Dünya bazarında neft qiymətləri və hasilatı ilə bağlı maraqlı proseslər cərəyan etməkdədir. Qiymətlərin azaldığı bir vaxtda səkkiz OPEC+ ölkəsi bu ilin iyun ayından hasilatı kəskin şəkildə - gündəlik 411 min barrel artıracaq. Razılaşmada iştirak edən ölkələr cari planlarına mümkün düzəlişlər üçün hər ay görüşməyə söz verirlər.
Ekspertlər hesab edirlər ki, hasilatın artırılması qərarının əsas məqsədi OPEC+ razılaşmasını pozanları müəyyən edilmiş kvotalara əməl etməyə məcbur etməkdir. Kartel liderləri bu tədbirlər effekt vermədiyi təqdirdə daha da irəli edəcəklərini vəd edirlər.
Qərb agentliklərinin verdiyi məlumata görə, saziş iştirakçıları hasilat kvotalarına əməl etməməyə davam edərsə, OPEC+ neft hasilatının artımını daha da sürətləndirə və oktyabrın sonuna qədər könüllü 2,2 milyon barrel azaldılmasını tamamilə ləğv edə bilər. OPEC+ qərarı artıq qara qızılın qiymətlərində azalma gözləntilərini artırıb. Mart ayında Səudiyyə Ərəbistanının başçılıq etdiyi ixracatçı ölkələr, hasilat artımının 2026-cı ilin sentyabr ayına qədər davam edəcəyinə qərar veriblər. İyun ayında hasilatı sürətləndirmək qərarı mövcud sağlam bazar əsaslarını nəzərə alaraq qəbul edilib. Səkkiz OPEC+ ölkəsi (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Əlcəzair, Küveyt, Qazaxıstan və Oman) bu addımın iştirakçı ölkələrə kompensasiyalarını sürətləndirmək imkanı verəcəyini qeyd edib. Məhz həmin səkkiz ölkə əvvəllər könüllü olaraq sutkada 2,2 milyon barrel hasilat limiti götürmüşdü. Xatırladaq ki, 2024-cü ilin əvvəlindən Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, İraq, Qazaxıstan, Oman və Əlcəzair könüllü olaraq neft hasilatını ümumilikdə sutkada 2,2 milyon barrel azaldıb. 2025-ci ilin aprelindən onlar azaldılmış barelləri tədricən bazara qaytarmağa başlayıblar. Gözlənilir ki, artıq iyun ayında onlar aprel ayından könüllü hasilatın ümumi həcminin 30%-dən çoxunu neft bazarına qaytara bilərlər. Hesablamalara görə, OPEC+ ölkələrinin iyun ayı üçün ümumi kvotası sazişi pozanlardan kompensasiyalar nəzərə alınmaqla sutkada 36,14 milyon barrel təşkil edəcək ki, bu da may ayı ilə müqayisədə 359 min barrel çoxdur. OPEC+ iclasının bu nəticələrini şərh edən Rusiya baş nazirinin müavini Aleksandr Novak bir daha iştirakçı ölkələri öz razılaşmalarını yerinə yetirməyə çağırıb: “Rusiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt - hər kəs bu gün daha çox istehsal edə bilər”. Ekspertlərin fikrincə, Çində tələbin azalması və karteldən kənar ölkələrdə xammalın aktiv istehsalı fonunda hasilat həcmlərinin əlavə artması bazarda sabitliyi poza bilər. Analitiklər yeni artımı OPEC+ ölkələrinin kvotaları sistematik şəkildə aşan ölkələri nizam-intizama məcbur etmək üçün növbəti cəhdi kimi qiymətləndirirlər. Xüsusilə də güman edilir ki, səudiyyəlilər Qazaxıstan və İraqdan həddən artıq istehsala dözməkdən yorulub və qiymətlərin düşməsi fonunda onları maliyyə tükənməsi yolu ilə cəzalandırmaq istəyirlər. “Rystad Energy”nin analitiki Xorxe Leon bu xüsusda deyir: “Səudiyyə Ərəbistanı bu addımı ilə ilk növbədə Qazaxıstanı müqavilələrə əməl etmədiyinə görə cəzalandırmaq, eyni zamanda neft qiymətlərinin aşağı salınmasını tələb edən prezident Trampı razı salmaq istəyir”. Ekspertlər istisna etmirlər ki, krallıq may ayında Yaxın Şərqə səfər edəcək və OPEC ölkələrini yanacağın qiymətini aşağı salmağa çağıran ABŞ prezidenti Donald Trampla əlaqələri daha da gücləndirməyə ümid edir. Bundan əlavə, Tramp eyni vaxtda Səudiyyə Ərəbistanının siyasi rəqibi və OPEK üzvü olan İranla nüvə sazişi üzrə danışıqlar aparır.
Ər-Riyad daha əvvəl açıq şəkildə bəyan etmişdi ki, neft bazarlarını gələcək tədarükün azaldılması ilə dəstəkləmək niyyətində deyil. İndi krallığın potensial olaraq daha da irəli getməyə hazır olduğu bildirilir: kvotalara riayət yaxşılaşmasa, noyabra qədər kartel OPEC+ üzrə sutkada 2,2 milyon barrel könüllü ixtisarı ləğv edəcəyini vəd edir. Səudiyyəlilərin Qazaxıstana qarşı çoxlu şikayətləri var. Bundan əvvəl Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov ölkəsinin neft hasilatının səviyyəsi ilə bağlı qərarlar qəbul edərkən milli maraqları OPEC+ qrupunun maraqlarından üstün tutacağını bildirmişdi. Eyni zamanda, Qazaxıstan müəyyən edilmiş kvotadan xeyli artıq məhsul istehsal edir. Ölkənin OPEC+ razılaşması üzrə kvotası birinci rübdə 1,468 milyon barrel, apreldə 1,473 milyon barrel olub, may ayında isə 1,486 milyon barrelə qədər artıb. Bununla belə, mart ayında Qazaxıstanda neft hasilatı sutkada 1,8 milyon barrelə çatıb. Yəni, ölkə müəyyən edilmiş həddini sutkada 330 min barreldən çox keçib. OPEC+ məlumatlarına görə, Qazaxıstan mart ayında öz kvotasını sutkada 422 min barrel üstələyib. Fevralda Qazaxıstanda da neft hasilatı kvotanı keçərək sutkada 1,77 milyon barrel təşkil edib. Hasilatın artması “Tengiz” yatağında iri layihənin genişləndirilməsi ilə izah edilib. Bunlar fonunda iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, əgər neft qiymətləri 50 dollar civarında bir neçə il qalsa, neftdən kəskin asılı olan ölkələrdə ciddi iqtisadi dalğalanmalar baş verəcək: “Azərbaycan dünyada neft-qazdan ən çox asılı olan ölkələr sırasındadır, ixracatımızın 90%-i enerji sektorudur, bu faiz nisbəti illərdir ki, dəyişmir, doğrudur, mütləq rəqəmlərdə dəyişikliklər olur, amma məhz faiz nisbəti dəyişmir. Bir də bizim vəziyyətin qəlizliyi ondadır ki, qiymətlə paralel neft hasilatı da azalır”. N.Cəfərli Azərbaycanın son 20 ildə 3-cü neft ucuzlaşması dalğasına hazırlaşmalı olduğunu vurğulayıb. Hələlik isə Qərb analitikləri hesab edirlər ki, OPEC+ qərarı növbəti üç rüb ərzində qlobal neft ehtiyatlarını 200 milyon barrel artıra bilər ki, bu da qiymətlərin bir barrel üçün 50 dollara düşməsi risqini yaradır. Bu ilin əvvəlindən neft artıq təxminən 19% ucuzlaşıb. Və kartelin aprel qərarından sonra “Brent” markalı neftin qiyməti bir həftə ərzində təxminən 72 dollardan 60 dollara düşüb.
Ramil QULİYEV