Ölkəmizdə təşkil olunan “Baku Open” şahmat festivalı bağlanış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, “Crystal Hall”da təşkil olunan tədbirdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxış edib.
O, “Baku Open”in böyük ənənələrə malik olduğunu və yarışın yüksək mübarizə şəraitində keçdiyini vurğulayıb: "Hər şey son turda həll olundu. Turnir iştirakçıları maraqlı gedişlərlə yadda qaldılar və bir sıra qeyri-standart yeniliklərdən istifadə edərək şahmat həvəskarlarını sevindirdilər: "Baku Open" müxtəlif yaş qruplarından olan iştirakçıları bir araya gətirərək, müxtəlif nəsillərin şahmata olan marağını nümayiş etdirdi".
FİDE-nin sabiq prezidenti Kirsan İlyumjinov turnirə fəxri qonaq qismində qatılıb. O, dünyanın şahmat paytaxtlarından biri olan Bakıya yenidən səfər etməkdən şad olduğunu bildirib.
Şahmat Festivalında 16 ölkədən 700-ə yaxın şahmatçı iştirak edib. A turnirində reytinqi 2250-dən yuxarı olan oyunçular, B turnirində daha aşağı reytinqli şahmatçılar, C turnirində isə FİDE reytinqinə malik gənc oyunçular iştirak edirdi. Baku Open-in mükafat fondu 55 min dollar olub.
Qeyd edək ki, A turnirinin qalibi serbiyalı Aleksandar İnciç olub.
İdman.biz