AZ

ABŞ kəşfiyyatı Trampı yalançı çıxartdı

ABŞ-nin kəşfiyyat orqanlarının, Prezident Donald Trampın “Tren de Aragua” (TDA) adlı venesuelalı cinayətkar qrupun Venesuela Prezidenti Nikolas Maduro hökuməti ilə əlaqəli olduğuna dair iddialarını dəstəkləmədiyi məlum olub.

"Cebheinfo.az" xəbər verir ki, Tramp, ilk prezidentlik dövründə olduğu kimi, 2025-ci ilin yanvarında yenidən vəzifəyə başladıqdan sonra miqrant əleyhinə siyasət yürüdür. 

O, bu iddialara əsaslanaraq 1789-cu il tarixli “Xarici Düşmənlər Qanunu”nu tətbiq etmiş və TDA üzvü olduqları bildirilən 200-dən çox venesuelalını ölkədən çıxartmaq üçün istifadə etmişdi. 

Dəstə üzvü olduqları iddia edilən bu şəxslər ABŞ tərəfindən yüksək təhlükəsizlikli El Salvador həbsxanasına göndərilmişdir.

Gizliliyi ləğv edilərək bazar ertəsi günü mediaya sızdırılan bir sənəd isə ABŞ kəşfiyyatının bu məsələ ilə bağlı Trampdan fərqli düşündüyünü üzə çıxardı.

Belə ki, ABŞ Milli Kəşfiyyat Şurasına (NSA) aid 7 aprel tarixli sənəddə, “Tren de Aragua” çetesinin Venesuela Prezidenti Maduro hökuməti ilə əlaqəli olduğuna inanılmadığı qeyd olunub.

Sənəddə belə deyilir: 

“Venesuelada mövcud olan dözümlü mühit TDA-nın fəaliyyət göstərməsinə imkan verir, lakin Maduro rejiminin bu dəstə ilə əməkdaşlıq etməyə yönəlik hər hansı bir siyasəti mövcud deyil. Maduro hökuməti TDA-nın ABŞ-dəki fəaliyyətlərini nə istiqamətləndirir, nə də idarə edir".

ABŞ-nin “The New York Times” qəzeti də mart ayında dərc etdiyi yazıda, ABŞ kəşfiyyat orqanlarının bu məsələdə Trampın fikirləri ilə uyğun gəlmədiyini bildirmişdi.

Digər tərəfdən, hesabatın yayımlanmasından bir gün sonra ABŞ Ədliyyə Nazirliyi “düzgün olmayan, lakin hələ də məxfi olan məlumatların sızdırılması” ilə bağlı cinayət işi başladıldığını açıqlayıb.

Trampın vəkillərindən biri olan baş prokurorun müavini Todd Blanş da məsələ ilə bağlı açıqlama verərək, sızmada “dərin dövləti” günahlandırıb və bunun Trampın gündəmini baltalamaq üçün siyasi motivli bir cəhd olduğunu iddia edib.

Sözügedən sənəd dünən, İfadə Azadlığı Fondu tərəfindən “Məlumat əldəetmə hüququ” çərçivəsində edilən müraciət nəticəsində ictimaiyyətlə paylaşılıb.

Seçilən
0
cebheinfo.az

1Mənbələr