Kubuçi səhrasında həyata keçiriləcək nəhəng layihə 100 giqavata qədər təmiz enerji təmin etməklə yanaşı, 50 min iş yerinin açılmasına səbəb olacaq .Çinin Daxili Monqolustan Muxtar Bölgəsində yerləşən Kubuçi səhrasında möhtəşəm enerji layihəsi - “Böyük Günəş Divarı” həyata keçirilir. Layihə ölçüsü baxımından artıq Çin səddi ilə müqayisə edilir. Tikintinin başa çatdırılması 2030-cu ilə planlaşdırılır. Bu barədə “Express” nəşri məlumat yayıb. Günəş kompleksinin uzunluğu təqribən 400 km, eni isə 5 km-ə qədər olacaq.
Gözlənilən quraşdırılmış güc 100 giqavatdır ki, bu da Pekin və ətraf rayonların hamısını elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir. Bundan əlavə, layihə yerli torpaqların səhralaşması ilə mübarizə məqsədi daşıyır. Layihənin 87 milyard avroya başa gələcəyi təxmin edilir.Çinin Milli Enerji Administrasiyasının məlumatına görə, ölkənin ümumi günəş enerjisi istehsal gücü 2024-cü ildə 880 giqavattı ötüb ki, bu da dünyanın istənilən ölkəsindən çoxdur.
Çin günəş panelləri istehsalında dünya lideri olaraq qalır və külək enerjisi də daxil olmaqla genişmiqyaslı bərpa olunan enerji layihələrinə sərmayə qoymağa davam edir. Bundan əvvəl NASA Böyük Günəş Divarının tikintisini əks etdirən fotoşəkilləri dərc etmişdi. Onlar səhrada bir sıra günəş panelləri və fotovoltaik enerji layihələrini nümayiş etdirdilər. PV Magazine-in verdiyi məlumata görə, NASA deyib: "Daxili Monqolustanda qumlu və faktiki olaraq cansız Kubuçi səhrası bir vaxtlar "ölüm dənizi" kimi tanınırdı. Bu yaxınlarda onun qum tarlaları fotovoltaik imkanlar dənizinə çevrildi.Kubukanın günəşli havası, düz ərazisi və sənaye mərkəzlərinə yaxınlığı onu günəş enerjisi istehsalı üçün cəlbedici yerə çevirir. Panellər Baotou və Bayannur şəhərləri arasında Sarı çayın cənubundakı uzun, ensiz dünlər zolağında quraşdırılır.
Surxay Əliyev