AZ

Azərbaycan Premyer Liqanın ən gənc klubları - SİYAHI

“Qarabağ”ın futbolçusu Amin Rzayev Misli Premyer Liqasında mövsümün ən gənc debütantı adını qazandıqdan sonra klubların orta yaşları maraq doğurur.

İdman.biz çempionatın ən gənc və ən yaşlı komandaları müəyyənləşdirib.

Bu, cari mövsüm ən azı 1 dəqiqə şans qazanan futbolçuların göstəricilərinə əsasən mümkün olub. Ümumilikdə, çempionatın gedişində 282 nəfər meydana çıxıb. Onların bu günə olan orta yaşı 26 il 337 gündür. Bir faktı da vurğulayaq ki, bu oyunçulardan altısı 2 fərqli klubda forma geyinib.

Ən gənc klubların siyahısı ilə Premyer Liqanın turnir cədvəlini maraqlı məqam birləşdirir. Dörd azyaşlı komanda elə son sıralardakı ardıcıllıqla düzlüb.

Autsayder “Səbail” hamıdan gənc heyətə güvənir. Futbolçularının yaşı 26-dan aşağı olan digər komanda “Kəpəz” Premyer Liqada 9-cudur. Elə qonşu sıralardakı “Sumqayıt”la “Şamaxı” da bu ardıcıllığı davam etdirir.

Futbolçularının orta yaşı yüksək olan komandalar isə əsasən mükafatlara iddialılardır. Yalnız “Neftçi” “qocalar” sırasına düşüb. Paytaxt təmsilçisi yalnız “Araz-Naxçıvan”la müqayisədə gənc sayılır. Çempion “Qarabağ”, gümüş mükafatçı “Zirə” və hələ də bürünc şansı qalan “Turan Tovuz”da da orta yaş 27-ni keçib.

1. “Səbail” (28 futbolçu) – 25 yaş 254 gün
2. “Kəpəz” (32 futbolçu) – 25 yaş 313 gün
3. “Sumqayıt” (32 futbolçu) – 26 yaş
4. “Şamaxı” (30 futbolçu) – 26 yaş 2 gün
5. “Sabah” (29 futbolçu) – 26 yaş 245 gün
6. “Turan Tovuz” (28 futbolçu) – 27 yaş 119 gün
7. “Zirə” (26 futbolçu) – 27 yaş 134 gün
8. “Qarabağ” (29 futbolçu) – 27 yaş 274 gün
9. “Neftçi” (30 futbolçu) – 27 yaş 307 gün
10. “Araz-Naxçıvan” (24 futbolçu) – 29 yaş 52 gün

Vüqar Xeyrullayev
İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr