BAKI, 6 may. TELEQRAF
Mühafizəkarlar koalisiyasının namizədi Fridrix Mertsin Almaniyanın yeni kansleri təyin edilməsi ilə bağlı səsvermənin baş tutmaması səbəbindən Olaf Şolts bir müddət hökumətin başçısı vəzifəsini davam etdirəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.
Nəşr xatırladır ki, dünən Olaf Şolts hökumətlə vidalaşmışdı, çünki bu gün parlament yeni kansleri seçməli idi. Amma Fridrix Merts üçün səsvermə uğursuz olduqdan sonra Şoltsun hakimiyyət dövrü bir qədər uzandı.
Almaniya konstitusiyasının 69-cu maddəsində qeyd olunur ki, federal kansler varisi təyin olunana qədər öz rəsmi vəzifələrini icra etməyə davam edir. Bu səbəbdən Federal Nazirlər Kabinetinin nazirləri də hələlik icra etdikləri vəzifələrində qalacaqlar.
Xatırladaq ki, bu gün Fridrix Mertsin Almaniya kansleri seçilməsi üçün Bundestaqda səsvermənin birinci turu keçirilib. 310 deputat onun lehinə səs verib. Seçilmək üçün 630 deputatdan 316-nın səsi lazım idi. Ölkənin əsas qanununa görə, namizəd birinci turda mütləq səs çoxluğu (50+1) əldə etmədikdə, iki həftə ərzində ikinci tur keçirilir.