Kamran Məmmədli: "Bank sektoru ilə bağlı istehlakçıların hüquqları kobud şəkildə pozulur"
Son zamanlar kommersiya bankları ilə bağlı şikayətlər artmaqda davam edir. Azərbaycanın aparıcı banklarından biri olaraq tanınan "Unibank" haqqında son dövrlərdə sosial mediada və şikayət platformalarında narazılıqların artdığı müşahidə edilir. Müxtəlif müraciətlər bankın müştəri siyasətində ciddi problemlərin olduğunu göstərir.
Onu da bildirək ki, “Unibank" əməkdaşlarının kobudluğu və bankın güşəşt müddətinin az olması bankdan imtina edən müştərilərin sayını artırıb.Narazı müştərilərdən biri də Günay Quliyevadır. Bu problemlər səbəbindən o "Unibank"dan imtina edib: ““Unibank”da kredit kartım var idi, bağlamışam tamamilə, hətta artıq qəpik də qalıb. Amma adımda öhtəlik kimi qalıb və bank da deyir ki, gəlin filiala, ərizə yazın, tam bağlansın. İşləyən insanları da düşünmək lazımdır axı ki, bu insan necə gəlsin. Artıq uzun müddətdir ki, narazıyam bu bankdan. Həm güzəşt müddəti az, həm əməkdaşarı kobud".
Ən çox rast gəlinən şikayətlərdən biri vətəndaşlara telefonla zəng edilərək filiallara dəvət edilməsidir. Zəngdə bildirilib ki, guya kredit kartı nağdlaşdırılacaq. Ancaq vətəndaş saatlarla növbə gözlədikdən sonra ona “texniki problem var” deyilir. Problemin texniki olduğu qeyd olunsa da, əməkdaşlar bu müddətdə digər müştərilərlə rahatlıqla işləməyədavam edirlər. Ümumiyyətlə, son vaxtlar adıçəkilən bankla bağlı şikayətlər artmaqda davam edir. Maraqlıdır, “Unibank”da nə baş verir ki, narazılıqlar artır?
"Kredit faizinin yüksək olması, müştərilərlə kobud davranış, 1 gün gecikməni belə vətəndaşın..."
İqtisadçı Kamran Məmmədli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bütün kommersiya banklarından şikayətlər günü-gündən artır: "Vətəndaşların şikayəti müxtəlif sahələr üzrə olur. Adətən istehlak krediti götürən vətəndaşlar daha çox narazılıq edir. Kredit faizinin yüksək olması, müştərilərlə kobud davranış, 1 gün gecikməni belə vətəndaşın bütün qohumlarına bildirilməsi insanları banklardan uzaqlaşdırır. Bəli, bu kimi narazılıqlar "Unibank"da da olur.Ümumiyyətlə, bank sektoru ilə bağlı istehlakçıların hüquqları kobud şəkildə pozulur. İstehlakçı problemlərinin həllinə çalışmaq lazımdır ki, insanlar arasında narazılıq halları artmasın. Banklar bu gün müştəri, istehlakçı hüququnu deyil, öz qazancını düşünür. Bu düşüncə də sonda müştəriləri özündən narazı salır".
Leyla QARAXANLI