Futbol dünyasının etibarlı insayderlərindən biri olan Fabrizio Romano bu gün diqqətçəkən transfer xəbəri ilə gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, onun sözlərinə görə, Madridin "Real" klubu "Liverpul"un ulduz müdafiəçisi Trent Aleksander-Arnoldun transferi ilə bağlı "qırmızılar"la tam razılığa gəlib. Müqavilənin 2025-ci ilin iyulunda reallaşacağı bildirilib.

Romano qeyd edib ki, "Real" klubunun texniki heyəti ilkin mərhələdə iki cinah müdafiəçisini – Trent Aleksander-Arnold və Münhen "Bavariya"sının sürətli oyunçusu Alfonso Deyvisi transfer siyahısına salmışdı. Lakin eyni tipdə iki hücumameyilli cinah müdafiəçisini heyətə qatmaq istəməyən Madrid klubu sonda Trenti seçib.

Hazırda La Liqada 34 turdan sonra 75 xal toplayan "Real Madrid" turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Növbəti turda isə komanda "El-Klasiko" çərçivəsində əsas rəqibi "Barselona" ilə üz-üzə gələcək.

İspan nəhəngi heyətini daha da gücləndirmək yolunda ciddi addımlar atmağa davam edir.