Xaqani Cəfərli: "Tramp Ərdoğanı təhqir edən məktbunu hələ də Nyu-Yorkdakı Tramp Qülləsinin (Trump Tower) divarında sərgiləməkdə davam edir"
ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb ki, mənim indicə Türkiyə prezidenti Rəcəb Ərdoğanla çox yaxşı və məhsuldar telefon danışığım oldu, bir çox mövzuları müzakirə etdik, bizim müzakirəmiz Rusiya və Ukrayna arasındakı müharibəni, Suriya, Qəzza ilə bağlı hər şeyi və daha çox şeyi əhatə etdi.
"Ərdoğan məni Türkiyəyə səfərə dəvət etdi və o, Vaşinqtona da gələcək. Prezident olduğum dörd il ərzində Ərdoğanla münasibətim əla olub. Biz bir çox məsələlərdə, o cümlədən həbsdə olan keşiş Endryu Brunsonun ABŞ-a qaytarılmasına kömək etməsi də daxil olmaqla geniş müzakirə apardır - mənim xahişimlə məhsuldar işlədik. Ərdoğanla Rusiya-Ukrayna arasındakı bu qanlı müharibəni sona çatdırmağı səbirsizliklə gözləyirəm!", - Teamp yazdı.
Tramp Ərdoğana nədən belə güvənir? Türkiyə prezidentinin ABŞ səfərini vacib edən əsas məsələ hansıdır?
Baki-xeber.com saytının sualını cavablandıran politoloq Xaqani Cəfərli bildirdi ki, ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığının çox yaxşı və məhsuldar olduğu haqqında açıqlaması ilə bağlı iki məqamı qeyd etmək olar. Birincisi, Tramp özünün yer aldığı bütün məsələlərdə olduğu kimi ikinci prezidentlik müddətinin başladığı gündən bəri bütün qərar və danışıqlarını ancaq müsbət ifadələrlə təqdim edir.
Trampın Ərdoğanla müansibətlərində diqqət çəkən ikinci məqam isə ondan ibarətdir ki, Türkiyə prezidentinin adı keçən istənilən mövzuda Ağ Ev sahibi dərhal keşiş Brunson məsələsini xatırladır. Halbuki, bu məsələ Vaşinqtonla Ankara arasında müansibətlərin tarixi boyu yaşanmış ən uğursuz hadisələrdən biri hesab olunur.
Məlum olduğu kimi 2016-cı ilin uğursuz hərbi çevriliş cəhdindən sonra terrorizm və casusluq ittihamı ilə həbs olunmuş keşiş Brunsona görə ABŞ Maliyyə Nazirliyi Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu və Ədliyyə naziri Abdulhamit Gülə qarşı sanksiyalar tətbiq edib və onların aktivlərini dondurmuş. O zaman vitse-prezident olan Mayk Pens, Dövlət katibi Mayk Pompeo Türkiyəni sanksiyalarla hədələmişdi. Ən nəhayət Tramp Ərdoğana məlum məktubunu yazaraq Türkiyə liderini sərt şəkildə təhdid etmiş və Türkiyənin indi yaşadığı dərin sosial-iqtisadi böhranın əsasını qoymuşdu. Trampın təhdid məktubu ilə Türkiyə valyutası qəfil 40 faiz ucuzlaşmış və beynəlxalq maliyyə institutları ilə münasibətlərində qırılma baş vermişdir. Həmin dövrdən bəri Türkiyə valyutası sabitləşə bilmir. İndi də Türkiyə prezidentinin adı keçən istənilən mövzuda Tramp dərhal keşiş Brunson məəsləsini xatırladır. Səhv etmirəmsə, ikinci prezidentliyinin ilk 100 günündə ən azı 5 dəfə keşiş Brunson məsələsini xatırladıb. Digər tərəfdən, Tramp Ərdoğanı təhqir edən məktbunu hələ də Nyu-Yorkdakı Tramp Qülləsinin (Trump Tower) divarında sərgiləməkdə davam edir. Təəssüf ki, əksəriyyət bu məqamları görməzdən gəlir. Amma bu gerçəklikləri dəyişməyəcək.
Qənaətimcə Tramp Türkiyədən Qəzza və Suriya ilə bağlı mövqeyini dəyişməyi, ən azından ciddi korrektələr etməsini istəyir. Keşiş Brunson məsələsini də məhz buna görə xatırladır və Ankaranın o zaman olduğu kimi güzəştə getməsini istəyir".
Akif NƏSİRLİ