AZ

Uşakov: Moskvada qələbə paradında 30-a yaxın ölkənin liderlərinin iştirakı gözlənilir

Otuza yaxın xarici lider Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün Rusiyaya gələcək.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

"Çoxsaylı xarici qonaqlar dəvət olunub və biz Qələbə paradına dəvət etdiyimiz ölkələrdən 29 liderin iştirak edəcəyini gözləyirik", - o qeyd edib.

Y.Uşakovun sözlərinə görə, Bosniya və Herseqovina, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, ÇXR, Konqo, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Slovakiya, eləcə də bir sıra MDB ölkələri yüksək səviyyədə təmsil olunacaq.

O, həmçinin bildirib ki, Hindistan, Nikaraqua və CAR "kifayət qədər yüksək səviyyədə" təmsil olunacaq.

Y.Uşakov qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı, MDB, Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Rusiya və Belarus İttifaq Dövləti, Afrika İttifaqı Komissiyasının baş katibləri, Yeni İnkişaf Bankının prezidenti də parad və bayram tədbirlərinə dəvət olunub.

Rusiya Prezidentinin köməkçisi vurğulayıb ki, Qırmızı meydandan 13 ölkə, o cümlədən Azərbaycan, Vyetnam, Belarus, Misir, Qazaxıstan, ÇXR, Qırğızıstan, Laos, Monqolustan, Myanma, Tacikistan, Türkmənistan və Özbəkistanın parad heyətləri keçəcək.

Seçilən
0
1
report.az

2Mənbələr