdu. Bütün bunlara baxmayaraq, Heydər Əliyevin qısa zamanda həyata keçirdiyi tədbirlər Muxtar Respublikada sabitlik yaratdı, Naxçıvanın işğal təhlükəsi aradan qaldırıldı, blokada şəraiti ilə əlaqədar  yaranmış ərzaq, enerji təhlükəsizliyi probleminin həllinə nail olundu. Uzaqgörən siyasi liderin hazırladığı strategiya nəticəsində dövlət quruculuğu, dövlətçiliyin möhkəmləndirilməsi, idarəetmə mexanizminin yaradılması və təkmilləşdirilməsi, qonşu ölkələrlə diplomatik əlaqələrin qurulması və diplomatik korpusların yaradılması, iqtisadiyyatın inkişafı, kənd təsərrüfatının dirçəldilməsi, enerji və təbii qaza olan ehtiyacların təmini, ordu quruculuğu, əmlakların milliləşdirilməsi, Muxtar Respublikanın müdaifəsinin təşkili və Müdafiə Fondunun yaradılması və digər tədbirlər həm də Naxçıvanda rəhbər-xalq birliyinin əməli nəticələri idi. 16 dekabr 1991-ci ildə hazırlanan qərara əsasən 31 dekabr tarixinin Həmrəylik Günü elan olunması da Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin bəhrəsi kimi milli birlik, həmrəylik ideyalarını gücləndirməyə xidmət edirdi. 

17 noyabr 1990-cı ildə möhtərəm Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin iclasında bir sıra dövlət əhəmiyyətli qərarların qəbulu idarəçilik mexanizminin təkmilləşdirilməsinə hesablanmaqla yanaşı, milli strategiyanın da əsasını təşkil edirdi. Dövlət müstəqilliyinin əldə olunmasına hesablanan milli dövlətçilik strategiyasının mühüm tərkib hissəsi olan Naxçıvan MSSR-nın adından “Sovet Sosialist” sözlərinin götürülməsi, ali qanunverici orqanın adının Ali Məclis elan olunması, dövlət rəmzlərinin hazırlanması və qəbulu Heydər Əliyevin dövlət idarəçilik mexanizminin təkmilləşdirilməsi istiqamətində gördüyü işlər kimi mühüm tarixi əhəmiyyət daşıyırdı. SSRİ-nin qorunması ilə bağlı referendumda səs verməməsi, 19 iyul 1991-ci ildə kommunist partiyası sıralarından çıxmasını elan etməsi, 28 aprel 1920-ci il tarixini Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi və Azərbaycanın işğalı kimi dəyərləndirməsi Heydər Əliyevin milli məfkurəyə, milli dövlətçilik ideyalarına bağlılığının ifadəsi kimi qəbul olunurdu. 1991-ci ilin sentyabrında Naxçıvan MR Dövlət Müdafiə Komitəsinin yaradılması, Naxçıvanın İnkişaf və Müdafiə Fondunun yaradılması, 25 iyul 1992-ci ildə “Naxçıvan MR-in müdafiəsinin təşkili haqqında” qərarın qəbul olunması Muxtar Respublikanın müdafiəsi, erməni işğalının qarşısının alınması, sabitliyin bərpa olunması istiqamətindəki əməli tədbirlər Ulu Öndərin dövlətçilik konsepsiyasının mühüm tərkib hissələri idi.

Qeyd olunan 1990-1993-cü illərdə Naxçıvanda yaranmış blokada vəziyyəti çoxsaylı çətinliklər yaradırdı. Bakıda, mərkəzdə hakimiyyətdaxili çəkişmələr, şəxsi maraqların güdülməsi və digər oxşar problemlər Naxçıvana lazımi diqqətin ayrılmamasına gətirib çıxarmışdı. Yaranmış vəziyyətdə Naxçıvanda baş verən hadisələrin, problemlərin mərkəzə və dünyaya çatdırılması sahəsində də informasiya blokadası yaranmışdı. Heydər Əliyevin təşəbbüsü ilə 7 iyun 1992-ci ildə “Real” informasiya agentliyinin yaradılması informasiya blokadasının yarılmasına xidmət edirdi. Bu dövrdə dünyanın böyük informasiya agentliklərinin Heydər Əliyevdən müsahibə almaq üçün Naxçıvana gəlməsi, Ulu Öndərin çıxışlarında yaranmış vəziyyəti siyasi dəqiqliklə analiz etməsi, vəziyyətdən çıxış yollarının müzakirə edilməsi, ABŞ, Fransa, Türkiyə, İran və s. dövlətlərin rəsmi nümayəndələri ilə Heydər Əliyevin görüşlər keçirməsi, millətimizin haqq səsini dünyaya çatdırması, yaranmış gərgin vəziyyətdən, törədilmiş qırğınlardan, torpaqlarımızın işğal təhlükəsi altında olmasından  bəhs edilməsi bütünlükdə taleyini millətin, dövlətin taleyinə bağlamış siyasət nəhənginin milli dövlətçilik konsepsiyasının mühüm tərkib hissələri idi. 

Ölkədə yaranmış gərgin, mürəkkəb vəziyyət iqtisadi probelmləri də doğururdu. Bu mənada Naxçıvanda yaranmış blokada vəziyyəti problemlərin daha da çoxluğu ilə xarakterizə olunurdu. Naxçıvana gələn qatarlar dayandırılmış, enerjinin, təbii qazın verilişində problemlər yaranmışdı. Enerji təhlükəsizliyi, kənd təsərrüfatının, ümumilikdə iqtisadiyyatın çöküşü, ərzaq ehtiyatlarının tükənməsi bu dövrdə Naxçıvanın reallığı idi və bu problemlərin həlli ilə Naxçıvanda sabitliyə, inkişafa nail olmaq olardı.

Yaranmış vəziyyətdə Naxçıvanda atılası birinci addım blokadanın yarılması, qonşu dövlətlərlə balanslı münasibətlərin, siyasi, diplomatik və ticarət əlaqələrinin qurulması idi. Ulu Öndərin qısa zamanda apardığı diplomatik danışıqlar öz bəhrəsini verdi. 1991-ci ilin 16 aprelində Nehrəm kəndindən İranla körpünün açılışı, elə həmin ilin 29 oktyabr tarixində Türkiyə ilə sərhəd körpüsünün açılması (1992-ci il mayın 28-də Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir), Türkiyə və İran İslam Respublikasının dövlət nümayəndələri ilə diplomatik danışıqların nəticəsində Naxçıvana ərzaq və digər zəruri məhsulların göndərilməsi, 1 mart 1992-ci ildə Naxçıvanda hava limanının istifadəyə verilməsi, həmin ildə Şahtaxtı-Poldəşr keçid məntəqəsinin açılışı, həmçinin İranla əldə olunan razılığa əsasən 40 meqavat gücündə elektrik enerjisinin alınması Naxçıvanın düşdüyü ərzaq, nəqliyyat, enerji, informasiya blokadasından azad olunmasına hesablanmış mühüm nailiyyətlər idi.

Naxçıvanın müdafiəsinin başlıca şərtlərindən biri də milli ordu hissələrinin yaradılması, sovet qoşunlarının Naxçıvandan çıxarılması idi. Görkəmli dövlət xadimi, SSRİ kimi bir imperiyada rəhbərlik təcrübəsi qazanmış, təhlükəsizlik orqanlarında general rütbəsinə qədər yüksəlmiş Heydər Əliyev hələ siyasi hakimiyyətinin birinci dövründə Azərbaycanda milli hərbi kadrların hazırlanması istiqamətində çoxsaylı uğurlu addımlar atmış, hərbiçi kadrların yetişdirilməsinə nail olmuşdu. Naxçıvanda da müdafiə məsələlərinin təşkilinin birinci mərhələsini Heydər Əliyev rus qoşunlarının Naxçıvandan çıxarılmasında görürdü. 18 avqust 1992-ci ildə 75-ci diviziyanın şəxsi heyətinin son dəstəsi, 18 oktyabr 1992-ci ildə sonuncu rus sərhədçiləri Naxçıvanı tərk etmişdir. Hərbi sursat və əmlakların milliləşdirilməsi sahəsinə xüsusi diqqət yetirən Heydər Əliyevin qətiyyəti nəticəsində mili ordu hissələrinin yaradılması sahəsində ilk addımlar atılmışdı ki, bu da Naxçıvanı ermənilərdən qorumaq üçün başlıca amil idi.

Ulu Öndərin Naxçıvanda Ali Məclisin Sədri işlədiyi dövrdə siyasi səriştə ilə hazırlanan, həyata keçirilən qanun layihələri milli dövlətçiliyin baza prinsiplərinin gücləndirilməsinə xidmət etməklə, Azərbaycanın milli dövlətçilik konsepsiyasının müəyyənləşməsində də mühüm rol oynadı. 17 noyabr 1990-cı ildə qəbul olunan qərarlar, dövlər strukturlarının yaradılması və fəaliyyətinin təkmilləşdirilməsi, idarəçilik orqanlarının təşkili və onalara nəzarət mexanizminin hazırlanması və həyata keçirilməsi, kolxozların milliləşdirilməsi dahi şəxsiyyətin siyasi strategiyasının təməl prinsipləri kimi Naxçıvanı “Sabitlik mərkəzi”nə çevirmişdi.

Uzaqgörən siyasi lider, dahi rəhbər Heydər Əliyevin dövlətçilik prinsiplərində, siyasi strategiyasında diqqət çəkiləsi məqamlardan biri də varislik prinsipi idi. Görkəmli dövlət xadimi Heydər Əliyev çıxışlarında, məruzələrində dönə-dönə qeyd edirdi ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Bu varisliyin ən gözəl nümunəsi isə AXC-nin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Ali Sovetində dalğalanması olmuşdur. Geniş mütaliəyə, dərin yaddaşa, hafizəyə, milli qayəyə söykənən çıxışlarında Ulu Öndər AXC dövrünü analitikcəsinə dəyərləndirir, Azərbaycan dövlətçiliyinin keçdiyi tarixi inkişaf yolunun hər bir mərhələsini xüsusi həssaslıqla qiymətləndirirdi. Hələ sovet imperiyasının tam olaraq dağılmadığı dövrdə Ali Sovetdə çıxışı zamanı Dahi Lider bu tarixi Azərbaycanın işğal olunduğu gün kimi qiymətləndirirdi.

Səriştəsiz rəhbərliyin yaratdığı xaos vəziyyəti, vətəndaş müharibəsi, dövlət çevrilişi cəhdləri, ölkənin parçalanmaq təhlükəsi qarşısında qaldığı bir dövrdə taleyini xalqının taleyinə bağlayan dahi rəhbər xalqının çağırışına səs verdi, xalqının yanında olduğunu ifadə etdi və zaman göstərdi ki, xalq öz müdrik liderini çağıranda yanılmamışdı. Azərbaycan ziyalılarının çağırışına səs verən Heydər Əliyev yaranmış vəziyyətdən çıxış yolunun konturlarını da müəyyənləşdirir, gələcək inkişafın yolunu göstərir, qüdrətli, əzəmətli Azərbaycana gedən siyasi xətti də işləyib hazırlayırdı. Amma qarşıda gərgin, mübarizələrlə dolu yol var idi. Ölkə elə bir parçalanma, böhran vəziyyətində idi ki, Azərbaycan xalqı dövlətin xilas yolunu, Qurtuluş yolunu Heydər Əliyevdə görürdü. Ona bəslənən ümidlərə, ona uzanan əllərə biganə qalmayan Heydər Əliyev xalqın çağırışı ilə 9 iyun 1993-cü ildə Bakı şəhərinə gedir.

Zamanın o vaxtı idi ki, bir qurup separatçı dəstə Gəncədə dövlət çevrilişinə cəhd edir, ölkənin şimalında “Ləzgistan”, cənubunda “Talış-muğan” respublikaları qurmağa cəhd edən qüvvələr Azərbaycanı parçalanmaq, məhv olmaq təhlükəsi qarşısında qoymuşdu. Hadisələrlə yerində tanış olan Heydər Əliyevin qətiyyəti, cəsarəti və siyasi səriştəsi ilə qısa zamanda bütün cəhdlərin qarşısı alındı. Və nəhayət, bütün Azərbaycan xalqının gözlədiyi məqam gəlib çatmışdı. Heydər Əliyevlə başlanan Qurtuluş hərəkatı gerçəkləşdi-15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da Heydər Əliyevin siyasi hakimiyyətinin ikinci dövrü başlandı. Qurtuluşla başlayan yol qüdrətli, çiçəklənən Azərbaycana gedən yol idi. 24 iyun 1993-cü ildə Ali Sovetin qərarı ilə Heydər Əliyevin prezident səlahiyyətlərini icra etməsi, 3 oktyabr 1993-cü ildə xalqın inamını doğruldan, ölkəni vətəndaş müharibəsindən qurtaran görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalq-rəhbər birliyinin gücü, siyasi səriştə, milli-tarixi yaddaşa bağlılıq, xalqına və dövlətinə olan sonsuz sevgi ilə Heydər Əliyev müstəqil Azərbaycanı işıqlı sabaha doğru apardı. Qısa zamanda atəşkəsə nail olundu, ölkədə vətəndaş müharibəsinə, böhran vəziyyətinə son qoyuldu, Azərbaycanın beynəlxalq aləmdə imici, nüfuzu möhkəmləndirildi, “Əsrin müqaviləsi” kimi beynəlxalq əhəmiyyətli müqavilənin imzalanması ilə Azərbaycan dünyanın enerji xəritəsində öz yerini möhkəmləndirdi və eyni zamanda, dünya dövlətləri də Azərbaycanı sabit, etibarlı tərəfdaş kimi qəbul etdi.

Bu gün Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi strategiya, milli dövlətçilik konsepsiyası ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunu dövlətimizin artan gücü, potensialı, beynəlxalq aləmdəki nüfuzu da birmənalı şəkildə təsdiq edir. Yeni Dünya Nizamında Azərbaycan nəinki regionun, hətta dünyanın diqqət mərkəzindədir. Nəhəng enerji, nəqliyyat-logistika layihələrinin mühüm tərəfdaşı olan ölkəmiz şanlı qələbəmizdən sonra həm də diplomatik, hərbi, siyasi cəhətdən də güc mərkəzinə çevrilmişdir. Bütün əldə olunan nailiyyətlərin kökündə isə Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı milli dövlətçilik strategiyası dayanır, ölkəmiz rəhbər-xalq birliyinin möhtəşəm təntənəsini yaşayır.

Asəf Orucov,
Naxçıvan MR Ali Məclisin deputatı

Əli Həşimov,
Naxçıvan MR Ali Məclisin deputatı

Seçilən
0
ikisahil.az

1Mənbələr