AZ

Azərbaycan-BMT münasibətləri yeni formatda qurulur...


2025-ci ilin mayında Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini başa çatdırıb. Bu barədə həmin qurumun məlumatında bildirilir. Vurğulanıb ki, UNFPA bu ölkədəki 30 illik fəaliyyəti ərzində ana sağlamlığını yaxşılaşdırmaq, gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün hökumətə və digər tərəfdaşlara kömək etməkdə əsas rol oynayıb:

“UNFPA-nın Azərbaycanla əlaqələri Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi, eləcə də baş qərargahı vasitəsilə davam edəcək”.

Bu günlərdə BMT-nin İnkişaf Proqramının (UNDP) da Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti başa çatıb. UNDP-nin Azərbaycanda nümayəndəliyi 1992-ci ilin payızında təsis edilib. İlk vaxtlarda qurumun Azərbaycandakı fəaliyyəti Qarabağ münaqişəsindən zərərçəkənlər üçün erkən bərpa proqramının həyata keçirilməsinə yönəlib. Zaman keçdikcə, onun Azərbaycandakı rolu ölkənin dəyişən ehtiyaclarına uyğun istiqamətlənib. Burada xatırladaq ki, cari ilin martın 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda BMT İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Sonu qəbul edərkən bu təşkilatın qurumları ilə yeni əməkdaşlıqdan bəhs edib. Görüşdə vurğulanıb ki, Bakı BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və onun resurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidən nəzərdən keçirir: “Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb”. Eyni zamanda, ərazilərimizin işğaldan azad edilməsi və son illərdə Azərbaycanın əldə etdiyi sosial-iqtisadi tərəqqinin sosial profilli layihələrin icrasında ölkənin öz daxili resurs və imkanlarına arxalanmağa şərait yaratdığı, Azərbaycanın bir sıra BMT qurumları vasitəsilə bir çox ölkələrə donorluq fəaliyyəti göstərdiyi xüsusilə qeyd olunub. Bununla əlaqədar, Azərbaycanın BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və BMT-nin resurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidən nəzərdən keçirdiyi vurğulanıb. Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb. Əməkdaşlıqda yeni yanaşma Azərbaycanın artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə çevrilməsi ilə əlaqəndirilib. BMT-nin Məskunlaşma Proqramı, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi ilə əməkdaşlığın prioritet təşkil etməsi və bəzi BMT qurumları ilə də gələcək əməkdaşlığın bu model əsasında, birbaşa mənzil qərargahları ilə işləməklə davam etdiriləcəyi qeyd olunub. Qeyd edək ki, Azərbaycan BMT-yə 33 il əvvəl, 1992-ci il martın 2-də qəbul edilib. Indi Azərbaycan bu qurumla əməkdaşlığını yeni formatda qurur.

Ekspertlər qeyd edir ki, Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda Azərbaycanın ehtiyacları və prioritetləri fərqlidir. Azərbaycan 90-cı illərdəki kimi humanitar böhranla üzləşmiş ölkə deyil, artıq donor ölkəsinə çevrilib, başqalarına yardım edir. Belə olan halda bəzi beynəlxalq təşkilatların, xüsusilə beynəlxalq humanitar təşkilatların Azərbaycanda fəaliyyət göstərməsi əhəmiyyətli xarakter daşımır. Bu günlərdə mediada yayılan məlumatlardan isə bəlli olurdu ki, Rəsmi Bakı BMT-nin dörd ofisinin - BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycanda ofislərinin bağlanması təklifi ilə çıxış edib. Bundan başqa, Azərbaycan hökuməti artıq BMT-nin 4 yerli ofisi ilə yanaşı Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) də yerli nümayəndəliyinin bağlanması ilə bağlı bildiriş göndərib. Artıq BMT qurumları ilə bağlı müvafi addımlar atılır. Azərbaycan açıq şıkildə bəyan edir ki, bu qurumların Azərbaycanda məşğul olacaqları bir iş qalmayıb. Təbii ki, belə şəraitdə , onların ofisinin fəaliyyət göstərməsi də əhəmiyyətsizdir. Konkret BMT öz resurslarını böhran zonalarına, ən çox ehtiyac duyulan ölkələrə yönəldə bilər. Azərbaycanın yanaşması bu cəhətdən BMT üçün olduqca sərfəlidir. BMT-nin özünün maliyyə resursları get-gedə məhdudlaşır. Çünki müharibələrin, eyni zamanda müxtəlif münaqişələrin getdiyi dünyada zərərçəkənlərə daha çox yardımlar lazımdır. BMT özünün məhdud maliyyə resurslarını məhz həmin ərazilərə yönəldə bilər. Hər halda ölkəmzin bu yanaşması BMT tərəfindən anlayışla qarşılanmalıdır. Azərbaycanın mövqeyi BMT-nin resursunu daha çox tələb olan istiqamətə yönəltməyə əlavə imkan yaradır.

Nahid SALAYEV

Seçilən
0
baki-xeber.com

1Mənbələr