Xəbər verdiyimiz kimi, Küveyt, Kamboca, Liberiya, Vyetnam və Polşada yüksək patogenli quş qripi, bəzi bölgələrdə isə dabaq xəstəliyi qeydə alınıb. AQTA-nın qərarı ilə bu ölkələrdən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Lakin mütəxəssislər təhlükənin bununla bitmədiyini bildirirlər.
NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və ixracatçıları Assosiasiyası İdarə Heyətinin sədri, iş adamı Mürvət Həsənli Bakupost.az -a bildirib ki, Türkiyədən də diri quş və cücə idxalına qadağa qoyulmalıdır:

“Biz uzun müddətdir çalışırıq ki, Türkiyədən diri quş və diri cücə şəklində idxala qadağa qoyulsun. Hazırda bildiyimiz kimi, Türkiyənin 7 bölgəsində quş qripi yayılıb. O cümlədən, Konya, Kayseri, Afyon, Manisa, İzmir və digər bölgələrdə. Xəstəliyin yayılmasının qarşısını almaq üçün qadağa tətbiq olunmalıdır. Biz dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişik, amma nəticə yoxdur. Düzdür, bəzi bölgələr üzrə qadağa qoyulur. Məsələn, Konyadan gələn cücəyə qadağa qoyulur, amma kim zəmanət verir ki, Konyada istehsal olunan yumurta İstanbul üzərindən bizə gətirilməyəcək?”
Məsələ ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərdik. Qurumun mətbuat xidmətinin əməkdaşı Rəşad Mehdizadə Bakupost.az -ın sorğusuna cavab olaraq bildirdi ki, agentlik ölkə ərazisinin bioloji təhlükəsizliyinin qorunması məqsədilə müvafiq tədbirlər görür:
“Belə ki, təşkilatın xəstəliklər barədə yaydığı gündəlik informasiyalar əsasında bu və ya digər xəstəliklərin təlimatına uyğun olaraq, müvafiq tədbirlər müəyyənləşdirilir və yüksək riskli qida məhsullarının ölkəyə gətirilməsi, gətirildikdən sonra baytarlıq-sanitariya ekspertizasına cəlb olunması və digər araşdırmaların aparılması həyata keçirilir.
Son dövrlər bəzi ölkələrdə əsasən, iri və xırdabuynuzlu heyvanlar arasında dabaq, eyni zamanda quş qripi xəstəliyinin yayılması ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib. Bu məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar qərar verilərkən, ÜHST-nin həmin ölkələrin aidiyyatı nəzarət qurumu tərəfindən verilmiş təsərrüfat strukturu və coğrafi məlumatlara istinad olunur.
Qeyd etmək lazımdır ki, xəstəliklərin yayılması və baş verməsi barədə əldə olunan bütün informasiyalar tərəfimizdən araşdırılır. Məhdudiyyətlərin tətbiq olunması barədə qərarların qəbul olunması zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq, ÜHST-nin sənədlərinə istinad olunur.
AQTA tərəfindən bu sahədə müvafiq tənzimləmə və nəzarət tədbirləri davam etdirilir”.