AZ

Deputatın Rusiyadan qovulması: “Səbəbi təhlükəsizlik məsələləri ilə əlaqələndirdilər”

Milli Məclis üzvü Azər Badamovun Rusiyada deportasiya edilməsi zamanı Moskvada onunla birlikdə deputat Elman Nəsirov da olub. O, "Yeni Sabah"ın bu insidentlə bağlı suallarını cavablandırıb.

- TASS "Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına daxil olma qaydası haqqında" Federal Qanununun 26 və 27-ci maddələrini əsas gətirərək, Azər Badamovun deport edilməsində anti-Rusiya məzmunlu bəyanatıları ilə əlaqələndirib. Federal Qanunun 27-ci maddəsinin 2-ci bəndinin 7-ci müddəasına əsasən, deport səbəblərindən biri də XİN tərəfindən şəxsin “arzuolunmaz şəxs” elan edilmədir. Lakin Rusiya XİN Azər Badamovun “persona non-qrata” elan olunmasına dair hansısa bəyanat verməyib.

- Milli Məclisdən mən və Azər Badamov, habelə Abşeron RİH-nin başçısı Abidin Fərzəliyev, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev və digər şəxslər bu səfərdə iştirak edirdilər. Səfər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuşdu. Məqsədimiz Həştərxanda Ulu Öndərin anadan olmasının 102-ci ildönümünü qeyd etmək idi. Moskvanın Şeremetyevo hava limanına daxil olduğumuz ilk saatda heç bir problemlə üz-üzə qalmadıq.

Artıq gözləmə zalında və təxminən 45 dəqiqə sonra Həştərxana uçmalı idik. Bu zaman Rusiya sərhəd xidmətinin 2 əməkdaşı Azər Badamova yaxınlaşdı. Onlar bildirdilər ki, sizinlə bağlı bir məsələyə dair araşdırma aparmaq lazımdır. Dedik, nə araşdırma? Dedilər, Azərbaycana geri qaytarmalıyıq. Onlar səbəbi təhlükəsizlik məsələləri ilə əlaqələndirdilər.

Yarızarafat, yarıciddi soruşduq ki, Azər Badamovun həyatına təhlükə var? Dedilər, yox, onu indi araşdıracağıq və belə bir qərar qəbul edilib. Digər suallarımız isə cavabsız qaldı. Sonra Azər Badamov bildirdi ki, məni artıq geri qaytarırlar və ilk reyslə Bakıya uçuram.

Bu məsələ ilə bağlı səfirimiz Rusiya XİN-ə müraciət etdi. Azərbaycan XİN-in də mövzuya dair məlum açıqlaması var. Ancaq hələ də dəqiq cavab ala bilməmişik.

Bəli, TASS-ın dərc etdiyi xəbərdə Rusiya qanunvericiliyinin bir neçə maddəsi əsas göstərilib. Axı hər kəsə bəllidir ki, diplomatik praktikada bu və ya digər şəxs “arzuolunmaz şəxs” elan edilirsə, bunu XİN elan edir və özünün "qara siyahı"sı olur. Belə “arzuolunmaz şəxs”lərdən biri də Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyev idi.

İndiyə qədər Rusiya XİN-in Azər Badamovu “persona non qrata” elan etməsi ilə bağlı heç bir məlumat yoxdur. Belə olan təqdirdə, məlum davranış anlaşılmazdır. Yəqin ki, bunu biləcəyi təqdirdə Azər Badamov ümumiyyətlə Rusiya ərazisinə daxil olmaq istəməzdi. 

- Şeremyetyevoda saxlanılmasından 10 gün öncə Azər Badamov Rusiyaya səfər edib. Necə olur ki, həmin səfər zamanı ona deport tətbiq edilməyib?

- Azər Badamov təxminən 10 gün əvvəl Dağıstan vilayətində olub. Tədbirdə iştirak edib. Həmin səfər zamanı analoji vəziyyətlə üz-üzə qalmayıb. Əgər o, “arzuolunmaz şəxs” elan edilmişdisə, elə Dağıstanda geri qaytarıla bilərdi.

İndiyə qədər bu sualın konkret cavabını bilmirik. Rusiya XİN-dən bu məsələyə aydınlıq gətirməsini gözləyirik. Axı Azərbaycan-Rusiya münasibətləri strateji xarakter kəsb edir və fundamental məsələlərdə ortaq mövqedən çıxış edirik. Ancaq bu hal çox ciddi araşdırma tələb edir.

- Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin azərbaycanlıları təhqir etməsindən sonra Azər Badamov rusiyalı deputata qarşı sərt mövqe ortaya qoymuşdu. Dəqiq desək, Azər Badamov Valuyevi “neandertalla homo sapiens arasında bir yerdə ilişib qalan məxluq” adlandırmışdı. Sizcə, bu nüans Azər Badamovun deport edilməsinə səbəb ola bilər?

- Heç olmasa bu versiyanın özünü də rəsmi şəkildə eşitmək istərdik. Rəsmi şəkildə bunu deyən yoxdur. Bu, sadəcə bir versiya kimi hallanır. Amma məsələ burasındadır ki, Valuyev bütün Azərbaycan xalqını təhqir etmişdi. Azər Badamov isə konkret olaraq, Valuyevə qarşı kəskin mövqe ifadə etmişdi. Azərbaycanlı deputat rus xalqını təhqir etməyib ki. Fərq bundadır. Heç olmasa bunu səbəb gətirsələr, aydın olar ki, məsələ niyə görə baş verib. Axı bu belə deyilməyib. Ona görə də, yəqin ki, biz bir müddət gözləməli olacağıq ki, əsl motivləri və səbəbləri bilək.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
0
yenisabah.az

1Mənbələr