Bazar günü Bakıda bir futbol bayramı var idi, gəl görəsən.
Vaxtilə böyük oyunları qəbul edən, lakin məlum hadisələrdən sonra uzun illərdir sükuta qərq olan “ASK Arena” (əvvəl “Termist”, daha sonra “Şəfa” kimi tanınırdı – H.) qapılarını II Liqanın çempionluq matçına (“Şəfa” – “Şahdağ Qusar”) açmışdı.
Qızıl medal həvəsi bir tərəfə, “Şəfa” rəsmilərinin qarşılaşmadan öncə qonaq azarkeşlər üçün biletin qiymətini dağ başına qoyması aradakı intriqanı bir xeyli qızışdırmışdı.
Elə buna görə də Qusarda uşaqdan-böyüyə futbolla maraqlanan hər kəs paytaxtın yolunu tutub, stadionda möhtəşəm mənzərə yaratmağa nail olmuşdu.
“Şəfa”nın çəpik çalan izləyicilərindən fərqli olaraq qusarlıların özlərini qonaq yox, ev sahibi kimi aparması hər mənada hiss olunurdu.
90 dəqiqə dayanmaq bilmədən “Şahdağ Qusar”a dəstək verən azarkeşlər bir neçə dəfə rəngli tüstülərdən istifadə etməklə böyük oyun ab-havasını yaratmağa nail oldu.
Hakimin final fitindən sonra stadion lərzəyə gəldi. Heç-heçəyə üzülən “Şəfa”lılar məyusluq içində olduğu anda “Şahdağ”ın üzvləri bəlkə də çempionluğa səbəb olacaq həmin 1 xalın sevincini tərəfdarları ilə birlikdə yaşadı.
Nə gizlədim, bu cür mənzərəni sonuncu dəfə 13-15 il əvvəl “Neftçi”ylə “Xəzər Lənkəran” arasındakı oyunlar zamanı görmüşdüm.
Aşağıdakı videoya baxmaqla bir daha əmin olacaqsınız ki, Azərbaycan futbolu bölgələrlə daha gözəldir.
HƏBİB / SPORTİNFO.AZ