AZ

Britaniya bəzi ölkələr üçün viza məhdudiyyətləri tətbiq etməyi planlaşdırır

Londоn, 6 may, AZƏRTAC

Böyük Britaniya bəzi ölkələrdən olan şəxslər üçün vizaların verilməsini məhdudlaşdıra bilər.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Birləşmiş Krallıq hökuməti iş və ya təhsil vizası ilə ölkəyə daxil olduqdan sonra sığınacaq üçün müraciət edənlərin sayının artmasından narahatdır.

Daxili İşlər Nazirliyinin hazırladığı yeni plana əsasən, Pakistan, Nigeriya və Şri-Lanka kimi ölkələrin vətəndaşları üçün Böyük Britaniyada işləmək və oxumaq imkanları çətinləşdirilə bilər. Rəsmi London hesab edir ki, bu ölkələrdən gələnlər arasında vizanın müddəti başa çatdıqdan sonra ölkədə qeyri-qanuni qalmaq və sığınacaq almaq üçün müraciət edənlərin sayı xüsusilə yüksəkdir.

Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, immiqrasiya sistemində nizam-intizam yaratmaq üçün əhatəli plan təqdim ediləcək. Nazirlik 2020-ci ildən bəri viza sahiblərinin ölkədən çıxışı ilə bağlı statistikanı dərc etmədiyi üçün hansı millətlərin vizanı daha çox pozduğu dəqiq bilinmir. Qeyd olunur ki, bəzi şəxslərin ölkədən çıxışı qeydə alınmadığı üçün onların hələ də ölkədə olub-olmadığını müəyyən etmək çətindir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
0
azertag.az

1Mənbələr