Bu gün məhkəmə zalından azadlığa buraxılan, daha çox Oleq Bakinski kimi tanınan Oleq Krapivin Azərbaycanda, Ukraynada və postsovet məkanında tanınan əfsanəvi ismlərdəndir. Rusiya-Ukrayna müharibəsinə qədər uzun illər Ukraynada yaşayıb. Milliyyətcə rusdur, amma Azərbaycan dilində sərbəst danışır. Elə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakimin “sizə tərcüməçi ayrılıb” deməsinə azərbaycanca cavabı da bu xüsusda diqqət çəkdi: “Hörmətli hakim, mən Sabunçu uşağıyam, mənə tərcüməçi nə gərək”.
Oleq Krapivinin həbsi, məhkəməsi barədə aylardır yazırıq deyə, bu mövzuya detallı toxunmuruq.
KONKRET.az xəbər verir ki, Musavat.com-da Oleq Bakinskinin məhkəməsindən reportajlar yer alıb.
Ukraynada milyonluq sərvəti, Azərbaycanda qalmaqallı həbsi, beynəlxalq bağlantılarla dolu bir həyat
Bu gün, 6 may tarixində Oleq Bakinski 9 aylıq həbsxana həyatından sonra ev dustaqlığına buraxılıb. Musavat.com xəbər verir ki, onun azadlığa buraxılması barədə qərar vəkilinin təqdim etdiyi vəsatət və sağlamlıq durumu ilə əsaslandırılıb. Bu qərar təkcə hüquqi deyil, həm də ictimai və siyasi müstəvidə rezonans doğurub. Oleq Bakinskinin kimliyi, keçmişi və beynəlxalq miqyasda əhatə etdiyi sahələr haqqında bilinənləri təqdim edirik.
İdman karyerası ilə başlayan həyat – sərbəst güləşdən kriminal nüfuza qədər
Oleq Krapivin 29 sentyabr 1960-cı ildə Azərbaycanın Şamaxı rayonunun Şəhriyar qəsəbəsində dünyaya gəlib. Uşaqlıq illəri Bakıda keçib – Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internatda oxuyub. Sərbəst güləş üzrə böyük uğurlara imza atıb: Azərbaycan çempionatının 14 qat qalibi olub. 2007-ci ildə İstanbulda keçirilən veteranlararası dünya çempionatında dünya çempionu titulunu qazanıb. Onun bu idman karyerası sonradan həyatının daha fərqli istiqamətlərə yönəlməsinə zəmin yaradıb.
Kiyev dövrü – iş dünyasına gəlişi və yüksəlişi
Oleq Bakinski 1989-cu ildən etibarən Ukraynada – Kiyevdə yaşamağa başlayıb. Sürətlə biznes çevrələrində özünə yer edib. İri ticarət mərkəzləri, daşınmaz əmlak layihələri və kommersiya strukturlarına rəhbərlik etməyə başlayıb. Ukrayna mediası və iqtisadi nəşrlərin məlumatına görə, Bakinskinin sərvəti təxminən 84 milyon dollar civarındadır. “Forbes Ukrayna” jurnalının siyahısında onun adı Ukraynanın ən varlı 100 iş adamı arasında 98-ci pillədə yer alıb.
Rusiya-Ukrayna müharibəsindən əvvəl Oleq Bakinski Ukraynada Azərbaycan diasporunun ən parlaq üzvlərindən olub. O, Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edib.
Adı Bakı ilə bağlı olsa da, o, 1989-cu ildən Kiyev şəhərində yaşayıb. 30 ilə yaxın Ukraynada yaşadığı dövrdə Kiyevdə “Bakines” adlı güləş klubu yaradıb. Azərbaycanla sıx əlaqələrinə görə Şamaxıda güləş məktəbi açıb. Şamaxıda onun şərəfinə güləş turniri də keçirilib.
Oleq Bakinski milliyyətcə rusdur, özünü həmişə azərbaycanlı hesab edib. Müsahibələrində toyunu belə Azərbaycan adət-ənənələrinə uyğun keçirdiyini açıqlayıb.
“Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır”, – Oleq Bakinski müsahibələrindən birində belə deyib.
Ailəsi və ictimai rezonans doğuran toy mərasimləri
Oleq Bakinski ailəlidir. Onun övladları – xüsusilə qızının 2022-ci ildə keçirilən möhtəşəm toy mərasimi Ukrayna və Azərbaycan mediasında geniş müzakirələrə səbəb olmuşdu. Bakıda keçirilən bu toyda tanınmış iş adamları, siyasətçilər və hüquq-mühafizə orqanlarının keçmiş nümayəndələri iştirak etmişdi. Bu hadisə onun Azərbaycan cəmiyyətində də güclü əlaqələrinin olduğunu göstərmişdi.
Rusiyanın Ukraynaya qarşı elan edilməmiş müharibəsi Oleq Bakinskini Ukraynada yaxalayıb. O, çətin günlərdə Oleq Bakinski sakitcə Azərbaycana qayıtmağı seçmədi.Ukraynada qalıb, orada ailələri ilə birgə müharibə dəhşətlərini yaşayan həmyerlilərimizə dəstək verdi. Azərbaycanın Ukraynadakı səfirinin biabırçı qaçışı fonunda Oleq Krapivin qısa müddətdə həmyerlilərimizi bomba yağışı altından çıxarıb Azərbaycana göndərilməsində fəal iştirak edib. Onun Azərbaycan adına və həmyerlilərimizə verdiyi dəstək saymaqla bitməz.
Maraqlı qüvvələrin səyi nəticəsində, 2022-ci il iyunun 26-dan Oleq Krapivinin Ukraynada yaşama izni ləğv olunub. Həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə də qadağa qoyulub. Bundan başqa, Ukrayna hüquq-mühafizə orqanlarının təqdimatı əsasında 27 yanvar 2023-cü ildə keçirilən məhkəmədə Oleq Krapivinin oğlu Sultanbəy haqda cinayət işi başlanıb, qanunsuz olaraq ölkəni tərk etdiyi üçün axtarışa verilib. Ardından Bakıda Rusiya Federal Təhlükəsizlik Xidməti zabiti ilə üz-üzə gəlib. Onun Bakıda oturub ukraynalı nazir müşavirinin ünvanına nalayiq söyüşlər söyməsinə özünəməxsus şəkildə cavab verib. İndi rus generalı sındırılmış kəllə sümüyündə Bakıda hərzə danışmanın acısını hər an hiss edir, məhkəməyə zərərçəkən olaraq gəlib gedir.

Kriminal avtoritet iddiaları və şəbəkələr
Oleq Bakinski Ukrayna mediasında təkcə iş adamı deyil, həm də kriminal nüfuza sahib şəxs kimi təqdim olunur. Onun adı bir sıra qalmaqallı cinayət işlərində, xüsusilə də Rusiya ilə əlaqəli qüvvələrlə, Kadırov rejiminin nümayəndələri və Rusiya FTX generalları ilə əlaqələrdə hallanır. Bu səbəbdən 2022-ci ildə Ukrayna hakimiyyəti onun ölkədəki yaşayış icazəsini ləğv etmiş və ölkəyə girişini rəsmi şəkildə qadağan etmişdi.
Əfsanəvi avtoritet
Oleq Bakinski həm Azərbaycanda, həm də Ukraynada geniş tanınan, haqqında daim mübahisələr gedən, mediada müxtəlif obrazlarla təqdim olunan bir fiqurdur. İdmandan iş dünyasına, oradan isə kriminal dairələrə qədər uzanan həyat yolu ilə o, post-sovet coğrafiyasında nadir rast gəlinən “avtoritet”lərdən biri kimi qiymətləndirilir.
Azərbaycanda qalmaqallı saxlanılma
Oleq Bakinski 2024-cü ilin avqustunda Azərbaycanda – Bakıda saxlanılıb. İddialara görə, Rusiya vətəndaşı ilə aralarında baş vermiş münaqişə fiziki zorakılığa və xuliqanlığa çevrilib. Bu hadisəyə görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (xuliqanlıq – silah və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə) cinayət işi başlanıb.
Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçmişdi. Daha sonra bu müddət bir neçə dəfə uzadılmışdı. O, 2025-ci ilin mayına qədər təcridxanada saxlanılıb.
Azadlığa buraxılma qərarı – səhhət səbəbilə
Bu gün keçirilən məhkəmə iclasında Oleq Bakinskinin vəkili onun səhhətində ciddi problemlərin olduğunu əsas gətirərək ev dustaqlığına buraxılması üçün vəsatət təqdim edib. Məhkəmə vəsatəti təmin edərək onun ev dustaqlığına buraxılması barədə qərar çıxarıb. Bakinskinin konkret hansı xəstəliklərdən əziyyət çəkdiyi açıqlanmasa da, qərar məhz sağlamlıq durumu ilə əlaqədar qəbul edilib.
İttihamlar qalır, məhkəmə prosesi davam edir
Hazırda Oleq Bakinskinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Barəsində irəli sürülmüş ittihamlar hələ tam şəkildə sübuta yetirilməyib. Əgər ittihamlar təsdiq olunarsa, onu 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Lakin hüquqşünaslar səhhət durumu, yaşı və beynəlxalq statusunu nəzərə alaraq, məhkəmənin onunla bağlı daha yumşaq qərarlar verə biləcəyini istisna etmirlər.