AZ

İran əvvəllər Ermənistanın üstündə qurduğu Cənub-Qərb marşrutunu dəyişdirdi...


Fikrət Yusifov: “Lakin İran belə layihələri reallaşdırmağa qalxmazdan öncə Qərbin...”

İran TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılmasını təklif edir. Bu barədə ölkənin yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe bildirib.

O qeyd edib ki, sözügedən təşəbbüs İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin bu yaxınlarda Azərbaycana səfəri zamanı səsləndirilib və rəsmilər tərəfindən bəyənilib. Müşavirin sözlərinə görə, bu il İranın yol və şəhərsalma naziri TRACECA Hökumətlərarası Komissiyasına sədrlik edəcək. Qeyd edək ki, TRACECA bütün iştirakçı ölkələrin siyasi iradəsinə və ümumi səylərinə əsaslanan fəal tədbirlər vasitəsilə Qara dəniz hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında iqtisadi münasibətlərin, ticarətin və nəqliyyat əlaqələrinin inkişafını nəzərdə tutan beynəlxalq səviyyədə tanınmış proqramdır.

Bu, İran-Azərbaycan münasibətlərində başlanan yeni bir prosesdir. TRACECA həm də Cənub-Qərb dəhlizidir. Vaxtilə İran bu layihəni Ermənistan üzərindən həyata keçirməyə çalışırdı. Xüsusən də Serj Sarkisyan Ermənistan prezidenti olanda buna çox cəhd edildi. İran Ermənistan-Gürcüstan üzərindən Avropaya çıxmağa çalışırdı. Son vaxtlara qədər bu, gündəmdə idi, amma görürlər boş şeydir və bununla bağlı siyasəti dəyişirlər. İran Azərbaycan və Gürcüstan üzərindən bu layihəyə önəm verir. Çünki dağlıq əraziyə malik olan Ermənistan üzərindən bunu reallaşdırmaq perespektivsizdir. Bunun üçün milyardlar lazımdır. Azərbaycan üzərindən isə hazır infrastruktur var. Görünən odur ki, İran nəhayət Azərbaycan üzərindən daşımanın əlverişli olduğunu dərk edir. O cümlədən, İran xüsusilə Ermənistanın ərazilərimizi işğal altında saxladığı illərdə önəm verdiyi Cənub-Qərb dəhlizinin mahiyyətini dəyişməyə məcbur oldu. Bunu Azərbaycan üzərindən həyata keçirməyə başladı.

“Bu nəhəng layihə yolun müasir iqtisadiyyatda rolunun nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut edir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq maliyyə naziri, professor Fikrət Yusifov hesab edir ki, İranın belə mövqe sərgiləməsi bir sıra məsələlərdən irəli gəlir: “Əvvəla, TRACECA proqramı 1993-cü ildə Brüssel Bəyannaməsi əsasında Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirakı ilə yaradılıb. Sonradan Moldova, Monqolustan və Ukrayna, 2000-ci ildə Türkiyə, Rumıniya və Bolqarıstan, 2009-cu ildə isə İran bu proqrama qoşulublar. 2009-cu ildə Litvaya, 2017-ci ildə isə Yunanıstan Respublikasına TRASEKA komissiyasında müşahidəçi statusu verilib. Müasir dünyada səmərəli ticarət yollarının qurulması iqtisadi inkişafın ayrılmaz tərkib hissəsinə çevrilib. Bütün səviyyələrdən olan investorlar, iş adamları öz məhsullarını daha qısa və daha təhlükəsiz yollarla istehlak bazarlarına çatdırmağa çalışırlar. Bu gün dünyanın ən böyük ixracatçısı olan Çinin “Kəmər və yol” layihəsi də bu sıradan olan ən böyük layihədir. Ümumi dəyəri 8 trliyon dollar səviyyəsində planlaşdırılan bu layihəyə vasitəsilə Çin 64 ölkəni əsasən quru yollarla birləşdirməyi düşünür. Bu nəhəng layihə yolun müasir iqtisadiyyatda rolunun nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut edir. İranın TRACECA layihəsi çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılmasını təklif etməsi ilk baxışda olduqca cəlbedici görünür. Lakin İran belə layihələri reallaşdırmağa qalxmazdan öncə Qərbin ona tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasına nail olmalıdır. Real olan budur ki, İran nüvə proqramını dayandırmasa, bu sanksiyaların götürülməsi mümkün deyil. Əksinə, İrana qarşı bir qədər də ağır sanksiyalar tətbiq edilə bilər və ya İrana ABŞ-İsrail cütlüyü hərbi müdaxilə edə bilər. Bu durum ortada olduğu bir şəraitdə, İran üzərindən onun təklif etdiyi yeni nəqliyyat layihəsinin reallaşdırılması mümkün deyildir. Nəzərə alaq ki, mövcud sanksiyalar səbəbindən bu gün İran üzərindən keçən Şimal-Cənub Ticarət Dəhlizinin reallaşdırılması mümkün olmur. Yəni təklif olunan layihə maraqlıdır lakin onu reallaşdırmaq üçün qonşu ölkə Qərblə mövcud olan problemlərinin həllinə nail olmalıdır”.

Vidadi ORDAHALLI

Seçilən
0
baki-xeber.com

1Mənbələr